Multikulturalizm Mərkəzi qış məktəbi keçirir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fevralın 14-dən “Azərbaycan multikulturalizmi modelinin bəşəri sülhə töhvəsi” adlı X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinə başlayacaq.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirir. Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir. 2019-cu ilin payız semestrində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin qatılacağı X Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 14-dən 22-dək Bakı şəhəri ilə yanaşı, Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərəcək.

Qeyd edək ki, Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 21, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

X Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Ukrayna, Kolumbiya, Xorvatiya, Hindistan, İrak, Yaponiya, İordaniya, Qazaxstan, Qırğızstan, Litva, Monteneqro, Moldova, Nigeriya, Portuqaliya, Rusiya, San Tome və Principi Demokratik Respublikası, Türkiyə, ABŞ və Braziliya kimi ölkələrin aparıcı universitetlərindən 25 tələbənin iştirak edəcəyi gözlənilir. Qış məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim ediləcək.

Qış məktəbi müddətində iştirakçıların BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşü planlaşdırılır. Tələbələrin Şəhidlər Xiyabanı və Fəxri Xiyabana, Qobustana, Atəşgaha, İçərişəhərə, “Şahdağ qış-yay turizm kompleksi”nə, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinə, Quba Soyqırımı Memorial Kompleksi səfərləri və Qubada dağ yəhudilərinin kompakt yaşadığı “Qırmızı Qəsəbə”də yerli əhali ilə görüşləri, məscid, kilsə və sinaqoqları ziyarəti də nəzərdə tutulub. Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti

Etiketlər