Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı dini tolerantlıq barədə məlumatlandırılıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları fevralın 20-də Təzəpir məscidi ilə tanış olublar.

Qış Məktəbinin iştirakçılarına məscidin tarixi barədə ətraflı məlumat verilib.

Bildirilib ki, bu abidə təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Məscid Nabat Aşurbəyli-Rzayevanın vəsaiti ilə Zivərbəy Əhmədbəyovun layihəsi əsasında 1905-ci ildə tikilib.

Diqqətə çatdırılıb ki, məscidin divarlarında və günbəz altında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentinin nadir nümunələrindən istifadə olunub. Mehrab kaşı və mərmərdən yığılmış, günbəzin pəncərə konstruksiyaları təzələnərək şəbəkəli taxta pəncərələrlə əvəzlənib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Qış Məktəbində 20 ölkədən alimlər, təlimçilər, gənclər iştirak edirlər. Qış Məktəbinin iştirakçıları arasında azərbaycanlı tələbələr də var.

Xatırladaq ki, XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Türkiyə, Braziliya, Rumıniya, Almaniya, Fələstin, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Pakistan, İraq, Bolqarıstan, Mozambik, Mərkəzi Afrika Respublikası, Suriya, Şri-Lanka, Çin və Yaponiya kimi ölkələrin aparıcı universitetlərindən 25 xarici, 5 yerli olmaqla 30 tələbə iştirak edir. Fevralın 26-dək davam edəcək Qış məktəbi Bakı şəhəri ilə yanaşı, Quba, Qusar və Xaçmaz rayonlarında da fəaliyyət göstərəcək.

Etiketlər