Azərbaycanda yaşayan tatlar
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində növbəti sənədli film hazırlayıb. Sayca 12-ci olan filmdə Azərbaycanda yaşayan tatlar, onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti barədə geniş məlumat verilir. Xatırladaq ki, layihə əsasında hazırlanmış ilk sənədli film əsrlər boyu Azərbaycanda yaşamış yəhudilərə, ikinci film "Qafqaz Albaniyasının varisləri - udilər"ə, üçüncü film - "Biz birlikdə güclüyük" Vətən Müharibəsində nümayiş olunan birliyə, dördüncü film - Azərbaycanda yaşayan malakanlara, beşinci film Azərbaycanda yaşayan ingiloylara, altınci film Azərbaycanda yaşayan talışlara, yeddinci film Azərbaycanda yaşayan axıska türkləri, səkkizinci film Azərbaycanda yaşayan avarlar, doqquzuncu film Azərbaycanda yaşayan saxurlara, onuncu film Şahdağ xalqlarına, 11-ci film isə Azərbaycanda yaşayan ləzgilərə həsr edilmişdi.