Azərbaycan  Respublikasında  irqçilik və ayrı-seçkiliklə mübarizəyə dair arayış

Azərbaycan  Respublikasında  irqçilik və ayrı-seçkiliklə mübarizəyə dair

ARAYIŞ

I. Ümumi məlumat

Azərbaycan Respublikasında etnik-mədəni müxtəlifliyin qorunması sahəsində həyata keçirilən dövlət siyasəti Azərbaycan xalqının çoxəsrlik tolerantlıq ənənələrinə və zəngin multikultural dəyərlərinə,  demokratik prinsiplərə, plüralizmə, fundamental insan haqlarına, beynəlxalq hüquq normalarına əsaslanır.

Azərbaycan hökuməti insan haqları, o cümlədən  milli azlıqların müdafiəsi sahəsində nüfuzlu beynəlxalq təşkilatlarla (BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və s.) işgüzar əməkdaşlıq əlaqələrinə malikdir. Respublika insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı bir çox beynəlxalq hüquqi sənədlərə qoşulmuşdur. Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası” hökumət tərəfindən 1995-ci il fevralın 1-də imzalanmış və 2000-ci il 16 iyun tarixli Qanunla ratifikasiya edilmişdir.

Azərbaycan Respublikası 31 may 1996-cı il tarixində Birləşmiş Millətlər Təşkilatının “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında”, “Aparteid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında”, “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” beynəlxalq konvensiyalarına, 25 dekabr 2001-ci ildə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuşdur.

Azərbaycan Respublikası 26 noyabr 2009-cu il tarixli Qanunla UNESCO-nun “Mədəni ozünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair” Konvensiyasına qoşulmuş, Konvensiya Azərbaycanda 2010-cu il may ayının 15-dən etibarən qüvvəyə minmişdir. 

Postsovet məkanında ilk dəfə olaraq “Azərbaycan Respublikasında  yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Fərmanı imzalanmışdır.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiqlənmiş “İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda, o cümlədən dövlət başçısının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda etnik azlıqların mədəni irsinin qorunması və inkişafı hökumətin fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulmuşdur.

 

II. İrqçilik və ayrı-seçkiliklə mübarizə üzrə qanunvericilik bazası

 

Azərbaycan Respublikasında 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya və digər normativ-hüquqi aktlara görə, ayrı-seçkiliyin bütün formaları qadağandır və hüquqi məsuliyyətə səbəb olur.   

Konstitusiyanın 25-ci maddəsində ("Bərabərlik hüququ") "dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir". Həmin maddədə göstərilir ki, "insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır".

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü və 41-ci maddələrinə əsasən,  kütləvi informasiya vasitələrində irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik formalarının təbliği, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınması qadağandır.

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliği, irqi, dini və ya etnik düşmənçiliyin salınması məqsədilə siyasi partiyaların təsis edilməsinə və fəaliyyətinə yol verilmir.

“Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözümsüzlüyü təbliğ etmək, vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.

Etnik azlıqların müdafiəsi sahəsində. Azərbaycan Respublikasının Konstitusiyasında etnik azlıqların müdafiəsinin təmin edilməsində ən zəruri prinsiplərdən olan milli mənsubiyyət və dil hüququ (44-cü maddə. "Milli mənsubiyyət hüququ" - "Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz" və 45-ci maddə. "Ana dilindən istifadə hüququ" - "Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz") təsbit edilmişdir.

            Azərbaycan Respublikasında yaşayan etnik azlıqların mədəniyyət və yaradıcılıq hüquqları “Mədəniyyət haqqında” Qanunda təsbit olunmuşdur. Həmin Qanunun “Hüquq və azadlıqların təminatı” adlı 6-cı maddəsinin 6.2.-ci bəndinə əsasən, dövlət cinsindən, irqindən, dilindən, dini və siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, sosial mənşəyindən, sağlamlıq imkanlarından, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxsin mədəniyyət sahəsində öz hüquq və azadlıqlarını həyata keçirməsinə təminat verir. Eyni maddənin 6.3.-cü bəndinin  6.3.1. və 6.3.2.-ci alt bəndlərinə görə, mədəniyyət sahəsində dövlət tərəfindən bu bərabərliklər təmin edilir: dövlətin ərazisində yaşayan xalqların, milli azlıqların mədəniyyətlərinin, hüquq və azadlıqlarının bərabərliyi; dövlətin ərazisində yaşayan xalqların, milli azlıqların öz mədəniyyətlərini qorumaq, öz mədəniyyət kimliklərini müəyyən etmək, mədəni sərvətlərini bərpa etmək, gücləndirmək və inkişaf etdirmək bərabərliyi.

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununun 7 və 8-ci  maddələri hər kəsə mədəniyyət kimliyini və ona uyğun həyat tərzini müəyyən etmək,  öz milli mədəni özünəməxsusluğunu qoruyub saxlamaq, mənəvi, estetik və digər dəyərlərini sərbəst seçmək, mədəniyyət cəmiyyətlərinə öz mədəni özünəməxsusluğunu təbliğ etmək və inkişaf etdirmək, öz tarixi mədəniyyət məkanlarını bərpa etmək hüququ tanıyır. Həmin Qanunun “Mədəni özünəməxsusluq hüququ” adlı 8-ci maddəsinin 8.3.-cü bəndində vurğulanır ki, dövlət istənilən mədəniyyət cəmiyyətinin özünəməxsusluğunun qorunmasına və inkişafına dəstək göstərir.  

Azərbaycan Respublikasında etnik azlıqların ana dillərində təhsil almaq hüququ “Təhsil haqqında” Qanunda təsbit olunmuşdur. Həmin qanunun “Təhsil hüququna dövlət təminatı” adlı 5-ci maddəsinin 5.2.-ci bəndində deyilir: “Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir”. Qanunun “Tədris dili” adlı maddəsinin 7.2.-ci bəndində vətəndaşların istədikləri dillərdə təhsil almaq hüququna malik olduqları təsbit edilir: “Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla  qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər”.

 

Din sahəsində. Azərbaycan Respublikasında dövlət-din münasibətləri dünyəvi dəyərlərə, dini etiqad və vicdan azadlığı prinsiplərinə əsaslanır.

Azərbaycan Respublikası Konstitusiyanın 18-ci maddəsi dövlət-din münasibətlərinin bünövrəsini və hüquqi vəziyyətini müəyyən edən əsas normadır. Burada dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabərliyi göstərilir. Bu müddəa ilə dövlət dinlərə münasibətdə Konstitusiya səviyyəsində özünün ali niyyətini bəyan edir.

Konstitusiyanın 48-ci maddəsində hər kəsin vicdan azadlığının olduğu, dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ təsbit edilmişdir. Həmin maddəyə əsasən, heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz”.

Azərbaycanda din sahəsində əsas normativ hüquqi akt – “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu 20 avqust 1992-ci ildə qəbul olunmuşdur. Bu qanun Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq surətdə dini etiqad azadlığını təmin edir, dini qurumların statusu, hüquq və vəzifələrini müəyyənləşdirir, dini qurumların fəaliyyəti ilə bağlı yaranan münasibətləri tənzimləyir.

 “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dini mənsubiyyətindən asılı olmayaraq, şəxslərin hüquq bərabərliyi qanunun 4-cü maddəsi ilə tənzimlənir. Burada qeyd olunur ki, “hər kəs dini mənsubiyyətindən asılı olmayaraq, qanun və məhkəmə qarşısında bərabərdir. Şəxsin dini mənsubiyyətinin rəsmi sənədlərdə göstərilməsinə yalnız onun arzusu ilə yol verilir. Öz dini əqidəsinə görə heç kəs qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edə və ya boyun qaçıra bilməz. Bir vəzifənin icrasının dini əqidəyə görə digər vəzifənin icrası ilə əvəz edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yol verilir”.

İrqçiliyə və ayrı-seçkiliyə görə hüquqi məsuliyyət. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində milli, irqi, sosial və ya dini nifrətin salınmasına, böhtan və təhqirə görə hüquqi məsuliyyət nəzərdə tutan bir çox müddəalar mövcuddur (Cinayət Məcəlləsinin 104, 147, 148, 283-cü maddələri).

Cinayət Məcəlləsinin 283-cü maddəsinə əsasən, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması cinayət hesab olunur və milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə, milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və mütəşəkkil dəstə tərəfindən törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

III. Həyata keçirilən tədbirlər

Etnik azlıqlarla iş sahəsində. Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) yaradılmışdır. Hazırda BBMM etnik və dini azlıqların nümayəndələrinin dialoq və fikir mübadiləsi platformasına çevrilmişdir. Bu qurumun nəzdində etnik və dini azlıq təşkilatlarının, ictimai birliklərinin, mədəniyyət mərkəzlərinin təmsil olunduğu Koordinasiya Şurası fəaliyyət göstərir. Bununla yanaşı, Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına BBMM-nin xətti ilə ölkədə yaşayan etnik azlıqların özünəməxsus mədəniyyətlərinin təbliği sahəsində çoxşaxəli layihələr həyata keçirilir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun nəzdində etnik azlıqların dilini, mədəniyyətini, tarixini, etnoqrafiyasını öyrənən və tədqiq edən Beynəlxalq münasibətlər və insan hüquqları şöbəsi yaradılmışdır. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində milli azlıqların və kiçik etnik qrupların öyrənilməsi istiqamətində fəaliyyət göstərən Etnososioloji tədqiqatlar şöbəsi mövcuddur.

Azərbaycanda yaşayan etnik azlıqların – ləzgilərin, talışların, udilərin, almanların, rusların, yəhudilərin, ingiloyların, tatların, xınalıqların və s. tarixi-mədəni və etnoqrafik irsi ilə bağlı monoqrafiyalar, elmi-kütləvi əsərlər çap edilmişdir. Onların dillərində müntəzəm olaraq poeziya və nəsr topluları, folklor nümunələri, lüğətlər nəşr edilib yayılır və bu iş davam etdirilməkdədir.

Hazırda ölkədə etnik azlıqların 50-dən çox ictimai-mədəni təşkilatları rəsmi qeydiyyatdan keçmişdir.

Azərbaycan Dövlət Radiosunda rus, ləzgi, kürd, talış, gürcü və erməni dillərində müntəzəm radio verilişləri yayımlanır, onların dillərində 15-dən çox qəzet və jurnal nəşr olunur, etnik azlıqların kompakt yaşadığı bölgələrdə 5 regional teleradio kanalları fəaliyyət göstərir.

Bakıda S.Vurğun adına Rus Dövlət Dram Teatrı ilə yanaşı, respublikanın bir çox aparıcı teatrlarında rus truppaları, Lənkəranda Dövlət Dram Teatrı, Qusarda Ləzgi Dövlət Dram Teatrı, Qaxda Gürcü Dövlət Teatrı, o cümlədən Bakı şəhərində və Azərbaycanın bir sıra bölgələrində milli azlıqların 40-dan çox musiqi və folklor kollektivləri fəaliyyət göstərir.  Azlıqların kompakt yaşadığı bölgələrdə - Quba, Lənkəran və Şəki şəhərlərində Azərbaycan Yazıçılar Birliyinin filialları yaradılmışdır.

Hazırda Azərbaycanda təlim yalnız rus dilində olan 16 və təlim yalnız gürcü dilində olan 6 orta ümumtəhsil məktəbi, 345 beynəlmiləl orta məktəb (Azərbaycan-rus, Azərbaycan-gürcü, Azərbaycan-rus-gürcü dillərində) fəaliyyət göstərir.

Etnik azlıqların sıx yaşadıqları bölgələrin orta məktəblərində (ibtidai siniflərdə) ana dili dərslərinin tədrisi (avar, kürd, ləzgi, talış, saxur, tat, udi, xınalıq, ivrit dillərində) təşkil olunmuşdur. Həmçinin etnik azlıqların dillərində (rus, avar, talış, kürd, ləzgi, saxur, tat, udi, xınalıq və s.) dövlət vəsaiti hesabına əlifbalar, tədris proqramları və digər dərsliklər, məktəbli lüğətləri çap olunur və bu iş mütəmadi olaraq davam etdirilir.

2022-ci ilin məlumatına əsasən ləzgi dili 105, talış dili 251, avar dili 19, saxur dili 3, udi dili 3, kürd 1, xınalıq 1 və ivrit dili isə 2 məktəbdə tədris edilir.

Təhsil Nazirliyində milli azlıqların dillərində dərs vəsaitləri və proqramlarının hazırlanması və nəşri üzrə Şura fəaliyyət göstərir. Eyni zamanda, milli azlıqların dillərində kurikulum, dərslik, lüğət, tədris və digər materialların hazırlanması və nəşri ilə bağlı fəaliyyətin əlaqələndirilməsi məqsədilə 1999-cu ildə Pedaqoji Elmlər Elmi-Tədqiqat İnstitutunda “Milli azlıqların dillərinin tədrisi metodologiyası” adlı şöbə təsis edilmişdir.  

2003-cü ildə Bakıda yəhudi dilini (ivrit), tarixi və mədəniyyətini tədris edən özəl yəhudi orta məktəbi açılmış, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ivrit dilinin tədrisi təşkil edilmişdir. 2010-cu ilin oktyabrında Bakıda yəhudi uşaqlar üçün Heydər Əliyev fondu və “Or-Avner” fondu tərəfindən inşa edilmiş “Xabad Or-Avner” yəhudi təhsil kompleksi istifadəyə verilmışdır. Yəhudi dilinin, mədəniyyətinin, tarixinin tədrisi məqsədilə inşa edilən bu təhsil müəssisəsi bütövlükdə Qafqazda və Xəzəryanı bölgədə yaşayan yəhudilər üçün mədəni mərkəz rolu oynayır.

Bakıda zəngin elmi-pedaqoji ənənələri olan Bakı Slavyan Universiteti, o cümlədən ölkənin bütün ali məktəblərində rus bölmələri fəaliyyət göstərir. Bakı Slavyan Universitetinin nəzdində ukrayna dilini öyrədən Bazar günü məktəbi, Qafqaz xalqlarının dillərini və mədəniyyətini öyrənən cəmiyyət mövcuddur.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən ənənəvi olaraq azlıqların milli-dini bayram və  mərasimləri münasibətilə təbrik məktubları imzalanır.

Hər il Azərbaycanda etnik azlıqların milli və dini bayramları qeyd edilir, çoxsaylı konfrans və dəyirmi masalar, təqdimat mərasimləri, poeziya və musiqi gecələri, konsert-folklor proqramları və digər ictimai-mədəni tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan-doğma diyar” devizi altında milli azlıqların incəsənətinə həsr olunmuş ənənəvi musiqi festivalları, qala konsertlər, etnoqrafik sərgilər və digər tədbirlər təşkil edilir.

Azərbaycan Respublikasında etnik azlıqların ictimai-mədəni təşkilatları Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi müvafiq qrant layihələri ilə müraciət edərək maliyyə yardımı almaq imkanına malikdir. Agentlik Bakı Beynəlxalq Mültikulturalizm Mərkəzi ilə birgə etnik azlıqlarla bağlı müxtəlif mövzuları əhatə edən qrant müsabiqəsi həyata keçirir.

Son üç ildə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəsaiti (ümumilikdə155900 manat vəsait ayrılmışdır) ilə Bakıda və ölkənin digər şəhərlərində, o cümlədən etnik azlıqların kompakt yaşadığı rayonlarda tolerantlığın və multikultural dəyərlərin təbliği və təşviqi, etnik azlıqların dil və mədəniyyətinin, mənəvi-mədəni irsinin qorunması istiqamətində 20 qrant layihəsi həyata keçirilmişdir. Layihələr çərçivəsində müxtəlif sorğular, tarixi-mədəni abidələrə ziyarətlər təşkil edilmiş, buklet və kitablar nəşr olunmuş, sənədli filmlər, televiziya proqramları hazırlanmış, internet sayt yaradılmış, KİV-də maarifləndirici materiallar dərc olunmuşdur.

Dini azlıqlarla iş sahəsində. Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə xristianlar, yəhudilər və digər dini etiqadların mənsubları təşkil edirlər.

Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 995 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 957-i İslam, 38-i isə qeyri-islam (xristian – 27; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. Azərbaycanda 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

Azərbaycan hökuməti din sahəsində həyata keçirdiyi siyasətində etnik azlıqların dini tələbatlarının təminatı məsələsini daim diqqət mərkəzində saxlayır. Bakıda və ölkənin digər şəhər və qəsəbələrində, o cümlədən milli azlıqların kompakt yaşadıqları cənub və şimal bölgələrində bir çox tarixi-dini abidələrdə dövlətin və xeyriyyəçilərin vəsaiti hesabına təmir-bərpa işləri aparılmış, eyni zamanda yeni məscid, kilsə və sinaqoqlar tikilib istifadəyə verilmişdir.

Sovet dövründə təyinatı üzrə istifadə edilməyən “Jen Mironosets” məbədi Rus Ortodoks  Kilsəsinə qaytarılmış və məbəd azərbaycanlı iş adamının vəsaiti hesabına əsaslı şəkildə təmir edilmişdir.

Bakının mərkəzində Roma-katolik kilsəsi inşa olunmuş və 2008-ci ilin martında onun rəsmi açılış mərasimi keçirilmişdir.

15 noyabr 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı və Azərbaycan Yeparxiyasının  Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı olmuşdur.

Bakıdakı tarixi Lüteran kilsəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təmir edilərək 2010-cu ilin dekabrında istifadəyə verilmiş və kilsədə lüteran dini icmasının dini ibadət və mərasimlər keçirməsinə lazımi şərait yaradılmışdır. Bölgələrdə də iki tarixi alman-lüteran kilsəsi əsaslı şəkildə bərpa və təmir edilmişdir.

Bakı şəhərinin mərkəzində erməni-qriqorian kilsəsi və kilsəyə məxsus kitabxana dövlət tərəfindən qorunub saxlanmaqdadır.

   Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və dəstəyi ilə Avropa və dağ yəhudiləri üçün müvafiq olaraq 2002-ci və 2011-ci ildə Bakı şəhərinin mərkəzində memarlıq xüsusiyyətləri və böyüklüyünə görə təkcə Azərbaycanda deyil, bütün Qafqazda digər yəhudi məbədlərindən fərqlənən 2 yeni sinaqoq inşa edilmiş, 2010-cu ildə Quba rayonunun Qırmızı Qəsəbəsində və Oğuz rayonunda fəaliyyət göstərən sinaqoqlar əsaslı təmirdən sonra dindarların istifadəsinə verilmişdir.

  2011-ci ilin iyununda Qax rayonunda gürcü pravoslav məbədi olan Müqəddəs Nino kilsəsinin təmirdən sonra açılış mərasimi keçirilmiş, Qəbələ rayonunun Nic qəsəbəsindəki “Çotari” kilsəsi təmir edilmiş, eləcə də həmin qəsəbədə Heydər Əliyev Fondu tərəfindən Müqəddəs Məryəm Ana Alban kilsəsi bərpa edilərək istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2011-ci ildən etibarən dövlət büdcəsindən dini qurumlara, o cümlədən xristian (pravoslav, katolik, müxtəlif protestant icmalar), yəhudi, bəhai və Bakı Krişna Şüuru dini icmalarına maliyyə yardımı ayrılır. Eyni zamanda, ölkədə müsəlman dini ibadət yerləri ilə yanaşı, kilsələr, sinaqoqlar, molokan və protestant dua evləri dövlət tərəfindən pulsuz təbii qazla təmin olunur.

16 noyabr 2024-cü ildə Bakıda Tolerantlıq Evinin açılışı olub.

Beynəlxalq tədbirlər. Dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı və təşviqində fəal iştirak edən Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. 2008-ci ilin dekabrında Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusundakı konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Bakı Prosesi”nin əsası qoyulmuşdur.  

“Bakı Prosesi” çərçivəsində 2011, 2013, 2015, 2017, 2019 və 2024-cü illərdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir.  1-3 may 2024-cü ildə Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də Dini liderlərin Bakı görüşü təşkil olunmuşdur.

Bakı şəhərində 2010 və 2019-cu illərdə Dünya Dini Liderlərinin Sammiti, 2011, 2012, 2013, 2014, 2016 və 2018-ci illərdə Bakı Beynəlxalq Humanitar Forumu, 2016-cı ildə isə Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə martın 15-ni “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” kimi qəbul etməsinin ildönümü münasibəti ilə Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilmişfir. Beynəlxalq konfrans 2023-cü ilin mart ayının 15-i və 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.    

Azərbaycanda fəaliyyət göstərən dini qurumların birgə təşkilatçılığı ilə 8 mart 2024-cü ildə “Dinlərarası harmoniya” festivalı keçirilmişdir.

8-9 mart 2024-cü ildə Bakıda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM), G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

5-6 noyabr 2024-cü ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya Dini Liderlərinin Qlobal Bakı Sammiti keçirilmişdir. 

Yekun

Azərbaycan hökuməti irqçilik və ayrı-seçkilik ilə mübarizədə beynəlxalq hüquqi normaların və milli qanunvericiliyin tələblərini gözləməklə, cəmiyyətdə demokratik birgəyaşayışın, etnik-dini dözümlülüyün və multikultural dəyərlərin təbliği və təşviqini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul edir, bu sahədə məqsədyönlü və çoxşaxəli fəaliyyət göstərir. Məhz bu siyasət sayəsində Azərbaycan dünyada tolerantlıq və multikulturalizm məkanı kimi tanınır.

Etiketlər