“Bakı Prosesi” qlobal humanitar problemlərin müzakirəsi üçün mühüm platformaya çevrilib

2008-ci ildən etibarən tanınmış alimlərin, ekspertlərin, ictimai-siyasi xadimlərin cəlb olunduğu “Bakı Prosesi” qlobal humanitar problemlərin müzakirəsi üçün mühüm platformaya çevrilib. Bu gün biz burada fərdlər kimi deyil, eyni məqsəd və niyyətə inanan, müxtəlifliyin və qarşılıqlı anlaşmanın qorunması istiqamətində birgə addım atmağa hazır olan insanlar kimi toplaşmışıq.

Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı sessiyasında çıxışı zamanı söyləyib.

Dünyanın bir-biri ilə sıx bağlı və sərhədlərin nisbi olduğunu bildirən R.Həsənov deyib: “Sürətli qloballaşma prosesi və texnologiyaların inkişafı bizdən yeni yanaşmalar tələb edir. Təbii ki, bu prosesdə müsbət məqamları tapmaqla yanaşı, təhlükələri də görmək, onlara qarşı mübarizə yollarını axtarmaq faydalıdır. Hesab edirəm ki, qarşımızda geniş əməkdaşlıq imkanları var. Ona görə də dialoq platformaları təkcə bir-birini dinləməklə məhdudlaşmamalıdır. Bu görüşlər bizim üçün yeni, daha inklüziv cəmiyyətin formalaşdırılmasında yeni layihələri müzakirə etmək və həyata keçirmək istiqamətində əvəzsiz fürsətdir”.

Etiketlər