Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Bolqarıstan filialı açıldı
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova və həmin ölkədəki Mediatorların Professional Assosiasiyasının sədri, tanınmış hüquqşünas Eliza Nikolova ilə görüş keçirilib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev qonaqları salamlayıb, Mərkəzin fəaliyyəti haqqında məlumat verib. Dövlət müşaviri bildirib ki, yarandığı vaxtdan bəri BBMM çoxsaylı beynəlxalq və regional layihələri həyata keçirir. Akademik hazırda Bolqarıstanın Sofiya Universiteti də daxil olmaqla 20 xarici ölkə, 28 yerli universitetdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğunu bildirib: “ Sevgi və şəfqət hislərinin üzərində bərqərar olan Azərbaycan multikulturalizmini tədris, təbliğ və təşviq edərək biz həm də humanizm prinsiplərinin, ümumbəşəri dəyərlərin yayılmasına çalışırıq. Mərkəz xarici ölkələrdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün mütəmadi olaraq beynəlxalq multikulturalizm yay və qış məktəbləri təşkil edir. Bununla da həmin gənclər nəzəri şəkildə öyrəndikləri Azərbaycan multikulturalizmi ilə əyani şəkildə tanış olmaq imkanı əldə edirlər. Azərbaycanın multikultural dəyərlərini öz gözləri ilə görən xarici tələbələr keçən il təşkil olunan yay məktəbində öz təşəbbüsləri ilə Azərbaycanın Gənc Dostları Klubunu yaradıblar. Bu gün Azərbaycanın həqiqətlərini ölkəmizin dostu olan həmin gənclər müdafiə edirlər.
Hazırda Almaniya, İsrail, Moldova, İtaliya, Portuqaliya və Rusiyada isə artıq iki şəhərdə -Moskva və Yekaterinburqda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialları fəaliyyət göstərir. Biz çox şadıq ki, bu gün Multikulturalizm Mərkəzinin sayca səkkizinci –Bolqarıstan filialının açılması ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanır. Bu işdə Azərbaycanın multikultural dəyərlərinə və bu istiqamətdə həyata keçirdiyi layihələrə dərindən bələd olan, Mərkəzin Bolqarıstan filialının rəhbəri Eliza Nikolovaya uğurlar arzulayıram”.
Dövlət müşaviri çıxışında Azərbaycan və Bolqarıstan münasibətlərinin fəallaşmasında səfir Maya Xristovanın fəaliyyətinin əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
Səfir Maya Xristova bu yaxınlarda Bolqarıstanın qədim Veliko-Tırnova şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpa olunmasına göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib: “Bu, bizim üçün böyük jestdir, mühüm əhəmiyyət kəsb edən məsələdir, Keçirdiyimiz hissləri sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Bu, sidq- ürəklə görülmüş işə görə mən Azərbaycan xalqına və şəxsən Mehriban Əliyevaya bolqar xalqının böyük sevgisini çatdırıram”.
Sonra Mərkəzin icraçı direktoru Azad Məmmədovla Eliza Nikolova arasında Azərbaycan multikulturalizmi və tolerantlığının təbliği istiqamətində birgə fəaliyyət göstərmək, müştərək layihələrin icrasını təmin etmək, BBMM-nin mənafelərini təmsil və müdafiə edən Bolqarıstan filialının fəaliyyətini təmin etmək məqsədi ilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Eliza Nikolova BBMM-in Bolqarıstan filialına rəhbərlik etməyin məsuliyyətli və şərəfli iş olduğunu qeyd edib. O bildirib ki, rəhbərlik etdiyi filial Azərbaycanın və Bolqarıstanın milli tarixinin və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlər, multikulturalizm və tolerantlıqla bağlı konfranslar, seminarlar, dəyirmi masalar və disputların təşkilini təmin edəcək.
Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Bolqarıstan filialı açıldı впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.