Marağı sevgiyə çevirmək missiyası
Azərbaycan multikulturalizminin dünyada təbliği -gerçəkləşən siyasi iradənin təcəssümü
Bu günlərdə Azərbaycanda daha bir beynəlxalq layihə yekunlaşdı. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) , Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə 8-15 fevral tarixlərində baş tutan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi ərzində İsveçrə, Ukrayna, Türkiyə, Yaponiya, Almaniya, İtaliya, Portuqaliya, Polşa, Rusiya, Nigeriya, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva və İndoneziyadan 42 xarici tələbə indiyədək sözlə tanış olduğu Azərbaycan multikulturalizminin əyani şahidi oldu. Onlara Azərbaycanın müxtəlif universitetlərindən 12 azərbaycanlı tələbə də qoşuldu.
Beynəlxalq Multikulturalizm qış məktəbinin fəaliyyətə başlaması ideyası 2015-ci ildə baş tutan Beynəlxalq Multikulturalizm yay məktəbinin uğurlu nəticələrindən və nailiyyətlərindən qaynaqlanır. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin çıxışlarında vurğuladığı kimi, Prezident İlham Əliyev Beynəlxalq Multikulturalizm yay və qış məktəblərinin təşkilini təqdir edir.
Ölkə başçısının sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi və bu ilin fonunda görülən bütün işlər Azərbaycan multikulturalizminin dünyada təbligi və təşviqi istiqamətində bir-birini tamamlayan, sistemli hərəkata çevrilən siyasi iradənin tərkib hissəsidir.
Çağdaş dövrümüzdə Azərbaycan hökuməti sistemli şəkildə həyata keçirdiyi və dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi multikulturalizm siyasəti nəticəsində qazandığı uğurlarla dünyada multikultural dövlət imici əldə etmiş mərkəz kimi tanınır və bir çox dünya dövlətlərinə, o cümlədən Avropaya örnəkdir. Hazırda avropalılar əcnəbiləri, fərqli din və mədəniyyət daşıyıcılarını özlərinin yaşadıqları cəmiyyətə inteqrasiya etmək istəmirlər və buna görə də Avropanın əksər dövlətləri uzun illər apardığı multikulturalizm siyasətindən rəsmi şəkildə imtina edir. Bu gün dünyanın əksər ölkələrində, eləcə də Avropada multikulturalizm və tolerantlıq sadəcə hüquq müstəvisində mövcuddur. Azərbaycanda isə multikulturalizm qeyd edilən bu faktorla yanaşı, özündə çoxəsrlik mənəvi kultu qoruyub saxlayır, xalqın yaşam tərzi olmaqla yanaşı dövlət siyasətinin aparıcı istiqaməti kimi önə çıxır.
Azərbaycan multikulturalizmi -mərhəmət və şəfqət özülü üzərində ucalan dəyərlər sistemi
Dövlət müşaviri Kamal Abdullayev çıxışlarının birində deyib ki, Prezidentin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi bütün dünyaya Azərbaycan xalqının mərhəmət, şəfqət, insana məhəbbət hissi kimi multikultural dəyərləri bu günədək saxladığı və bundan sonra da qoruyub saxlayacağı barədə mesajıdır.
Dövlət müşavirinin vurğuladığı kimi, qış məktəbi ərzində xarici tələbələrə Azərbaycan multikulturalizminin mayasında yazılmış qanunlar, verilmiş hüquqlarla yanaşı, mərhəmət və sevgi amilinin yer aldığı nümayiş etdirildi. Humanizmi şərtləndirən amillər sırasında məhz mərhəmət, acıma, şəfqət hissi öndə gəlir. İnsanın insana sevgisinin cövhəri mərhəmətdən yoğrulub. Müqəddəs Qurani-Kərimin də “Mərhəmətli və rəhimli Allahın adı ilə” başlaması təsadüfi deyil. Azərbaycan multikulturalizmi modelinin xarakterik cəhəti kimi özünü göstərən mərhəmət amili bir tərəfdən ölkəmizin əhalisinin böyük əksəriyyətinin müsəlman olmasından qaynaqlanırsa, digər tərəfdən bu insani keyfiyyətin xalqımızın genetikasına oturuşmuş mənəvi kod olduğunu göstərir. Azərbaycan multikultural dəyərlər sisteminə görə - insan hansısa etnik qrupa, dini inanca, mədəni göstəriciyə, yaşam tərzinə, zahiri və daxili keyfiyyətə görə deyil, məhz Allahın yaratdığı ən ali məxluqat -İNSAN olduğuna görə dəyərlidir... Bu, bütün səmavi kitablarda da təsbit olunub.
Məhz bu cəhətdən multikulturalizmin Azərbaycan modeli öyrənilməyə, araşdırılmağa, paylaşılmağa və örnək olmağa layiqdir. Əgər Avropa multikultural dəyərlər sistemində “özgəsi”nin mədəniyyətinə, dünyagörüşünə və adət-ənənəsinə, ümumiyyətlə, mövcudiyyətinə münasibət “dözmək”, “ tablamaq”, “qatlanmaq” anlayışı ilə ifadə edilirsə, multikulturalizmin Azərbaycan modeli başqasına dözmək deyil də, onu necə varsa, o şəkildə qəbullanmağı, mərhəmət göstərib sevməyi özündə ehtiva edir. Məcburi dözmək və mərhəmət fərqli anlayışlardır. Çünki sadəcə haqq-hüquq müstəvisində dayanaraq dözmək məfhumunun altında az ya da çox dərəcədə aqressiya, hirs, qəzəb toplana bilər. Mərhəmət və sevgi olmadan sadəcə məcburi dözümlülük prinsiplərinə əsaslanan birgəyaşayış zamanı toplanmış neqativ duyğuların da nə vaxtsa mədəniyyətlərarası, dinlərarası, millətlətarası toqquşmalar, təfriqələr şəklində üzə çıxmaq ehtimalı qaçılmazdır. Dözmək hüquqi, mərhəmət və sevgi isə insani anlayışdır. Akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, qış məktəbinin məramı da Azərbaycan multikulturalizminin uzun əsrlərdən bəri məhz mərhəmət və şəfqət prinsipləri üzərində bərqərar olduğunu xarici tələbələrin öz gözləri ilə görüb inanmasına şərait yaratmaq idi. Axı yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır... Dövlət müşaviri xarici tələbələrlə görüşü zamanı Ümumilli lider Heydər Əliyevin “Azərbaycanın ərazisində yaşayan xalqlar onun zəngin sərvətidir” fikrini xatırladaraq bu zəngin sərvəti dünyaya nümayiş etdirməyin qürurverici olduğunu bildirib.
Azərbaycana olan marağı sevgiyə çevirmək: çətin, şərəfli və zövqverici missiya
Ölkəmiz indiyədək çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Qonağı adına layiq ağırlayıb-uğurlamaq xalqımızın canında-qanındadır, yəni, qonaqpərvərlik tərəfimizdən təəccüblə qarşılanan məfhum deyil. Fəqət Azərbaycanın Beynəlxalq Multikulturalizm qış məktəbinə ev sahibliyi bu dəfə maraqlı bir cəhəti ilə fərqlənirdi. Bu dəfəki ağırlama-uğurlama mərasimində məqsəd təkcə ev sahibinin özünü qonaqlara sevdirməsi deyildi, burada ev sahibinin də qonaqlarını tanıması, sevməsi və eyni zamanda qonaqlarını bir-birinə sevdirməsi prioritet məsələ idi. Sözügedən bu maraqlı ideyanın müəllifi Kamal Abdullayev həm də Beynəlxalq Multikulturalizm qış məktəbi üçün maraqlı sloqan təklif etmişdi: “Azərbaycana olan marağı sevgiyə çevirmək və bu sevgini ürəklərdə yaşatmaq!” Marağa yönələn cığırın başlanğıc nöqtəsi tanışlıqdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdullayevin təşəbbüsü ilə hazırda dünyanın 13 nüfuzlu universitetində tədris edilən “Azərbaycan multikulturalizmi” fənni vasitəsilə xaricdə ölkəmizin multikultural dəyərlər sistemi ilə tanışlıq qısa bir vaxtda Azərbaycana olan marağa çevrilib. Bu marağı sevgiyə çevirmək üçün xarici tələbələrin “Azərbaycan multikulturalizmi”nin tədrisi zamanı öyrəndiklərini öz gözləri ilə görmələri çox vacib idi. Qış məktəbi proqramında hər bir detal nəzərə alınaraq həm tədris boyu , həm də asudə vaxtın təşkili zamanı 16 ölkənin təmsilçilərinin Azərbaycanın tarixi, mədəniyyəti, multikultural dəyərlərinin tanıyıb sevmələri ilə yanaşı, eləcə də qonaqların öz ölkələrini eyniadlı istiqamətlər üzrə bir-birilərinə tanıyıb sevdirmələri üçün dövlətimiz tərəfindən hər bir şərait yaradıldı. Azərbaycana olan marağı sevgiyə çevirmək çətin, gərgin əmək tələb edən, amma şərəfli və sonucda böyük zövq bəxş eləyən bir missiya idi. Qış məktəbi çərçivəsində Rusiya, Türkiyə və Azərbaycan məktəblilərinin qardaşlaşması da bir neçə aspektdən çox əhəmiyyətli bir addım kimi qiymətləndirilməlidir. Bütün bunlar həm də onun göstəricisi idi ki, Azərbaycan dövləti və xalqı qarşılıqlı məhəbbət və mərhəmətə əsaslanaraq çoxsaylı yaxın və uzaq ölkələnin gənc nəslinin yaddaşına böyük sevgi sərmayəsi yatırmaqla məşğuldur. Bu sərmayənin indi və gələcəkdə də çox böyük mənəvi qazanc gətirəcəyi şəksizdir... Qış məktəbinin yekun nəticələri, eləcə də xarici tələbə-müəllim kontingentinin Azərbaycan mətbuatında, həmçinin öz ölkələrinin mediasında yer alan unudulmaz, zəngin təəssüratları akademik Kamal Abdullayevin öncədən səsləndirdiyi “ömür boyu sürəcək dostluq və sevgi” tezisinin özünü doğrultduğunu təsdiqlədi...
Qış məktəbinin iştirakçıları - ürəklərində Azərbaycan sevgisi yaşadan fəxri səfirlərimiz
Qış məktəbi ərzində tələbələrlə söhbətimiz zamanı xarici tələbələr burada multikulturalizmin, tolerantlığın ən müxtəlif aspektləri ilə tanış olduqlarını şövqlə qeyd edirdilər. Zəngin və unudulmaz təəssüratları bir yazıya sığdırmaq əlbəttə, mümkün deyil. Amma tələbələrin Azərbaycan multikulturalizmi ilə bağlı dedikləri ən yaddaqalan məqamlar yaddaşlara həkk olunub.
Gürcüstanlı tələbə Georgiy Saladze Azərbaycan multikulturalizmini çox maraqlı bir nüansla səciyyələndirdi: “ Düşünürəm ki, keçən əsrin əvvəllərində Bakıda yaşayan milliyyətcə gürcü, xristian Nino ilə azərbaycanlı müsəlman Əlinin böyük məhəbbəti çoxəsrlik Azərbaycan multikulturalizminin ən parlaq sübutudur”.
Litvalı tələbə Kamilia Puncevicə fikrincə, Azərbaycanda müxtəlif dinlərə, millətlərə məxsus insanların birgə yaşaması bütün dünya üçün nümunə olmalıdır.
Portuqaliyadan gəlmiş yəhudi Antonio Mendes Azərbaycanda gördüklərinin təsəvvüründəkiləri qat-qat üstələdiyini bildirib: “Qubadakı Qırmızı qəsəbədə olarkən çayın bir sahilində sinaqoqların, digər sahilində məscidlərin fəaliyyət göstərdiyinin şahidi oldum. Məncə, təkcə elə bu fakt Azərbaycanda unikal multikultural və tolerant dəyərlərin mövcudluğunun isbatıdır”.
Rusiya kimi çoxmillətli və çoxkonfessiyalı bir ölkədən gələn tələbə Varvara Filipovanın “Əgər seçmək hüququm olsa, mən Azərbaycan multikulturalizmi modelinə səs verərdim. Çünki bu model həm işləkdir, həm də ümidvericidir” fikri isə bir çox mətləblərə aydınlıq gətirir.
ADA Universitetində təhsil alan nigeriyalı tələbə İbrahim Akinyeminin Azərbaycanda özünü öz ölkəsində olduğu kimi rahat hiss etdiyini deməsi, burada insanların çox istiqanlı olduğunu vurğulaması, Qubada, Xaçmazda, Qusarda yerli gənclərlə çay süfrəsi zamanı duyğularını Azərbaycan dilində entuziazmla paylaşmaq cəhdi də onun ölkəmizə olan sevgisinin təzahürü idi.
Azərbaycan multikulturalizminin daha bir maraqlı tərəfi dini, etnik, mədəni, irqi mənsubiyyəti ilə yanaşı, insanların məişətinə, seçdiyi yaşam tərzinə sayğıyla yanaşılmasıdır: Almaniyalı Tobias Fernandes Azərbaycandakı çox azad, tolerant atmosferdən və onun vegetarian yaşam tərzinə burada necə anlayışla yanaşdıqlarından ağızdolusu bəhs etdi: “Azərbaycanda dil bilib-bilməməsindən asılı olmayaraq, hamı kömək etməyə, əl tutmağa hazırdır. Bu, elə multikulturalizmin ifadəsidir. Mən vegetarianam, bunu bilən qış məktəbinin təşkilatçıları ilk gündən mənim üçün ancaq tərəvəzlərdən ibarət məxsusi menyunun olmasına qərar verdilər. Buna görə daxilən sıxıntı keçirsəm də, bu məsələni ev sahibləri elə rahatlıqla, ürəkaçıqlığı ilə həll etdilər ki, sıxıntım qalmadı. Bu onun göstəricisidir ki, multikulturalizm buraya kənardan və yeni gələn dəyər deyil, çoxmədəniyyətlilik, başqasını da özündən biri kimi görmə ənənəsi burada əsrlərdir formalaşıb”.
Deyilənlərə və yazılanlara SÖZARDI: Bəzən özündə çox böyük həqiqəti ehtiva eləyən və bizə kənardan adi görünən situasiya bir işin mahiyyəti haqqında uzun-uzadı danışmaqdan daha effektli olur: Keçən il təşkil olunmuş Beynəlxalq Multikulturalizm yay məktəbində də təmsil olunan bolqarıstanlı tələbə Janet Nikolova qış məktəbinin iştirakçıları ilə Şəhidlər Xiyabanını ziyarət edəndə öz təşəbbüsü ilə irəli çıxaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımız, Ermənistan -Azərbaycan münaqişəsi fonunda ölkəmizin haqlı mövqeyi, xalqımızın erməni qəsbkarları tərəfindən üzləşdiyi vəhşilik və soyqırımları ilə bağlı xarici tələbələrə özü məlumat verdi... Janetin bu dəyərli jesti yay və qış məktəbləri sayəsində Azərbaycanın xaricdə artıq onlarla fəxri səfiri olduğunun və bundan sonra da olacağının parlaq sübutudur.
Sevinc Mürvətqızı
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi
Запись Marağı sevgiyə çevirmək missiyası впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.