Bakıda keçirilən beynəlxalq konfransda "Fransada İslamofobiya" mövzusu müzakirə olunub
“İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan sessiyada ekspertlər "Fransada İslamofobiya" mövzusu müzakirə ediblər.
Politoloq və tədqiqatçı Anastasiya Lavrinanın moderatorluğu ilə keçirilən sessiyada Brahim Laytouss, Fransua Burgat, Kamel Meziti, Səhər Əziz və Rauf Məmmədov çıxış ediblər.
Politoloq və ərəbşünas, Elmi Araşdırmalar üzrə Fransa Milli Mərkəzində fəxri baş elmi işçi Fransua Burqat diqqətə çatdırıb ki, Fransa cəmiyyəti dövlət səviyyəsində islamofobiyaya doğru gedir. Fransa artıq xristian yox, xristianlıqdan azad edilən cəmiyyətdir.
“İslamofobiya lüğəti” kitabının müəllifi Kamil Meziti vurğulayıb: “Mən 10 il öncə “İslamofobiya lüğəti” kitabını yazanda insanlar deyirdilər ki, sən mübaliğə edirsən. Lakin 10 il sonra görürük ki, Fransada yaşayan müsəlmanlar özlərini fransız kimi hiss etmirlər. Onlar özlərini digər ölkələrdə daha çox fransalı hiss edirdilər, nəinki Fransada. Ağılasığmaz hal olsa da, hazırda bu ölkədə İslam paranoyası yaşanır. Onlar müsəlmanlara separatçı kimi baxırlar. “Siyasətçilər də öz siyasi karyeralarını qurmaq üçün bu vasitədən istifadə edirlər. Lakin unutmaq olmaz ki, müsəlmanların da haqları var. Ölkədə hansısa terror aktı törədiləndə həmin dəqiqə oxlar müsəlmanlara tuşlanmamalıdır. Təəssüf ki, Fransada İslamla bağlı vəziyyət budur. Bu baxımdan hər birimiz islamofobiyaya qarşı mübarizə aparmalıyıq”.
Qeyd edək ki, martın 15 və 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır.