Braziliyalı tələbə: Azərbaycan çox zəngin tarixə və multikultural dəyərlərə malik ölkədir

Azərbaycana ilk səfərimdir. XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi haqqında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən məlumat aldım. Bundan əvvəl Braziliyadakı Paraiba Universitetində multikulturalizmlə bağlı xüsusi kursların iştirakçısı olmuşam. Bu məktəbin iştirakçısı olmaqdan çox məmnunam. Çünki Azərbaycanın mədəniyyəti haqqında daha çox öyrənmək üçün imkan yaranıb. Bilirəm ki, Azərbaycan çox zəngin tarixə və multikultural dəyərlərə malik bir ölkədir.

Bunu müsahibəsində “Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində” adlı XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin Braziliyadan olan iştirakçısı Hanna Kruz bildirib.

Braziliyalı tələbə qeyd edib ki, layihə çərçivəsində dinlədikləri mühazirələrdə Azərbaycanda yaşayan milli və dini azlıqlar və onlarla bağlı aparılan dövlət siyasəti haqqında maraqlı məlumatlar öyrəniblər.

“Biz Qusar rayonunda olanda ləzgilərin milli adətləri, yaşam tərzləri ilə yaxından tanış olduq. Hətta onların milli mətbəxindən nümunələrin hazırlanmasını izlədik. Etnik azlıqlar hər bir ölkə mədəniyyətinə dəyər qatır. Onları qorumaq, mədəniyyətlərini yaşatmaq olduqca vacibdir. Bu siyasət Azərbaycanda uğurla həyata keçirilir. Burada olduğumuz müddətdə ölkənizdə etnik azlıqlar, müxtəlif dini konfessiyalar, onlar arasında münasibətlərin tənzimlənməsi haqqında çox şey öyrəndik. Azərbaycan haqqında xoş təəssüratlarım yarandı”, - deyə braziliyalı iştirakçı söyləyib.

Xatırladaq ki, “Heydər Əliyev İli”nə həsr olunan XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 26-dək davam edəcək.

XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Türkiyə, Braziliya, Rumıniya, Almaniya, Fələstin, Rusiya, ABŞ, Gürcüstan, Pakistan, İraq, Bolqarıstan, Mozambik, Mərkəzi Afrika Respublikası, Suriya, Şri-Lanka, Çin və Yaponiya kimi ölkələrin aparıcı universitetlərindən tələbələr iştirak edirlər.

Etiketlər