Vyanada Azərbaycan nümayəndə heyətinin iştirakı ilə dinlərarası və mədəniyyətlərarası dialoqa həsr olunmuş beynəlxalq konfrans keçirilir

İyunun 24-də Vyana şəhərində “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Azərbaycanın Avstriyadakı səfirliyinin, Qafqaz Müsəlmanları İdarəsinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Azərbaycan Multikulturalizm Mərkəzinin və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Hofburq sarayında keçirilən konfransda hökumətlərin, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, dünyanın müxtəlif dini konfessiya rəhbərləri, dövlət, elm və mədəniyyət xadimləri, diplomatik korpusun üzvləri iştirak edirlər.

Konfransın açılışında Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə açılış çıxışı ediblər. Çıxışlarda dünyada dözümsüzlük, diskriminasiya və ekstremizm meyllərinin qarşısının alınması üçün dinlərarası və mədəniyyətlərarası dialoqun, birgə regional və beynəlxalq səylərin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, sülh naminə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində kollektiv səyləri gücləndirmək zəruridir, Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına töhfə verən ölkələr sırasındadır. 2011-ci ildən Azərbaycanın ev sahibliyi ilə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Qlobal Forumu və digər beynəlxalq əhəmiyyətli tədbirlər bu qəbildəndir. 2016-cı ildə Azərbaycan Prezidenti tərəfindən ölkədə “Multikulturalizm İli”nin elan edilməsi multikultural dəyərlərin qorunması və dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni imkanlar açdı.

Konfransda müxtəlifliyin dəstəklənməsi və idarə edilməsində milli və beynəlxalq səviyyələrdə siyasətin təşkili, mədəni və dini irsin qorunması mövzularında sessiyalar keçiriləcək. Konfrans çərçivəsində, həmçinin “Azərbaycanın multikultural kimliyində dini irs” mövzusunda sərgi təşkil olunub.

Etiketlər