Zecheng Yang: Belə faydalı layihənin iştirakçısı olduğum üçün özümü şanslı sayıram

Mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıram. Çindən gəlmişəm. İlk dəfə Azərbaycanda 2019-cu ildə olmuşam. O vaxt turist kimi gəlmişdim. Mən bura gələnədək çox az məlumatım vardı. Azərbaycanla tanışlıqdan sonra öyrəndim ki, burada müxtəlif dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar. Bu, çox gözəl ənənədir.

Bu fikirləri “Sabahın liderləri: Gənclər sivilizasiyaların toqquşmasına qarşı” adlı XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbinin çinli iştirakçısı Zecheng Yang söyləyib.

O bildirib ki, qış məktəbinin iştirakçıları bir həftə ərzində böyük təcrübə qazanacaqlar. “Fikirləşirəm ki, Azərbaycandakı dini tolerantlıq modelini dünyaya tanıtmaq üçün bu layihə çox faydalıdır. İnsanlar bu barədə məlumatlı olmalıdırlar. Çünki istirahət və ya təhsil almaq üçün ölkəni seçəndə həmin ölkədəki tolerantlıq vacib rol oynayır. Bura gələn insanlar dinindən, irqindən aslı olmayaraq rahat yaşaya bilərlər. Belə faydalı layihənin iştirakçısı olduğum üçün özümü şanslı sayıram”.

Qış Məktəbində Türkiyə, Braziliya, Rumıniya, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Bolqarıstan, Yaponiya, Əfqanıstan, Çin, Özbəkistan, Qazaxıstan və Azərbaycandan 20-dən çox tələbə iştirak edir.

Etiketlər