“Basatın Təpəgözü öldürməsi” boyu 25 dildə

 

kitabi-dede
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi görkəmli alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin 1815-ci ildə alman dilinə tərcümə edərək çap etdirdiyi “Basatın Təpəgözü öldürməsi” boyunu 25 dilə çevirərək nəşr edib. Kitablarin çapı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə bağlı cari ilin fevralın 20-də imzaladığı xüsusi sərəncama əsasən gerçəkləşib. Məlumdur ki,1815-ci ildə görkəmli alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin Azərbaycanın epik dastanı “Kitabi-Dədə Qorqud”un bir hekayətini alman dilinə tərcümə edərək yazdığı ön sözlə birlikdə Berlində kitab kimi çap etdirib. Yubiley ərəfəsində sərəncamın verilməsi “Kitabi-Dədə Qorqud” dastanının bir daha dünya elminə tanıdılmasına, bir elm kimi qorqudşünaslığın tarixinə yeni işıq salıb.
Sərəncama əsasən qəbul edilmiş tədbirlər planında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Henrix Fridrix fon Ditsin dünya elmi, filologiya və mədəniyyətşünaslığı üçün son dərəcə önəmli olan bu kitabının iyirmi beş dilə tərcümə edilərək nəşr olunması bir layihə kimi nəzərdə tutulmuşdu.
Azərbaycan dili ilə yanaşı, müxtəlif dünya xalqlarının - türk, alman, ingilis, fransız, rus, çin, yapon, hind, ərəb, fars, yunan, yəhudi, macar, italian, ukrayna, həm də Azərbaycanda yaşayan etnik toplumların - xınalıq, tat, kürd, talış, udi, ləzgi, gürcü, erməni dillərində nəşr edilən bu kitablar Azəbaycanın mənəvi dünyasının zənginliklərini göstərməklə yanaşı, eyni zamanda, Azərbaycan multikultural əhvalının bariz göstəricisidir. Layihənin ilk mərhələsində kitabın 25 dildə nəşri nəzərdə tutulur.
İnanırıq ki, bu nəşrlər dünya ictimaiyyəti nümayəndələrinə Azərbaycan xalqının mədəniyyəti, tarixi keçmişi, mifik təfəkkürü haqqında XVIII-XIX əsrlərdə yaşayıb yaratmış görkəmli alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin Azərbaycan xalqının yaratmış olduğu “Kitabi-Dədə Qorqud” dastanının möhtəşəmliyinə verdiyi qiymət və dəyəri çatdıracaq.
Kitaba Henrix Fridrix fon Ditsin yazdığı “Homerinki ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu” adlı ön söz və “Kitabi-Dədə Qorqud” dastanından “Basatın Təpəgözü öldürdüyü boy” daxil edilib. Kitab müxtəlif dillərə həmin dillərin birbaşa daşıyıcıları tərəfindən tərcümə olunub. Layihənin növbəti mərhələlərində bu kitabın ispan, portuqal, indoneziya, holland, polyak, çex, bolqar və başqa dillərdə çap edilməsi nəzərdə tutulur.

Запись “Basatın Təpəgözü öldürməsi” boyu 25 dildə впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.