Multikulturalizm Mərkəzi Almaniyada tədbirlər keçirir
Sentyabrın 28-i və 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialının təşkilatçılığı ilə Pirna və Drezden Universitetlərində silsilə tədbirlər keçirilib. Pirna Universitetinin dəvəti ilə gerçəkləşən görüşdə BBMM-in Drezden filialının rəhbəri Birgit Vaysgerber "Cənubi Qafqazda almanların məskunlaşması" mövzusunda mühazirə oxuyub. Bir saatlıq mühazirə zamanı B.Vaysgerber cari ilin may ayında Azərbaycana olan səfərinin detalları, eləcə də Gəncə və Göygöl şəhərlərində apardığı araşdırmaların nəticələri haqda da məlumat verib. Çıxış zamanı o, almanların Azərbaycanda məskunlaşmasının ölkənin iqtisadi, sosial və mədəni inkişafındakı rolu ilə yanaşı, multikultural ənənələrinə təsiri mövzusuna da toxunub. Tədbir iştirakçıları Azərbaycanda bugünkü multikultural və tolerant mühit, eləcə də müxtəlif dini qurumlara dövlət dəstəyi ilə bağlı məqamlarla maraqlanıblar. Sonda tədbirin təşkili, geniş və maraqlı mühazirə üçün BBMM-in Derzeden filialına təşəkkülərini bildiriblər.
XXIX Mədəniyyətlərarası Günlər çərçivəsində Drezden Universitetində keçirilən tədbir isə "Naməlum Azərbaycan - Odlar Yurdu" adlanıb. Tədbirdən öncə almanların Qafqazda məskumlaşması mövzusunda sərginin açılışı olub. Sərgidən sonra Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Maria Aux Azərbaycanın multikultural keçmişi və bugünündən bəhs edən mühazirə ilə çıxış edib. 2 saatlıq mühazirə zamanı professor Aux diqqəti keçmişdə və müasir dövrdə miqrasiya prosesləri arasında mövcud olan paralellərə yönəldib. Daha sonra o, Azərbaycanda alman yaşayış məntəqələrinin son 2 əsrdəki inkişafı mövzusuna toxunub. Tədbir iştirakçıları Azərbaycan və Alman tarixinin az bilinən məqamları haqda olan çıxışı maraqla dinləyiblər.
Yaxın günlərdə sərginin Drezdendə fərqli bir məkanda yenidən təqdim olunması, BBMM-in Drezden filialının rəhbəri Birgit Vaysgerberın isə Radburq şəhərində "Naməlum Azərbaycan" mövzusunda mühazirə oxuması planlaşdırılır.
BBMM-in mətbuat xidməti