Beynəlxalq konfransda "Avropada islamofobiya və milli qanunvericilik" mövzusununda müzakirələ aparılıb
“İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan bölmə iclasında ekspertlər "Avropada islamofobiya və milli qanunvericilik" mövzusunu müzakirə ediblər. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Idarə Heyətin üzvü Esmira Cəfərovanın moderatorluğu ilə keçirilən bölmə iclasında Taha Ayhan, İsmət Cahan, Musa Serdar Çələbi, Enes Bayraklı, Leyla Məlikova və İbrahim Yerdenin məruzələri dinlənilib.
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan vurğulayıb ki, İslamofobiya ilə mübarizə üçün cəmiyyətlərarası dialoq təşkil edilməlidir. O bildirib ki, Avropa ölkələrində islamofobiya və irqçilik get-gedə böyüməkdə olan bir fenomendir. Qərb ölkələrində islamofobiyanın artması fonunda bu yaxınlarda İsveçdə Quran kitabının yandırılması məsələsini diqqətdə saxlamaq istəyirəm. Bu hadisə dünyanın xeyli ölkəsində çox pis qarşılanıb və bir sıra beynəlxalq mexanizmin işə düşməsinə gətirib çıxarıb. Taha Ayhan diqqətə çatdırıb ki, islamofobiya ilə mübarizə üçün cəmiyyətlərarası dialoq təşkil edilməlidir.
İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri və daimi müşahidəçisi İsmet Cahan qeyd edib ki, Avropada müsəlman qadınlara qarşı təzyiqlər var və buna qarşı mübarizə aparılmalıdır. Avropada müsəlmanların terrorçu və istənilməyən miqrantlar olduğunu fikirləşirlər. Ancaq bu belə deyil. Müsəlmanların əksəriyyəti öz ölkələrinə böyük töhfə verir və onlara qarşı mübarizə konkret tədbirlər planı üzrə aparılmalıdır.
Qeyd edək ki, martin 15 və 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır.