Multikulturalizm Mərkəzi “Polyakların Azərbaycanda fəaliyyəti” kitabını nəşr edib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzı yarandığı gündən etibarən, Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsinin qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu günlərdə layihə çərçivəsində tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun Azərbaycanda yaşamış polyakların həyatından bəhs edən “Polyakların Azərbaycanda fəaliyyəti” adlı kitabı nəşr olunub. Kitabda polyakların XIX əsrin sonu XX əsrin əvvəllərində, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti dövründəki (1918-1920) fəaliyyəti araşdırılıb. Mövzu ilə bağlı bir çox sənədlərin də toplandığı nəşrdə polyakların neft sənayesinin inkişafında, Bakıdakı tarixi binaların arxitektura quruluşunun formalaşmasında önəmli rol oynaması, habelə Azərbaycanın müstəqil dövlət quruculuğu prosesində yaxından iştirak etməsi məsələləri işıqlandırılıb. Kitab ali məktəblərin müəllim və tələbləri, eləcə də tədiqatçılar üçün ciddi vəsait olmaqla yanaşı, Azərbaycan-Polşa əlaqələrinin və bütövlükdə beynəlxalq əlaqələr sistemimizin də öyrənilməsində əsaslı mənbədir. Kitaba ön sözü Polşa Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Rafal Poborski yazıb.
“Polyakların Azərbaycanda fəaliyyəti” kitabının layihə rəhbəri BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, layihəyə məsul BBMM-in icraçı direktoru Rəvan Həsənovdur.