Multikulturalizm Mərkəzində “Yaşıl dünya naminə həmrəylik və etno-mədəni müxtəliflik” mövzusunda dəyirmi masa təşkil olunub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Yaşıl dünya naminə həmrəylik və etno-mədəni müxtəliflik” mövzusunda dəyirmi masa təşkil olunub.
Dəyirmi masanın moderatoru Azərbaycan Dillər Universitetinin Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadə bildirib ki, BMT-nin İqlim Dəyişmələri Konfransı - COP29 iqlim dəyişikliyi ilə mübarizədə dünya ölkələrinin bir araya gəldiyi ən önəmli platformalardan biridir. COP29-da məqsəd, Paris İqlim Sazişi çərçivəsində təyin olunmuş hədəflərin icrasını müzakirə etmək, iqlim siyasətini gücləndirmək, müvafiq maliyyə və texnologiya dəstəyini təmin etməkdir. Belə konfranslar ölkələr arasında əməkdaşlığı artırmaq, yeni iqlim tədbirləri və strategiyaları hazırlamaq üçün imkan yaradır. COP29-da ekoloji ədalət, etno-mədəni müxtəliflik, enerji keçidi və dayanıqlı inkişaf kimi məsələlər də müzakirə olunur.
BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasov diqqətə çatdırıb ki, ekoloji problemlərlə mübarizədə etno-mədəni müxtəliflik və cəmiyyətlərarası birliyin olması vacibdir. Bunun üçün cəmiyyətlər əməkdaşlığı gücləndirməli, ekoloji problemlərə birgə yanaşmalı və həll yolları tapmağı təşviq etməlidir. Mədəniyyətlərin və cəmiyyətlərin bir-birini anlaması, birgə fəaliyyət göstərməsi daha sağlam və davamlı bir dünya yaradılmasına imkan verir.
Digər çıxış edənlər – Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun aparıcı elmi işçisi Ağasəlim Həsənov, AMEA-nın Milli Azərbaycan Tarixi Müzeyinin aparıcı elmi işçi Əli Fərhadov fərqli mədəniyyətlərin ekoloji biliklərini və təcrübələrinin paylaşmasının, resursların ədalətli bölüşdürülməsinin və ekosistemlərin qorunmasının vacibliyini vurğulayıblar.
Dəyirmi masada “Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlər, universitet tələbələri və dini-milli icma nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur. Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək.