Multikulturalizm Mərkəzi Qəmər Adalarının nümayəndə heyəti ilə görüşüb
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə Fransa tərəfindən işğal edilmiş Qəmər Adalarının tərkib hissəsi olan Mayot adasının nümayəndə heyəti arasında görüş keçirilib. Nümayəndə heyətinin tərkibinə Qəmər Adalarının və onun tərkib hissəsi olan Mayot adasının ictimai-siyasi xadimləri, diplomatlar, elmi dairələrinin nümayəndələri qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasi partiyalarının üzvləri daxil olublar.
Tədbiri giriş sözü ilə açan Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov bildirib ki, BTQ-nin əsas missiyası kolonializm və neokolonializm siyasətinin fəsadlarını dünya ictimaiyyətinə çatdırmaq, müstəmləkəçilikdən əziyyət çəkən xalqlara apardıqları ədalətli mübarizədə beynəlxalq hüquq çərçivəsində dəstək göstərilməsindən ibarətdir. O diqqətə çatdırıb ki, bizim mübarizəmiz konkret bir ölkəyə və ya hökumətə qarşı deyil, insanları öz müqəddəratını təyinetmə hüququndan və azadlığından məhrum edən müstəmləkə sisteminə qarşıdır. Biz istismar, təzyiq olmadan qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan beynəlxalq münasibətlərin mümkünlüyünə inanırıq.
Qonaqları salamlayan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov nümayəndə heyətinə Mərkəzin fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, BBMM 10 ildən artıqdır fəaliyyət göstərir, beynəlxalq statusa malikdir və azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm layihələr həyata keçirir. Mərkəzin təşkilatçılığı ilə dünyanın nüfuzlu universitetlərində “Azərbaycan Multikulturalizmi” fənni tədris edilir. BBMM-in dünyanın müxtəlif ölkələrində nümayəndəlikləri var. Rəvan Həsənov qeyd edib ki, Mərkəz fəaliyyətində beynəlxalq əməkdaşlıqların qurulmasına mühüm əhəmiyyət verir. BMT, ATƏT, Avropa Şurası kimi nüfuzlü beynəlxalq təşkilatlarla birgə layihələr icra edir. Bir çox beynəlxaq platformaların təşəbbüskarı kimi çıxış edir.
İcraçı direktor Mərkəzin platformasında keçirilən və “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü”nə həsr olunan beynəlxalq konfrans haqda da məlumaq verib. Bildirib ki, ənənəvi olaraq keçirilən konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda dünyanın müxtəlif ölkələrindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
O, Azərbaycandakı tolerant, multikultural mühit haqqında da danışıb. Diqqətə çatdırıb ki, Azərbaycanda 30-dan artıq xalqın, bütün dinlərin numayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayır. Onların hüquqları dövlət tərəfindən qorunur.
“Qəmər adaları və onun tərkib hissəsi olan Mayot adası ilə bağlı problemləri Mərkəzin əməkdaşlıq etdiyi platformalarda qaldırmağa, həmçinin nümayəndə heyətinin təklif etdiyi beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırıq. Mərkəz xalqların hüquqlarının qorunması ilə bağlı beynəlxalq qurumlarla əməkdaşlıq edir. Düşünürəm ki, bu istiqamətdə bizim fəaliyyətimiz kəsişir və biz bir-birimizə dəstək ola bilərik”, - deyə Rəvan Həsənov bildirib.
Görüşdə qarşılıqlı əməkdaşlıq müzakirə olunub. Fransa tərəfindən işğal edilmiş Qəmər Adalarını və onun tərkib hissəsi olan Mayot adasını təmsil edən nümayəndə heyətinin təklifləri dinlənilib.
Xatırladaq ki, Bakı Təşəbbüs Qrupunun yaradılması barədə qərar 6 iyul 2023-cü ildə Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində Bakıda keçirilmiş dəyirmi masa zamanı verilib. Qrupun məqsədi dünyanın müxtəlif bölgələrində yerləşən müstəmləkəçilikdə olan xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verməkdir. Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniya, Fransa Polineziyası, Fransa Qvianası, Qvadelupa, Sen-Marten, Boneyr, Martinika, Korsika, Qəmər, Uollis və Futuna müstəmləkə ərazilərin dekolonizasiyasını dəstəkləyir, həmin ərazilərin nümayəndələri ilə əməkdaşlıq edir.