Azərbaycan dünyaya örnək multikulturalizm modeli təqdim edir

Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun Türkiyənin yeniakıt.com və milatgazetesi.com informasiya portallarında müsahibəsi dərc edilib.

“Azərbaycan 44 günlük vətən müharibəsindən sonra qələbəsi ilə yeni bir dövrə qədəm qoydu. Qələbədən sonra Azərbaycan mədəniyyəti daha çox təbliğ olunmalı və ermənilərin mədəniyyət abidələrinə qarşı törətdikləri vəhşiliklər beynəlxalq ictimaiyyətə daha çox izah edilməlidir." Müsahibəsində R. Həsənov bu sözləri qeyd edərək bildirib ki, Bakıda və Azərbaycanın digər bölgələrində kilsələr, məbədlər, monastırlar, eləcə də digər dini abidələr qorunub saxlanılsa da,  ermənilər nə işğaldan azad edilən ərazilərdə, nə də Ermənistan adlandırdığımız Qərbi Azərbaycan torpaqlarında bu həssaslığı göstərməyiblər. Əksinə, bütün abidələri məhv ediblər. “Ermənilərin otuz il ərzində işğal etdikləri torpaqlarda milli, mənəvi və mədəni abidələrimizi necə məhv etdiklərini bütün dünyaya elan etməliyik. Sanki dünyanın görə bilmədiyi və ya görmək istəmədiyi həqiqətləri onların üzünə səsləndirməliyik.”

BBMM-in icraçı direktoru onu da əlavə edib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, mədəniyyətlərin kəsişməsində olan Azərbaycan örnək model olan multikulturalizm və tolerantlıq ənənəsinə sahibdir. Ermənistandan fərqli olaraq, müxtəlif etnik qruplara, kimliklərə və dinlərə mənsub insanlar ölkəmizdə sülh və barış içərisində yaşayırlar.

“Bu müharibə həmrəy olduğumuzu, heç bir gücün bizi heç vaxt bölə bilməyəcəyini ortaya qoydu. Səngərdəki qəhrəmanlarımız düşmənə qarşı, qalanlarımız informasiya müharibəsində düşmənə qarşı vuruşduq.” Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında möhkəm birləşən Azərbaycan xalqı torpaqlarımızı işğaldan qurtardı. Yenə də bu bölgələrdə hər kəs dinc və sakit yaşamağa davam edəcək. Çünki Azərbaycan dünyaya çox inkişaf etmiş bir multikulturalizm, sülh və tolerantlıq modeli təqdim edir. Buna görə də, müxtəlif etnik və dini kimliyə sahib olmasına baxmayaraq, bütün azərbaycanlılar "Azərbaycan" deyərək, Vətənin müdafiəsinə qalxdığı kimi, mədəniyyətimizi, adət və ənənələrimizi də qoruyacaq, əbədi yaşadacaqlar.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti

 

https://www.yeniakit.com.tr/haber/ermeni-barbarligi-dunyaya-anlatilacak-1509546.html

https://azertag.az/xeber/Azerbaycan_dunyaya_ornek_multikulturalizm_modeli_teqdim_edir-1707471

https://rupor.az/siyaset/13034-azrbaycan-dnyaya-rnk-multikulturalizm-modeli-tqdim-edir.html