Azərbaycan Respublikasında milli azlıqların müdafiəsi, dil və mədəniyyətinin inkişafı sahəsində həyata keçirilən tədbirlər haqqında

2009-cu il əhalinin siyahıyaalınmasına görə, Azərbaycan Respublikasında  əhalinin  8,4 %-ni milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələri təşkil edir.

Tarixən  Azərbaycanın etnik coğrafiyası rəngarəng olmuş və tarixin heç bir mərhələsində Azərbaycanda sayının azlığından-çoxluğundan asılı olmayaraq, milli azlıqlara qarşı diskriminasiya və etnik-dini ayrı-seçkilik faktı qeydə alınmamışdır.

Azərbaycan Respublikasında yaşayan milli azlıqların hüquq və azadlıqları ölkə Konstitusiyasının (1995-ci il, 12 noyabr) aşağıdakı maddələri (“Dövlət dili” Maddə 21, bənd 2; “Bərabərlik hüququ” Maddə 25, bənd 3; “Milli mənsubiyyət hüququ” Maddə 44, bəndlər 1, 2; “Ana dilindən istifadə hüququ” Maddə 45, bəndlər 1, 2;) və digər normativ hüquqi aktlarla qorunur.

Konstitusiyanın 21-ci maddəsinə uyğun olaraq, dövlət əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.

Konstitusiyanın 25-ci maddəsində ("Bərabərlik hüququ") "dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir".

Həmin maddədə göstərilir ki, "insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır".

Milli azlıqların müdafiəsinin təmin edilməsində ən zəruri prinsiplərdən olan milli mənsubiyyət və dil hüququ Azərbaycan Konstitusiyasında birmənalı şəkildə təsbit edilmişdir. 44-cü maddədə ("Milli mənsubiyyət hüququ") göstərilir ki, "Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz". 45-ci - "Ana dilindən istifadə hüququ" maddəsində deyilir: "Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz".

Azərbaycan hökuməti insan haqları, o cümlədən  milli azlıqların müdafiəsi sahəsində nüfuzlu beynəlxalq təşkilatlarla (BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və s.) işgüzar əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycan  Respublikası insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı bir çox beynəlxalq sənədlərə, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”na, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya”ya, 2000-ci il 16 iyun tarixli Qanunla Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”na qoşulmuşdur.  

2009-cu il 26 noyabr tarixli Qanunla UNESKO-nun “Mədəni ozünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair” Konvensiyası Azərbaycanda 2010-cu il may ayının 15-dən etibarən qüvvəyə minmişdir. 

Azərbaycan hökuməti “Regional dillər və azlıqların dilləri haqqında Avropa Xartiyası”nı 21 dekabr 2001-ci ildə imzalamış, lakin ratifikasiya etməmişdir.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə qəbul edilmiş “İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda, o cümlədən dövlət başçısının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda milli azlıqların mədəni irsinin qorunması və inkişafı hökumətin fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulmuşdur.

Postsovet məkanında ilk dəfə olaraq “Azərbaycan Respublikasında  yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Fərmanı imzalanmış və uğurla icra edilmişdir.

Ermənistanın hərbi təcavüzü, bir milyondan çox qaçqın, ölkə ərazisinin 20%-nin Ermənistan tərəfindən işğalı, çətin müharibə şəraiti çoxsaylı problemlər doğursa da, müstəqilliyin ötən dövrü ərzində Azərbaycan dövləti ardıcıl milli siyasət xətti yeritmiş, milli azlıqların hüquq və azadlıqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə etmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının 2004-2008-ci, 2009-2013-cü, 2014-2018-ci və 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında milli azlıqların da kompakt yaşadığı regionlarda hökumətin növbəti mərhələdə fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.

Eyni zamanda, “Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı” (14 sentyabr 2005-ci il), “Azərbaycan Respublikasının Şəki şəhərinin, Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər  haqqında” (1 iyun 2006-cı il), “Azərbaycan Respublikası regionlarının, o cümlədən Quba, Qusar, Xaçmaz, Siyəzən və Dəvəçi rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında” (3 avqust 2005-ci il) Prezident sərəncamları imzalanmışdır. Bu sərəncamlara əsasən, milli azlıqların kompakt yaşadıqları cənub, şimal-qərb və şimal bölgələrində sosial-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə, ekologiya və s. sahələrdə böyük layihələr həyata keçirilmişdir.

Bu proqramlara əsasən milli azlıqların kompakt yaşadığı bölgələrdə yüzlərlə yeni məktəblər, xəstəxana və diaqnostika mərkəzləri, idman-sağlamlıq kompleksləri, turizm-istirahət ocaqları, sənaye-istehsal müəssisələri və s. tikilib istifadəyə verilmiş, geniş abadlıq və bərpa işləri görülmüşdür. Hazırda bu proses ardıcıl olaraq davam etdirilməkdədir.

Nəzərdə tutulmuş layihə və proqramlar dövlət büdcəsinin, o cümlədən dövlət kredit təşkilatlarının və bir sıra beynəlxalq maliyyə qurumlarının vəsaiti hesabına icra olunur. Təkcə İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2003-cü ildən etibarən, milli azlıqların kompakt yaşadıqları Lənkəran, Şəki-Zaqatala, Quba-Xaçmaz və Dağlıq Şirvan iqtisadi rayonları üzrə minlərlə yerli sahibkarlıq subyektinə yuz milyonlarla manat məbləğində güzəştli kreditlər ayrılır. Bu vəsaitlərin böyük əksəriyyəti müxtəlif səpkili infrastruktur layihələrinin icrasına yönəldilmiş, yerlərdə minlərlə yeni iş yerləri açılmışdır. Qeyd etmək lazımdır ki, adı çəkilən iqtisadi rayonlar Azərbaycanda yaşayan bütün milli azlıqların (ləzgi, talış, avar, saxur, rus, gürcü, kürd, Axıska türkləri, udin, yəhudi, tat, lahıc və s.) rəngarəng spektrini əhatə edir.

Milli azlıqlar Azərbaycan Respublikasının mərkəzi idarəetmə və icra strukturlarında, Parlamentdə, hüquq-mühafizə sistemində kifayət qədər geniş təmsil olunurlar. Dövlət strukturlarında milli azlıqların nümayəndələri birinci və ya ikinci şəxslər, idarə rəisləri, şöbə müdirləri, rayon icra hakimiyyəti başçıları və müavinləri və s. kimi çoxşaxəli rəsmi vəzifələrdə çalışırlar. Eyni zamanda, azlıqların kompakt yaşadığı bölgələrin dövlət strukturlarında və yerli özünüidarəetmə orqanlarında milli azlıqların təmsilçiləri mütləq əksəriyyət təşkil edirlər.

 Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, vətəndaşların şəxsiyyət vəsiqəsində milli mənsubiyyət göstərilmədiyinə görə azlıqların dövlət strukturlaında təmsilçiliyini əks etdirən  rəsmi  statistika aparılmır.

Hazırda ölkədə milli azlıqların məsələləri ilə məşğul olan 50-dək QHT, milli mədəniyyət mərkəzləri,  ictimai birliklər və cəmiyyətlər fəaliyyət göstərir. 

2007-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılmışdır. Ölkədə fəaliyyət göstərən QHT-lər, o cümlədən azlıqların milli-mədəni təşkilatları bu Şuraya müvafiq qrant layihələri ilə müraciət edərək maliyyə yardımları almaq imkanına malikdir.

Azərbaycan radiosunda kürd, ləzgi, talış, gürcü, rus, erməni dillərində dövlət büdcəsindən maliyyələşdirilən müntəzəm radio verilişləri yayımlanır.

Azərbaycanda yaşayan etnik icmaların dillərində 15-dən çox qəzet və jurnal nəşr olunur, milli azlıqların kompakt yaşadığı bölgələrdə 5 yerli tele-radio kanalları fəaliyyət göstərir.

Ləzgi dilində "Samur", "Qusar" (Azərbaycan və ləzgi dillərində) qəzetləri, “Çıraq” və “Alam”  jurnalı, talış dilində "Tolışi sədo", “Tolışon sədo”, “Dodo”, "Söz" jurnalı (Azərbaycan və talış dillərində), xınalıq dilində “Xınalıq” qəzeti (Quba), "Şəlalə" (Qax rayonu) qəzetində gürcü dilində səhifə, Qırmızı Qəsəbədə (Quba rayonu) yəhudi icmasının “Birlik” qəzeti və “Qudyal” jurnalı çap olunur. "Dənge kürd" qəzeti "Ronayi" Kürd Mədəniyyət Mərkəzinin, "Vestnik", “Oko” qəzetləri Azərbaycan Rus İcmasının, "Sodrujestvo" - "Sodrujestvo" Cəmiyyətinin, "Akkord" - “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım”  İctimai Birliyinin, “Vısnik” - Azərbaycanda Ukrayna İcmasının  və s. mətbuat orqanlarıdır. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası rus dilində müntəzəm dini jurnal nəşr edir.

Ölkədə rus dilində 30-dan çox qəzet və 15 jurnal çap edilir, gündəlik radio və televiziya verilişləri yayımlanır. Respublika nəşriyyatlarında hər il rus dilində ümumi tirajı 1 milyona çatan müxtəlif təyinatlı kitablar nəşr edilir.

Milli azlıqların dillərində nəşr olunan mətbuat orqanlarının tədqiqinə həsr edilmiş “Azərbaycanda yaşayan milli azlıqların nəşrləri” (Bakı, 2010) kitabı çap olunmuş, milli mədəniyyət mərkəzlərinin, QHT-lərin, KİV nümayəndələrinin, ziyalıların iştirakı ilə kitabın təqdimat mərasimi keçirilmişdir.

Bakı Beynəlxalq Multukulturalizm Mərkəzi nəzdində milli azlıqların etnik-mədəni təşkilatlarının təmsil olunduğu Koordinasiya Şurası fəaliyyət göstərir.

Bakıda S.Vurğun adına Rus Dövlət Dram Teatrı ilə yanaşı, respublikanın bir çox aparıcı teatrlarında rus truppaları, Lənkəranda Dövlət Dram Teatrı, Qusarda Ləzgi Dövlət Dram Teatrı, Qaxda Gürcü Dövlət Teatrı, o cümlədən Bakı şəhərində və Azərbaycanın bir sıra bölgələrində milli azlıqların 40-dan çox musiqi və folklor kollektivləri fəaliyyət göstərir.  Azlıqların kompakt yaşadığı bölgələrdə - Quba, Lənkəran və Şəki şəhərlərində Azərbaycan Yazıçılar Birliyinin filialları yaradılmışdır.

Azərbaycanın orta ümumtəhsil məktəblərində tədris 3 dildə - Azərbaycan, rus və gürcü dillərində aparılır. Milli azlıqların sıx yaşadıqları rayonların orta məktəblərində (ibtidai siniflərdə) ana dili dərslərinin tədrisi (avar, kürd, ləzgi, talış, saxur, tat, udi, xınalıq, ivrit dillərində) təşkil olunmuş, milli dillərdə dərsliklər və proqramlar tərtib edilmişdir. Dövlət vəsaiti hesabına rus, avar, talış, kürd, ləzgi, saxur, tat, udi, xınalıq və s. dillərdə əlifbalar, tədris proqramları və digər dərsliklər, məktəbli lüğətləri çap olunur və bu iş mütəmadi olaraq davam etdirilir.

Təhsil Nazirliyində milli azlıqların dillərində dərs vəsaitlərinin və proqramlarının hazırlanması və nəşri üzrə Şura fəaliyyət göstərir. Eyni zamanda, milli azlıqların dillərində kurikulum, dərslik, lüğət, tədris və digər materialların hazırlanması və nəşri ilə bağlı fəaliyyətin əlaqələndirilməsi məqsədilə 1999-cu ildə Pedaqoji Elmlər Elmi-Tədqiqat İnstitutunda “Milli azlıqların dillərinin tədrisi metodologiyası” adlı şöbə təsis edilmişdir.  

Hazırda Azərbaycanda təlim yalnız rus dilində olan 16 və təlim yalnız gürcü dilində olan 6 orta ümumtəhsil məktəbi, 345 beynəlmiləl orta məktəb (Azərbaycan-rus, Azərbaycan-gürcü, Azərbaycan-rus-gürcü dillərində) fəaliyyət göstərir.

2003-cü ildən Bakıda ivriti, yəhudi tarixi və mədəniyyətini tədris edən özəl yəhudi orta məktəbi açılmış, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ivrit dilinin tədrisi təşkil edilmişdir. 2010-cu ilin oktyabrında Bakıda yəhudi uşaqlar üçün Heydər Əliyev fondu və “Or-Avner” fondu tərəfindən inşa edilmiş “Xabad Or-Avner” yəhudi təhsil kompleksi istifadəyə verilmışdır. Yəhudi dilinin, mədəniyyətinin, tarixinin tədrisi məqsədilə inşa edilən bu təhsil müəssisəsi bütövlükdə Qafqazda və Xəzəryanı bölgədə yaşayan yəhudilər üçün mədəni mərkəz rolu oynayır.

Bakıda zəngin elmi-pedaqoji ənənələri olan Bakı Slavyan Universiteti, o cümlədən ölkənin bütün ali məktəblərində rus bölmələri fəaliyyət göstərir. Bakı Slavyan Universitetinin nəzdində ukrayna dilini öyrədən Bazar günü məktəbi, Qafqaz xalqlarının dillərini və mədəniyyətini öyrənən cəmiyyət mövcuddur.

Milli azlıqların kompakt yaşadığı Quba, Qusar, Zaqatala, Şəki, Astara və s. rayonlarda ali təhsil müəssisələrinin filialları, texniki və humanitar təmayüllü kolleclər, Lənkəranda Dövlət Universiteti fəaliyyət göstərir.

Azərbaycan Milli Elmlər Akademiyasında ayrı-ayrı elmi-tədqiqat institutlarının xətti ilə milli azlıqların dili, mədəniyyəti, o cümlədən talışların, udilərin, almanların, rusların, yəhudilərin, ingiloyların, tatların, xınalıqların və s. tarixi-mədəni və etnoqrafik irsi ilə bağlı monoqrafiyalar, elmi-kütləvi əsərlər çap edilmişdir. Milli azlıqların dillərində müntəzəm olaraq poeziya və nəsr topluları, folklor nümunələri, lüğətlər nəşr edilib yayılır və bu iş davam etdirilməkdədir.

2011-ci ildə Bakıda 558 səhifədən ibarət “Ləzgi dilinin orfoqrafik lüğəti”, dağ yəhudiləri dilinin 34 mindən çox söz və söz birləşməsini əhatə edən iki cildlik lüğət (“Cuuri – rus” və “Rus – cuuri”), eyni zamanda 2015-ci ildə iri həcmli “Ləzgicə-azərbaycanca lüğət” və “Talışca-azərbaycanca lüğət” nəşr edilmişdir.

İctimai Televiziya və Radio Yayımları Şirkətində, eyni zamanda respublika tele-radio kanallarında, kütləvi informasiya vasitələrində milli azlıqların mədəniyyəti,  etnoqrafiyası, adət-ənənələri və məişəti barədə müntəzəm materiallar verilir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən ənənəvi olaraq azlıqların milli-dini bayram və  mərasimləri münasibətilə təbrik məktubları imzalanır.

15 noyabr 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı və Azərbaycan Yeparxiyasının  Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölkənin ictimai-mənəvi həyatında səmərəli fəaliyyətinə görə Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr “Dostluq” ordeni, Bakı Dağ yəhudiləri dini icmasının sabiq rəhbəri S.İxiilov, Quba Dağ yəhudiləri dini icmasının sədri B.Simanduyev, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Alban-Udi Xristian dini icmasının sədri R. Mobili “Şöhrət” ordenləri ilə  təltif olunmuşdur.

Bakıda və ölkənin digər şəhər və qəsəbələrində, o cümlədən milli azlıqların kompakt yaşadıqları cənub və şimal bölgələrində bir çox tarixi-dini abidələrdə dövlətin və yerli xeyriyyəçilərin vəsaiti hesabına təmir-bərpa işləri aparılmış, eyni zamanda yeni məscid, kilsə və sinaqoqlar tikilib istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2011-ci ildən etibarən Dövlət büdcəsindən Qafqaz Müsəlmanları İdarəsinə və qeyri-islam təmayüllü dini icmalara maliyyə yardımı edilir.

Sovet dövründə təyinatı üzrə istifadə edilməyən “Jen Mironosets” məbədi Rus Ortodoks  Kilsəsinə qaytarılmış və məbəd azərbaycanlı iş adamının vəsaiti hesabına əsaslı şəkildə təmir edilmişdir.

Bakının mərkəzində Roma-katolik kilsəsi inşa olunmuş və 2008-ci ilin martında onun rəsmi açılış mərasimi keçirilmişdir. 2011-ci ilin mayında Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında “Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” Saziş imzalanmışdır.

Bakıdakı tarixi Lüteran kilsəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təmir edilərək 2010-cu ilin dekabrında istifadəyə verilmiş və kilsədə lüteran dini icmasının dini ibadət və mərasimlər keçirməsinə lazımi şərait yaradılmışdır. Bölgələrdə də (Şəmkir və Göygöl rayonlarında) alman-lüteran kilsələri əsaslı şəkildə bərpa və təmir edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və dəstəyi ilə Avropa və dağ yəhudiləri üçün müvafiq olaraq 2002-ci və 2012-ci ildə Bakı şəhərinin mərkəzində memarlıq xüsusiyyətlərinə və böyüklüyünə görə təkcə Azərbaycanda deyil, bütün Qafqazda digər yəhudi məbədlərindən fərqlənən 2 yeni sinaqoq inşa edilmiş, 2010-cu ildə Quba rayonunun Qırmızı Qəsəbəsində Giləki sinaqoqu əsaslı təmirdən sonra dindarların istifadəsinə verilmişdir. Hazırda həmin qəsəbədə 2, ümumilikdə ölkədə 6 sinaqoq fəaliyyət göstərir (Bakıda – 2, Qubada – 2, Oğuzda – 2). Ötən müddət ərzində Oğuz rayonundakı iki sinaqoqda da təmir işləri aparılmışdır. 

2011-ci ilin iyununda Qax rayonunun Əlibəyli kəndində gürcü-ortodoks məbədi olan Müqəddəs Nino kilsəsinin təmirdən sonra açılış mərasimi keçirilmiş, Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Çotari kilsəsi təmir edilərək istifadəyə verilmişdir.

Əlaqədar dövlət qurumlarının maddi və təşkilatı dəstəyi ilə hər il Azərbaycanda etnik azlıqların milli və dini bayramları qeyd edilir, çoxsaylı konfrans və dəyirmi masalar, təqdimat mərasimləri, poeziya və musiqi gecələri, konsert-folklor proqramları və digər ictimai-mədəni tədbirlər həyata keçirilir.

Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Azsaylı xalqların mədəni irsi və müasirlik” (2006-cı il), “Milli azlıqların mədəni irsinin qorunması” (2008-ci il), “Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət” (2011-ci il) mövzularında elmi konfranslar təşkil edilmiş, milli azlıqların qorunması və sosial-mədəni hüquqları ilə bağlı müzakirələr keçirilmişdir. Tədbirlər ölkə mətbuatında geniş işıqlandırılmışdır.

Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin  təşkilatçılığı ilə 2006-cı ildən etibarən hər iki ildən bir “Azərbaycan-doğma diyar” devizi altında milli azlıqların incəsənətinə həsr olunmuş ənənəvi musiqi festivalları təşkil edilir. Bu festivallarda Bakı şəhərində və ölkənin 15-dək rayonunda fəaliyyət göstərən və demək olar ki, bütün milli azlıqları təmsil edən, 800 nəfər iştirakçını özündə birləşdirən 40-dan çox kollektiv iştirak edir. Qala-konsertlər İctimai Televiziyada geniş işıqlandırılır, ən yaxşı kollektivlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəxri fərmanlarla mükafatlandırılır.

Qeyd olunan layihə çərçivəsində Bakıda Muzey Mərkəzinin sərgi salonunda milli azlıqların etnoqrafiyasını, həyat və yaşayış tərzini əks etdirən foto-sərgilər nümayiş etdirilmiş, “Azərbaycanda yaşayan xalqların mahnıları” diskinin təqdimat mərasimi keçirilmiş, eyni zamanda milli azlıqların musiqi mədəniyyətinə dair “Azərbaycanın ənənəvi musiqi atlası” və “Azərbaycan etnik musiqisinə həsr olunmuş albom” ictimaiyyətə təqdim olunmuşdur.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən elan edilmiş “Mədəni müxtəliflik, dialoq və inkişaf” Beynəlxalq günü, “Dünya etiqadlararası həmahənglik həftəsi” və UNESKO tərəfindən elan olunmuş Beynəlxalq tolerantlıq günü hər il Azərbaycanda silsilə tədbirlərlə qeyd edilir.

Daxili işlər orqanlarının şəxsi heyətinin peşə hazırlığı məşğələlərində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”, “Ümumdünya insan hüquqları Bəyannaməsi”, Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası” və “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Konvensiya” kimi mövzulara geniş yer ayrılır.

2013-cü ildə Heydər Əliyev Fondunun himayəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və digər əlaqədar qurumların, vətəndaş cəmiyyəti təşkilatlarının təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycan – tolerantlıq məkanı” layihəsi üzrə Bakıda, Avropa Parlamentində (Brüssel), Fransanın Bordo şəhərində, BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında, Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin  “Azərbaycan – tolerantlıq məkanı” adlı foto-sərgiləri nümayiş olunmuş, “Sərhədsiz İnsan Hüquqları” beynəlxalq qeyri-hökumət təşkilatı (Belçika) tərəfindən “Azərbaycanda qeyri-müsəlman azlıqlar: keçmişdən dünyəvi Azərbaycana doğru” adlı hesabatın Avropa Parlamentində təqdimatı keçirilmişdir. 

2014-cü ilin aprel ayında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Moskvada Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində  dünya şöhrətli fotoqraf Rza Deqatinin əsrlər boyu Azərbaycan torpağında dinc yanaşı yaşamış müsəlman, xristian və yəhudi icmalarının həyatından bəhs edən foto-sərgilərindən ibarət ”Azərbaycan. Tolerantlıq məkanı" layihəsi çərçivəsində fotosərgi keçirilmişdir.

Son illər Azərbaycan bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir.

“Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi”nin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə 2011-ci ildən etibarən Bakıda “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” (World Forum for İntercultural Dialogue) təşkil edilir.

Forumlarda sivilizasiyalararası və mədəniyyətlərarası dialoq, cəmiyyətdə etnik-mədəni müxtəliflik, sülh, millətlərarası münasibətlər, multikulturalizm və sair kimi aktual mövzulara dair müzakirələr, konfranslar, dəyirmi masalar təşkil olunur.

16-17 iyun 2011-ci ildə Bakıda “Milli azlıqların və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya” mövzusunda Ombudsmanların IX Beynəlxalq konfransı keçirilmiş, tədbirdə hökumət və parlament rəsmiləri, QHT-lər, milli-mədəniyyət mərkəzləri, azlıqların tanınmış nümayəndələri, mütəxəssislər və alimlər geniş təmsil olunmuşlar.

2011-ci ildən etibarən ənənəvi olaraq Bakıda Beynəlxalq Humanitar Forum keçirilir. Forum çərçivəsində “Multikulturalizm: nailiyyətlər və problemlər”, “Multikulturalizm və mədəni özünüdərk”, “Qloballaşma dövründə multikulturalizm və identiklik” mövzularında dəyirmi masalar və bölmə iclasları təşkil olunur, cəmiyyətdə etnik-mədəni müxtəlifliyin və tolerantlığın qorunub saxlanması sahəsində mövcud problemlər geniş müzakirə edilir, bu sahədə Azərbaycanın uğurlu təcrübəsi ətrafında işgüzar fikir mübadilələri aparılır.

29 may 2013-cü ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda Milli Tolerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi keçirilmişdir. Regionda və islam dünyasında ilk və yeganə layihə olan Milli Tolerantlıq Mərkəzi Azərbaycanın tarixi, mədəniyyəti, etnik-dini coğrafiyası, multikulturalist ənənələri barədə araşdırmalar aparan yerli və xarici mütəxəssislərin fəaliyyətinin koordinasiya edilməsində, dinlərarası və mədəniyyətlərarası dialoqun və əməkdaşlığın inkişafında, etnik-dini dözümlülüyün Azərbaycan modelinin təbliğində və təşviqində mühüm ictimai-mədəni mərkəz rolu oynamaqdadır. 

1–2 sentyabr 2014-cü ildə Bakıda “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü keçirilmişdir.

25–27 aprel 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilmişdir. “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilən Forumda BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar iştirak etmişdir.

UNESKO-nun  “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya”sına uyğun olaraq “Mədəni müxtəlifliyimiz mədəni vəhdətimizdir” layihəsi üzrə ölkə ərazisində milli azlıqların və yerli xalqların sıx yaşadığı regionlarda milli-mədəni həmrəylik mövzusunda silsilə seminarlar, dəyirmi masalar və konfranslar təşkil edilir, ölkənin mədəni rəngarəngliyini əks etdirən buklet və broşürların nəşri,  sərgilər, konsertlər, müsabiqələr və s. bu kimi tədbirlər həyata keçirilir.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə elan edilmiş  “Azərbaycanda Multikulturalizm ili” çərçivəsində ölkədə və xaricdə çoxsaylı tədbirlər həyata keçirilmiş, o cümlədən, Xaçmaz rayonunda “Multikultural dəyərləri yaşadaq” adlı birinci beynəlxalq festival təşkil olunmuşdur. Tədbir çərçivəsində ölkənin 10-dan artıq rayonunu təmsil edən məktəblilərin rəsm əsərlərindən ibarət “Azərbaycan –  dünya multikulturalizminin ünvanlarından biri” adlı rəsm sərgisi, milli azlıqların mətbəx nümunələrinin nümayiş edildiyi kulinariya sərgisi, milli azlıqların folklor musiqisindən ibarət “Bizim Vətənimiz Azərbaycandır” adlı geniş konsert proqramı təqdim edilmiş, eyni zamanda,  “Multikulturalizmə alternativ yox” adlı elmi-praktik konfrans keçirilmişdir.  

28-30 iyun 2016-cı ildə Bakı şəhərində “Azərbaycan – doğma diyar” devizi ilə Milli Azlıqların V Respublika Festivalı, eyni zamanda milli azlıqların ölkənin 14 rayonunu təmsil edən 30 - dan artıq musiqi-folklor kollektivinin iştirakı ilə Heydər Əliyev Sarayında qala-konsert keçirilmişdir. Həmçinin, tədbir çərçivəsində iyunun 30-da Xalça Muzeyində milli azlıqların həyat və məişətini, etnoqrafiyasını əks etdirən “Vahid ailədə” adlı foto-sərgi nümayiş etdirilmiş, “Azərbaycanda yaşayan milli azlıqların mahnı və rəqs folkloru nümunələri” diskinin və fotokataloqunun Azərbaycan, ingilis, rus, fransız və alman dillərində təqdimatı keçirilmiş, “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda “dəyirmi masa” təşkil edilmişdir.    

Dövlət tərəfindən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq edilmişdir. Bu Proqrama əsasən 2011-ci il üçün milli azlıqların kompakt yaşadıqları Şabranın Azərbaycanın Əfsanələr Paytaxtı, Lənkəranın Azərbaycanın Folklor Paytaxtı, İsmayıllının Azərbaycanın Sənətkarlıq Paytaxtı elan olunması həmin regionlarda milli mədəniyyətin, o cümlədən etnik-mədəni özünəməxsusluğun, etnoqrafik xüsusiyyətlərin, tarixi adət-ənənələrin, xalq sənətkarlığının qorunub saxlanmasına və inkişaf etdirilməsinə münbit şərait yaratmışdır.

Azərbaycanda  tarixən mövcud olan tolerant mühitin və etnik-mədəni müxtəlifliyin təşviqi məqsədilə milli azlıqların məskunlaşdıqları  Lahıc, Nic və Qırmızı Qəsəbə kimi yaşayış məntəqələrinin “Mədəniyyət məkanı” adı ilə UNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi ilə bağlı müvafiq sənədlər hazırlanaraq UNESKO-ya təqdim olunmuşdur. Bu sənədlərin UNESKO siyahısına daxil edilməsi həmin qəsəbələrdə yaşayan milli azlıqların özünəməxsus qeyri-maddi mədəni irsinin təşviqi və qorunması istiqamətində atılmış mühüm addımdır. Xüsusilə qeyd olunmalıdır ki, Lahıcda yaşayan əhali (lahıclar) islam dininə, Nicdə yaşayan əhali (udinlər) xristian dininə və Qırmızı Qəsəbədə yaşayan əhali (yəhudilər) yəhudi dininə sitayiş edirlər. Belə ki, UNESKO-ya təqdim olunmuş sənədlərdə adları qeyd olunan qəsəbələrdə yaşayan əhalinin etnik və dini müxtəlifliyi  nəzərə alınmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli Sərəncamı ilə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılmışdır. Fondun əsas məqsədi dini maarifləndirmə işinin aparılması, mənəvi dəyərlərin qorunması və inkişafı, habelə dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etmək, eyni zamanda din xadimlərinə və ehtiyacı olan vətəndaşlara maddi yardım göstərməkdir.

Ölkənin etnik-mədəni həyatında əlamətdar faktlardan biri də Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən bir təşkilatdır. Hazırda BBMM-də milli azlıqların ictimai-mədəni təşkilatları və milli azlıq təmsilçiləri ilə mütəmadi olaraq görüşlər və müzakirələr təşkil edilir. Bu qurumun xətti ilə ölkədə yaşayan milli azlıqların etnik-mədəni hüquqlarının təminatı sahəsində çoxşaxəli proqram və layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xəttilə Azərbaycan multikulturalizmi fənni dünyanın 19 ölkəsinin (Rusiya, İtaliya, Çexiya, Bolqarıstan, Litva, Gürcüstan, Belarus, İsveçrə, Portuqaliya, Ukrayna, Almaniya, Polşa, İndoneziya, Türkiyə və s.) universitetlərində tədris edilir.

2019-2020-ci tədris ilindən “Multikulturalizmə giriş fənni məcburi fənn kimi Azərbaycanın bütün ali məktəblərin bakalavr pilləsində, “Azərbaycan multikulturalizmi” isə magistr səviyyəsində seçmə fənn kimi tədris olunur.  

Multikulturalizm sahəsində ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təbliği, ölkəmizdəki milli və dini azlıqların dilinin, mədəniyyətinin, adət-ənələrinin qorunması, ölkə əhalisinin maarifləndirilməsi, həmçinin bir neçə xarici dildə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində 2015-ci ildə “Kultura Plus (www.kulturaplus.az) internet televiziyası fəaliyyətə başlamışdır.

2016-cı ildən Bakıda nəşr edilən “Multikulturalizm jurnalında müasir dünyada multikulturalizmin aktual problemləri ilə yanaşı, Azərbaycanda yaşayan milli azlıqların dil və mədəniyyətinə, adət-ənənələrinə dair materiallara geniş yer verilir, onların dillərində poeziya və nəsr nümunələri çap olunur.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır.

2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən milli azlıqlarla bağlı müxtəlif mövzuları əhatə edən birgə qrant müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

 

Etnik azlıqların Azərbaycanda fəaliyyət göstərən başlıca təşkilatları

 

Milli azlıqların Azərbaycanda fəaliyyət göstərən başlıca təşkilatları, milli mədəniyyət mərkəzləri aşağıdakılardır: “Ronayi”  Kürd Mədəniyyət Mərkəzi, «Samur» Ləzgi Milli Mərkəzi, Ləzgi Mifologiyasını Öyrənmə Mərkəzi, Ləzgi Gənclər Mərkəzi, «Dağıstan» Mədəniyyət Mərkəzi, Azərbaycanda Ukrayna İcması, «Saxur» Mədəniyyət Mərkəzi, Talış Mədəniyyət Mərkəzi, «Orayin» Udi Mədəniyyət Mərkəzi, Alban-Udi xristian dini icması, Avar Milli Mədəniyyət Mərkəzi, «Lahıc» Xeyriyyə Cəmiyyəti, «Azəri» Tat Mədəniyyət Mərkəzi, Azərbaycanda Rus İcması İctimai Birliyi, Azərbaycan Slavyanlarının Mədəniyyət Mərkəzi, «Sodrujestvo» Cəmiyyəti, «Tuğan tel» Tatar Mədəniyyət Cəmiyyəti, Azərbaycan Tatar İcması, «Yaşlek» Azərbaycan Tatar Gəncləri Mərkəzi, Azərbaycan Gürcü İcması, Axıska türklərinin «Vətən» Cəmiyyəti, Axıska türklərinin «Axıska» Mədəniyyət Mərkəzi, «Buduq» Mədəniyyət Mərkəzi, «Şahdağ» Mədəniyyət Mərkəzi, Avropa Yəhudiləri dini icması, Azərbaycan Dağ Yəhudiləri dini icması, Gürcü Yəhudiləri dini icması, «Soxnut» yəhudi agentliyi, Yəhudi Mədəniyyət Mərkəzi, Azərbaycan-İsrail Dostluq Mərkəzi, «Hesed-Xerşon», «Coynt» və «Vaad-l-Xetzola» yəhudi xeyriyyə cəmiyyətləri, «Yeva» Qadın Cəmiyyəti, «Alef» yəhudi gənclər klubu, «Hilel» Yəhudi Tələbələrinin Mədəniyyət Mərkəzi, «İudaika» Beynəlxalq Cəmiyyəti, Alman Milli Mədəni Cəmiyyəti, «Xınalıq» Mədəniyyət Mərkəzi, «Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım» İctimai birliyi, Azərbaycan Polyak İcması və s.