Ukraynalı tələbələr: “Azərbaycan multikulturalizmi” fakültətivi sayəsində Azərbaycanda mədəni və dini müxtəliflik barədə çox şey öyrəndik
Bu tədris ilində Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun Türkologiya kafedrasında “Azərbaycan multikulturalizmi” fakültətivi açılıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) himayəsi altında fəaliyyət göstərən fakültətivin müəllimi BBMM-nin Ukraynadakı nümayəndəsi Marina Qonçarukdur.
Fakültativin müdavimləri olan tələbələr tədris prosesi barədə fikirlərini bölüşüblər.
İkinci kurs tələbəsi Natalya Lınnık deyib: “Bu fakültətiv kurs bizi Azərbaycanla daha yaxından tanış edir, bu ölkənin mədəni və dini müxtəlifliyini bizə göstərir. Mühazirələri dinləyəndən sonra aydın olur ki, Azərbaycan Respublikası sadəcə xəritədə daha bir ölkə demək deyil. Azərbaycan - mədəniyyətlərarası və etnoslararası dialoqun inkişafı sahəsində zəngin təcrübəyə malik olan unikal dövlət, azərbaycanlılar isə etnik azlıqlara tolerant münasibətin vacibliyini anlayan xalqdır. Azərbaycan onu öyrənmək istəyən hər kəs üçün açıq ölkədir. Azərbaycan multikulturalizmi barədə dialoqda iştirak edən hər kəs özünün bu dialoqda əhəmiyyətini anlayır və bu sahədə yeni informasiyanı səmimi bölüşür”.
Digər ikinci kurs tələbəsi Anna Kozakova deyib: “Bu fakültətiv Bakıdakı beynəlxalq multikulturalizm məktəblərini ziyarət etmək, Azərbaycanın adi vətəndaşları ilə görüşmək, onların həyatını daxildən hiss etmək, Azərbaycan dilinə aid biliklərini təkmilləşdirmək, Azərbaycan haqqında bilikləri dərinləşdirmək imkanıdır. Əlbəttə, bu, yeni təcrübə, yeni biliklər və yeni tanışlıqlar deməkdir”.
Birinci kurs tələbəsi Aleksandra Pastuşenko Azərbaycan mədəniyyəti ilə hələ 2018-ci ildə maraqlanmağa başlayıb. O deyir: “Mən Türkiyəyə təcrübə keçməyə getmişdim, orada Azərbaycandan gəlmiş qızlarla tanış oldum. Vaxtımın çox hissəsini onlarla keçirirdim və Azərbaycan barədə çoxlu təzə məlumat əldə etdim. Bizim Türkologiya kafedrasında “Azərbaycan multikulturalizmi” fakültətivi açılanda dərhal oraya üzv yazıldım və məşğələlərə getməyə başladım. Bu, Azərbaycan multikulturalizmi ilə tanış olmaq üçün, çoxlu təzə və aktual biliklər əldə etmək üçün əla imkandır”.
Tələbə Olqa Dvorova Azərbaycan multikulturalizminin müasir reallıqlar barədə çox maraqlı mövzu olduğunu vurğulayaraq deyib: “Dünyada qloballaşma prosesi gedir, buna görə də multikulturalizm çox aktual anlayışdır. Krım tatarlarının dilini öyrənən bir insan kimi mən türk dünyasının daha bir ölkəsini – Azərbaycanı öyrənmək imkanını çox maraqla qarşıladım. Axı, Azərbaycan tarixən çoxsaylı mədəniyyətlərin qovuşduğu məkan olub və Azərbaycanda müxtəlif etnosların qarşılıqlı hörmət və tolerantlıq şəraitində dinc yanaşı yaşaması, burada bütün etnosların inkişafına dövlət səviyyəsində dəstək verilməsi çox maraqlı faktdır. Digər ölkələr və xalqlar da bunu öyrənməlidirlər”.
https://azertag.az/xeber/1654309