Yohannes Şnelle : “Azərbaycanın Gənc Dostları Klubu”nun geniş sosial bazası formalaşıb”

 

AZƏRBAYCANIN GƏNC DOSTLARI KLUBU

 

yohannes shnelle - копия

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin www.youngfriends.az saytına istinadən Birliyin üzvü-Almaniyanın Humboldt Universitetinin məzunu  Yohannes Şnellenin ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini təqdim edir.

“Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən 50-dən çox tələbənin qatıldığı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə yaradılıb. Birliyin üzvlüyündə Azərbaycan multikulturalizminin ölkəmizə qazandırdığı xarici gənclər və ziyalılardan ibarət dostlar  təmsil olunur. Birlik ətrafına Azərbaycansevərləri toplayaraq əhatə dairəsini  günü-gündən genişləndirir. Birliyin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi- bütövlükdə haqq işinin dəstəklənməsi və Azərbaycan həqiqətlərinin  beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində yeni  töhfələr verir.

Yohannes Şnelle : “Azərbaycan haqqında qiyabi bildiklərimin əyani təsdiqini tapması üçün beynəlxalq multikulturalizm yay məktəbində iştirakım mənim üçün xüsusi fürsət yaratdı. Bir ölkənin mədəniyyəti, tarixi və adət-ənənələrini yaxından öyrənmək üçün ən yaxşı yol bunu öz gözlərinlə görməkdir. Bu baxımdan Azərbaycanı tanımaq üçün yay məktəbində iştirak etdiyim 10 gün mənim üçün çox əhəmiyyətli oldu və yaddaşımda dərin  izlər buraxdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkə gənclərinin xaricdə intellektual dostlarının çoxalması naminə mütəmadi olaraq yay və qış multikulturalizm məktəblərinin təşkilinə şərait yaratmasını bu ölkənin unikal multikulturalizm modelinin təbliği və təşviqi istiqamətində çox əhəmiyyətli addım olduğu qənaətindəyəm. Bu, çox təsirli və önəmli metoddur. 

Beynəlxalq multikulturalizm yay məktəbi layihəsi müddətində səfərlər və mühazirələrdə Azərbaycanda mövcud olan etnik qruplar, dini konfessiyalar  haqqında öyrənməklə yanaşı mən burda həm də çoxlu maraqlı insanlarla tanış oldum. Yeni dostlarımın sırasında azərbaycanlılar da az deyil. Bir ölkəni onun xalqı vasitəsi ilə tanımaq əvvəlki biliklərinə yeni cizgilər, təzə rənglər qatmaq deməkdir.

Azərbaycanın milli rəngarəngliyi haqqında əsas anlayışım var idi. Səfər zamanı isə bu anlayışların həqiqiliyi bir daha mənim üçün isbatlandı.  Yay məktəbi  müddətində mühazirələr içində mənə ən çox təsir edən Azərbaycan musiqisi haqqında mühazirə olub. Xüsusilə Azərbaycanda rok musiqisinin mövcud olması məni çox təəccübləndirmişdi. Amma görünür ki, bu janr burda və xaricdə layiq olduğu kimi tanınmır.

Burda olduğum müddətdə Bakı şəhərini çox sevdim. Bakı özünəməxsus memarlıq üslubları və dövrlərin təzadlı qarışıqlığı, öz canlı, küləkli küçələri ilə səfərimin ən təsiredici hissəsi olub.

Yay məktəbində diqqətimi çəkən ən maraqlı mühazirə terrorizm və onun multikulturalizm ideyasına qarşı yaratdığı təhlükə haqqında olub. Bildiyimə görə, bu ideya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən gəlib və Mərkəz  “Terror multikulturalizmə qarşı” adlı mühüm bir layihə həyata keçirir. Bu geniş ad altında həyata keçirilən layihə əhəmiyyəti odur ki, gələcəkdə multikulturalizm və terror kimi anlayışları qarşı-qarşıya qoyaraq müxtəlif dövlətlərin öz siyasi yolunu müəyyənləşdirərkən bunların hansına üstünlük verməsi ideyasının aydın şəkildə ortaya çıxmasına imkan verər.

“Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin yaranması özlüyündə çox əhəmiyyətli addımdır və qurumun fəaliyyəti üçün artıq çoxdan geniş sosial baza formalaşıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi mütəmadi yay və qış məktəblərinin  “mənəvi övladı” sayılabiləcək birlik bu gün ətrafında onlarla Azərbaycansevər dostu birləşdirir. Mən də bu dostların sırasında olduğum üçün məmnunam. Düşünürəm ki, Azərbaycan xalqı ölkə ərazisində əsrlərdir mövcudluğunu sürdürən etnik, dini fərqliliyə bəslədiyi şəfqət, sevgi və qayğıya görə, ümumiyyətlə tayı-bərabəri olmayan multikultural dəyərləri, unikal multikulturalizm modeli ilə hər cür hörmətə və məhəbbətə layiqdir. 

Şübhəsiz Azərbaycanın tarixi, dili, mədəniyyəti, eləcə də multikulturalizm modeli haqqında olan biliklərimi və araşdırmalarımı daha da genişləndirməyi, gələcəkdə bu mövzuda  magistr işi üzərində çalışmağı planlaşdırıram”.

 

Запись Yohannes Şnelle : “Azərbaycanın Gənc Dostları Klubu”nun geniş sosial bazası formalaşıb” впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.