Mərkəzin icraçı direktoru Rəvan Həsənovun ABŞ-a səfəri çərçivəsində görüşlər keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun ABŞ-a səfəri davam edir. ABŞ-ın “Stirlinq” Fondunun, eləcə də “İsa Məsih Sonuncu Gün Müqəddəsləri” kilsəsinin birgə dəvəti ilə təşkil olunan səfərdə Azərbaycan nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə rəhbərlik edir. Nümayəndə heyətinin təkibinə - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Azərbaycandakı Dağ yəhudiləri icmasının şədri Milix Yevdayev, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili, Azərbaycandakı Katolik icmasının rəhbəri Yepiskop Vladimir Fekete daxildir.
Səfər çərçivəsində tolerantlıq, dini dözümlülük, müxtəlif inanclar və onların daşıyıcıları arasında birgəyaşayış normalarının təbliği, birgə fəaliyyət istiqamətində mühüm görüşlər keçirilib.
Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Yuta ştatının ali qanunvericilik orqanı senatda olublar. “Stirlinq” fondunun prezidenti və baş icraçı direktoru Edvard Rove ilə görüşüblər.
Yuta ştatının senatında Azərbaycandan gələn nümayəndə heyətinin rəsmi salamlama mərasimi keçirilib və senatorlar qonaqları alqışlarla qarşılayıblar. Mərasimdə Yuta ştatı senatının Azərbaycanda tolerantlıq, multikulturalizm siyasəti, dini müxtəlifliyin qorunması ilə bağlı qəbul etdiyi bəyannamənin mətni oxunub.
Nümayəndə heyəti “İsa Məsih Sonuncu Gün Müqəddəsləri” kilsəsinin ali rəhbəri Rassel Nelsonla da görüşüb. Rassel Nelson Şeyxülislam Allahşükür Paşazadəyə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənova və nümayəndə heyətinin digər üzvlərinə dəvəti qəbul edib ABŞ-a gəldikləri üçün təşəkkür edib.
ABŞ-ın Yuta ştatının vitse-qubernatoru Deydre Hendersonla görüş də faydalı əməkdaşlığın qurulması baxımından əhəmiyyətli olub. Qonaqları səmimi salamlayan Deydre Henderson Azərbaycan nümayəndə heyətinin nümunəvi dinlərarası tərkibini xüsusilə qeyd edib və bundan olduqca məmnun olduğunu bildirib. İki ölkə arasında dinlərarası əməkdaşlığın hər iki tərəf üçün faydasını diqqətə çatdırıb. Eyni zamanda iqtisadi, siyasi, habelə təhsil və mədəniyyət sahələrində əlaqələri inkişaf etdirməkdə ABŞ tərəfinin maraqlı olduğunu vurğulayıb. Bu barədə vitse-qubernator öz tviter səhifəsində yazıb: “Doğrudan da, bu gün Azərbaycan Respublikasından belə böyük dinlərarası nümayəndə heyətini Kapitolidə (Yuta ştatındakı – red.) salamlamaq mənim üçün şərəf idi. Biz azərbaycanlı dostlarımızı və onların dini azadlıqlara sadiqliyini çox yüksək qiymətləndiririk”.
Azərbaycan nümayəndə heyəti “İsa Məsih Sonuncu Gün Müqəddəsləri” kilsəsi 12 həvariləri Kvorumunun daha iki üzvü – Ronald Raşband və Devid Bednarla görüşüb. Raşband, eləcə də Bednar Azərbaycanla, azərbaycanlılarla bağlı geniş məlumata malik olduqlarını qeyd ediblər. Azərbaycanın haqq mövqeyini dəstəklədiklərini və bundan sonra da dəstəkləyəcəklərini vurğulayıblar.
Nümayəndə heyətinin üzvləri - “İsa Məsih Sonuncu Gün Müqəddəsləri” kilsəsinin xeyriyyəçilik qurumu – Velfeyr (Xeyriyyəçilik) meydanı ilə tanış olublar.
Nümayəndə heyətinin ABŞ-ın Yuta ştatının Provo şəhərində yerləşən nüfuzlu Brigham Young Universitetinin tələbə və müəllim heyəti ilə görüşü də maraqla qarşılanıb.
Qeyd edək ki, martın 4-dək davam edəcək. Səfərin məqsədi Azərbaycanın əsrlər boyu formalaşdırdığı və inkişaf etdirdiyi tolerantlıq, dini dözümlülük, müxtəlif inanclar və onların daşıyıcıları arasında birgəyaşayış normalarının təbliği, birgə fəaliyyət istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların axtarışıdır.