Azərbaycan Dillər Universitetində XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş olub

Fevralın 18-də Azərbaycan Dillər Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib.

Görüşdə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, elmi işlər üzrə prorektor Novruz Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qış Məktəbinə qatlan tələbə və tədqiqatçılar iştirak ediblər.

Görüşdə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla keçirilən Yay və Qış məktəblərinin Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib. O, dövlətimizin işğal edilmiş torpaqların qaytarılması üçün illər boyu mübarizə apardığını, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad edilməsinə nail olduğunu bbildirib. Azərbaycan multikulturalizmi ilə bağlı məlumat verən akademik Qış Məktəbi ərzində tələbələrin və tədqiqatçıların Ağdama və Şuşaya səyahət edəcəklərini vurğulayıb.

Sonda Kamal Abdulla 17 ölkədən gəlmiş tələbə və tədqiqatçılara universitetlə və daha əvvəl keçirilmiş multikulturalizm sahəsində görülmüş tədbirlər ilə tanış edib.

Fevralın 18-24-də keçirilməsi planlaşdırılan Beynəlxalq Qış Məktəbi Azərbaycan multikulturalizmi haqqında biliklərini genişləndirməkdə maraqlı olan 20-dən çox tələbə və tədqiqatçının iştirakı ilə baş tutacaq. Tədbir çərçivəsində iştirakçılar Heydər Məscidi, Dağ Yəhudiləri Sinaqoqu, Rus Provaslav Kilsəsi, Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edəcəklər. Ağdam və Şuşa şəhərlərinə nəzərdə tutulan səfər zamanı iştirakçılar Şahbulaq qalası, İmarət saray kompleksi, Ağdam Cümə məscidi, Qiyaslı kənd məscidi, Vaqifin məqbərəsi, Bülbülün ev-muzeyi, Yuxarı və Aşağı Gövhərağa məscidləri, Qazançı kilsəsi, Şuşa qalası, Cıdır düzündə olacaq, erməni vandalizminin nəticələrini öz gözləri ilə görəcəklər.

Qeyd edək ki, Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində Azərbaycan multikulturalizmini öyrənən xarici və yerli tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

Etiketlər