“Azərbaycanın dostlarının sırasında olmağımdan qürur hissi keçirirəm”
AZƏRBAYCANIN GƏNC DOSTLARI KLUBU
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin www.youngfriends.az saytına istinadən Birliyin üzvü İmas Xourin Nisa Fuciati ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini təqdim edir.
“Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən 50-dən çox tələbənin iştirak etdiyi “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə yaradılıb. Birliyin üzvlüyündə Azərbaycan multikulturalizminin ölkəmizə qazandırdığı xarici gənclər və ziyalılar təmsil olunur. Birlik ətrafına Azərbaycansevərləri toplayaraq günü-gündən sıralarını genişləndirir.
İmas Xourin Nisa Fuciati: “Son bir neçə il ərzində Azərbaycana dəfələrlə səfər etmişəm. İnternet vasitəsilə ölkəniz haqqında ilk məlumatları öyrəndiyimdə Azərbaycanın “Odlar ölkəsi” kimi təqdim edilməsi xüsusilə diqqətimi çəkmişdi. Bir də öyrənmişdim ki, Azərbaycan da İndoneziya kimi çoxmillətli və fərqli dini konfessiyaların qardaşcasına bir arada yaşadığı ölkədir. Bu istiqamət məni xüsusilə maraqlandırmışdı. Öncəki səfərlərim qısa sürdüyündən bu məlumatların düzgünlüyünü yoxlamaq şansım olmamışdı. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin keçirdiyi yay məktəbində iştirak etmək fürsəti yarananda çox sevindim. Bu ölkədə qaldığım 10 gün ərzində internetdə öyrəndiyim məlumatlardan daha çoxunu öz gözlərimlə gördüm. Bu müddət ərzində Azərbaycan barədə, bu ölkənin multikultural dəyərləri, tolerantlıq ənənələri haqqında bir ömür unutmayacağım müsbət zəngin təəssüratlara malik oldum.
Qədim Qəbələnin tarixi məkanları, gözəl təbiəti, müasir istirahət mərkəzləri, burada müxtəlif xalqların bir arada dinc yaşaması məni heyran etdi. Qəbələnin Nic qəsəbəsində qədim xalqlardan olan udilərlə tanış olduq. Orada müsəlmanlarla xristianların tolerantlıq şəraitində yaşadığını öyrəndik. Onların bir kənddə əsrlərdir ki, mehriban şəraitdə birgə yaşaması dünyaya nümunədir. Qəsəbədəki Alban xristian kilsəsinin dövlət tərəfindən təmiri və mühafizəsi təqdirəlayiqdir. Eyni zamanda, biz Nic qəsəbəsində udilərin toy mərasimində də iştirak etdik, yerli adət-ənənə ilə tanış olduq. Bu da mənim üçün çox maraqlı idi 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunmasını çox təqdirəlayiq hesab edirəm. İndoneziyada da multikultural dəyərlər mövcuddur. Hər iki ölkənin bu sahədə oxşar cəhətləri çoxdur. Bu ölkəyə dəfələrlə gəlişimdən sonra Azərbaycan multikulturalizmi modeli sözün yaxşı mənasında məni heyrətləndirdi. Çünki Azərbaycanda multikulturalizm təkcə yüzillər ərzində toplanmış birgəyaşama təcrübəsi deyil, həm də ölkə rəhbərliyinin diqqətdə saxladığı, dövlət siyasətinin aparıcı siyasi xətlərindən biridir. Dünyada siyasi gərginliyin artdığı, terror və müharibələrin tüğyan etdiyi bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin multikulturalizm siyasətini prioritet kimi müəyyənləşdirməsini güclü siyasi iradənin və humanizmin təcəssümü kimi qiymətləndirirəm.
Beynəlxalq multikulturalizm məktəbi müddətində bütün mühazirələr xoşuma gəlmişdi. Amma ən çox “Azərbaycanda milli müxtəliflik” və “Terror multikulturalizmə qarşı” mövzusunda mühazirələr yaddaşımda dərin iz buraxıb. Ekskursiyalarımız da unudulmaz idi. Qubadakı dağ yəhudilərin icmasına və Şəkidə Alban kilsəsinə səfərimiz məni mütəəssir etdi.
İndoneziyaya qayıtdıqdan sonra beynəlxalq multikulturalizm məktəbi haqqında fikirlərimi dostlarımla, tanışlarımla, müəllim həmkarlarımla paylaşdım. Azərbaycan multikulturalizmini incəliklərinə qədər öyrəndiyimi hesab edirəm, İndoneziyada məmnuniyyətlə Azərbaycan multikulturalizmini tədris etmək istərdim, özümü buna hazır bilirəm.
“Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi yarananda ilk günlərdən bu ölkənin dostlarının sırasında olmağımdan qürur hissi keçirirəm. Azərbaycan haqqında silsilə məqalələr üzərində işləyirəm və bunları İndoneziya mətbuatında dərc etdirməyi, eləcə də “Azərbaycanın Gənc Dostları” şəbəkəsi vasitəsilə bütün dünyayla paylaşmağı düşünürəm.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını kəskin pisləyirəm. İndiyədək müxtəlif vaxtlarda dostlarım və həmkarlarımla İndoneziyanın paytaxtı Cakarta şəhərində İslam Konfransı Gənclər Forumunun dəstəyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində yürüşlərdə, İndoneziyanın, həmçinin Cənub-Şərqi Asiyanın ən böyük məscidində minlərlə insanın qatıldığı soyqırımı qurbanlarının xatirəsinin anım mərasimində iştirak edərək bununla da ruhən və cismən dost Azərbaycanın yanında olduğumuzu nümayiş etdirmişik.
Bütün bu həqiqətlərə söykənərək gələcəkdə “Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan dövlətinin multikulturalizm yanaşmasının rolu” mövzusunda elmi iş üzərində işləməyi planlaşdırıram”.
Запись “Azərbaycanın dostlarının sırasında olmağımdan qürur hissi keçirirəm” впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.