İsrail səfiri: İslamofobiya ilə mübarizəni biz də dəstəkləyirik
Azərbaycan multikulturalizm siyasəti ilə bütün dünyaya nümunə göstərir. Bu ölkə hər zaman dinc yanaşı yaşamanın tərəfdarıdır.
Bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Holokost soyqırımı müasirlərin gözü ilə” mövzusunda keçirilən tədbirdə İsrailin ölkəmizdəki səfiri Corc Dik səsləndirib.
Holokost qurbanlarının xatirəsinin anılmasına görə Azərbaycan dövlətinə təşəkkürünü bildirən səfir bu tədbirin təşkilinin tolerantlığa daha böyük önəm verilməsinin göstəricisi olduğunu vurğulayıb.
C.Dik azərbaycanlıların İkinci Dünya müharibəsində qəhrəmanlıqla vuruşduğunu, alman faşizminə qarşı mübarizə apardıqlarını qeyd edib.
“Yəhudilərə hələ də nifrət hissi bəsləyirlər. Bunu Fələstinin HƏMAS hərəkatının onlara qarşı törətdikləri hadisələr də təsdiqləyir. Bu hərəkatın üzvləri insanları qətlə yetirir, uşaqlara, qadınlara işgəncələr verirlər. Bu qanlı cinayət bir daha göstərir ki, bizim xalqımıza nifrət hələ də qalmaqdadır. İsrail dövləti bunun qarşısının alınması istiqamətdə lazımi addımları atır. Eyni zamanda, islamofobiya ilə mübarizəni biz də dəstəkləyirik”, - deyə səfir diqqətə çatdırıb.