“Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının təqdimatı olub
Martın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm Mərkəzində “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının təqdimatı olub. Kitabın elmi redaktoru və “Ön söz”ünün müəllifi akademik Kamal Abdulladır.
Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru Kamal Abdulla kitabın ərsəyə gəlməsindən danışıb. Bildirib ki, kitabın 3 hissədən ibarət olması nəzərdə tutulub: “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlanan birinci hissə artıq Azərbaycan dilində çap olunub, rus və ingilis dillərinə tərcümə edilib. Bu kitabda Azərbaycan yazarlarının əsərlərində multikultural ideyaların təcəssümü öz əksini tapıb. “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı ikinci kitabda elmi ənənədə qəbul edilmiş mədəni müxtəliflik qədim zamanlardan indiki dövrə qədər təsvir edilir.
Akademik Kamal Abdulla qeyd edib ki, həyat tərzi və dini görüşümüzdəki müxtəliflik Azərbaycanın mütəfəkkir və filosoflarının yaradıcılığında da əsas prioritet xətt kimi təzahür edir. İctimai-publisistik kontekstdə multikultural və tolerant ideyalar qabarıq şəkildə XVIII, XIX və XX əsrin əvvəllərində yaşamış filosof, tarixçi, maarifçi və mütəfəkkirlərin dünyagörüşlərində daha aydın görünür. Antologiyada Azərbaycanın orta əsr alim və filosoflarından Bəhmənyar əl-Azərbaycani, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Nəcməddin Naxçıvani, Seyid Yəhya Bakuvi, Məhəmməd Füzuli, Fətullah Şirvani və başqalarının yaradıcılığında əksini tapan multikultural baxışlar yer alıb.
Kitabın ideya müəllifi Kamal Abdulla bildirib ki, bu nəşrin də rus və ingilis dillərinə tərcümə olunması nəzərdə tutulub. Eyni zamanda, kitabın üçüncü hissəsi - “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” hazırlanır, bu ilin sonuna qədər çap olunması planlaşdırılır.
Akademik vurğulayıb ki, “Azərbaycan multukulturalizminin qaynaqları” seriyası çərçivəsində “Azərbaycan multukulturalizminin ədəbi-bədii qaynaqları” kitabından sonra çap olunan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının nəşri mənsub olduğumuz mədəniyyətin laylarını və qatlarını müasir dövrdə bütün dünyaya təqdim edir.
“Azərbaycan multikulturalizmi ölkənin bütün ali təhsil müəssisələrində əsas fənlərdən biri kimi tədris olunur. Eyni zamanda, dünyanın 24 universitetinin tədris proqramında yer alır. İnanıram ki, təqdim etdiyimiz bu kitablar Azərbaycan multikulturalizminin, multikultural dəyərlərinin dünyaya tanıdılmasına töhfə verəcək”, - deyə akademik Kamal Abdulla qeyd edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov məlumat verib ki, kitabın ərsəyə gəlməsində Prezident İlham Əliyevin “Multikulturalizm Azərbaycanda həyat tərzidir” fikri əsas götürülüb. Kitab üç fəsildən – “Dini mətnlərdə multikulturalizm”, “Orta əsr Azərbaycan fikir tarixində multikulturalizm”, “XIX-XX əsr Azərbaycan maarifçiləri, publisistikası və mutlukulturalizmi” ibarətdir. Bu kitab müxtəlif dillərdə xarici universitetlərə və ictimai-siyasi dairələrə göndəriləcək.
ADU-nun Multikulturalizm Mərkəzinin direktoru Loğman Rəşidzadənin moderatorluğu ilə keçən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru fəlsəfə elmləri doktoru kitabın həmmüəllif İlham Məmmədzadə, Azərbaycan İlahiyyat İnstitutunun rektoru kitabın həmmüəllifi Aqil Şirinov, digər həmmüəlliflər Sakit Hüseynov, Əhməd Qəşəmoğlu, Adil Əsədov, Aydın Əlizadə, Əli Fərhadov, Rəşad İlyasov kitab haqqında fikirlərini bölüşüblər. Qeyd olunub ki, kitab Azərbaycan multikulturalizminin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.