Multikulturalizm məktəbinin iştirakçıları müxtəliflik və konstitusiya ilə bağlı mühazirə dinləyiblər

XVI Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları “Müxtəliflik və Konstitusiya Azərbaycanın multikultural cəmiyyətinin inkişafının aspektləri kimi” mövzusunda mühazirə dinləyiblər.  Mühazirəni Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın  hüquqşünası, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Esmira Tağıyeva təqdim edib. O çıxışında Azərbaycan Respublikasının multikultural siyasətində Ali hüquqi qüvvəli aktı olan Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddələrinə istinadla multikulturalizm siyasətinin həyata keçirilməsində dünya ölkələri ilə fərqləri vurğulamaqla, dövlətimizin həyata keçirdiyi düzgün siyasət nəticəsində bu sahədə əldə olunmuş uğurlara diqqət çəkib. 
Bildirib ki, etnomədəni müxtəliflik cəmiyyətin sosial, mədəni və iqtisadi strukturunu formalaşdıran əsas amillərdəndir. Bu müxtəliflik, hər bir dövlətin tarixindən, coğrafiyasından, dövlət quruluşundan, daxili və xarici siyasətindən qaynaqlanır. Azərbaycan çoxsaylı etnik və dini qrupların bir arada yaşadığı çoxmədəniyyətli bir ölkə olaraq, etnomədəni müxtəlifliyi özünün zəngin sosial bazasının əsas hissəsi hesab edir.  O vurğulayıb ki, tarixi prosesdə formalaşan etnomədəni müxtəliflik və onun əsasını təşkil edən etnomədəni dəyərlər dövlət tərəfindən tənzimlənməyəndə və ya düzgün tənzimlənməyəndə ciddi problemlər yaranır, hətta münaqişələrə səbəb olur. Ona görə də etnomədəni müxtəlifliyin düzgün tənzimlənməsi hər bir multikultural dövlət üçün böyük əhəmiyyət kəsb edir. Bunun üçün ən mühüm addım etnomədəni müxtəlifliyin hüquqi təminatlara əsaslanması, yəni dövlətin konstitusiyasında və qanunvericiliyində etnik və mədəni azlıqların bərabər hüquqlarının tanınması, onların mədəniyyətlərinin qorunması və inkişaf etdirilməsi üçün şəraitin yaradılmasıdır. Azərbaycanın müstəqilliyinin bərpa olunmasının ilk illərində etnik və mədəni azlıqların hüquqlarının qorunması istiqamətində mühüm işlər görüldü. Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə müxtəlif etnik azlıqların və dini icmaların bir arada yaşaması və bərabər hüquqlara malik olması məqsədilə vacib hüquqi və sosial addımlar atıldı. Bu addımlardan ən önəmlisi 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunması idi. Konstitusiyanın qəbulu ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Esmira tağıyeva qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının etnomədəni müxtəlifliyi qorumaqla bağlı müddəaları yalnız hüquqi təminatlar təqdim etmir, həm də bunun praktiki tətbiqini həyata keçirəcək mexanizmləri təsbit edir. Konstitusiya Azərbaycanın suverenliyinin təmin olunmasında əsas hüquqi bazadır, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təmin edilməsinin təməlidir. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
O diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətini uğurla davam etdirir, Azərbaycanda etnik və dini müxtəlifliyin qorunmasına xüsusi önəm verir. 
Bildirib ki, Azərbaycan Respublikası qanunvericiliyinin hüquqi bazası rolunu oynayan Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu Sərəncam ölkənin müstəqilliyi və suverenliyinin qorunmasının, habelə Konstitusiyanın tətbiqinin vacibliyini vurğulayan mühüm bir addımdır. Çünki Konstitusiya Azərbaycanın suverenliyinin təmin olunmasında əsas hüquqi bazadır, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təmin edilməsinin təməlidir. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Esmira Tağıyeva əməkdaşı olduğu AZƏRTAC-ın fəaliyyətinə də toxunub.  Azərbaycan multikulturalizm siyasətinin dünyada təbliğ olunmasında, bu istiqamətdə xəbərlərin 8 dildə dünya ictimaiyyətinə çatdırılmasında agentliyin oynadığı roldan danışıb. 
Mühazirə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, interaktiv müzakirələr aparılıb. 
Sonda suallar cavablandırılıb. 
Qeyd edək ki, martın 10-dək davam edəcək XVI Beynəlxalq Multikulturalizm Məktəbində 21 ölkədən 25 tələbə iştirak edir. İştirakçılar müxtəlif mövzularda mühazirələr dinləyirlər, “Öz xalqını təqdim et” musiqili axşamlar da təşkil olunur. Burada iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat verirlər.
Qonaqlar həmçinin Heydər məscidində, Rus Provaslav Kilsəsində, Dağ Yəhudiləri Sinaqoqunda, Müqəddəs Məryəm Katolik kilsəsində də olacaqlar.
Sonra iştirakçıların BBMM-in Himayəçilik Şurasının sədri akademik Kamal Abdullayev, BBMM-in icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ilə görüşü planlaşdırılır.

Etiketlər