Qanunauyğun Zəfər
Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyinin yalnız bu ən böyük beynəlxalq təşkilata üzv dövlətlər tərəfindən deyil, həmçinin qlobal təhlükəsizliyin əsaslarının bərkidilməsi üzrə cəhdləri dəstəkləyən geniş ictimai qüvvələr, dövlətlər tərəfindən də böyük təqdir və optimistik gözləntilərlə qarşılanması simvolik bir haldır.
Münasibətlərin yaxşılaşdırılması modeli vasitəsilə əməkdaşlıq qurşağının genişləndirilməsi, sabitliyin dayanıqlılıq ehtiyatının gücləndirilməsi bu gün həmişəkindən də aktualdır. Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi həm də bu nisbətən cavan və kiçik ölkənin nəinki Cənubi Qafqazın iqtisadi lideri olması, eyni zamanda mədəniyyətlərarası dialoqun genişlənməsinə rəhbərlik etməsi, iri infrastruktur neft-qaz, nəqliyyat-kommunikasiya layihələri vasitəsilə beynəlxalq əməkdaşlığa əlindən gələni etməsi ilə şərtlənir.
Azərbaycanın QH-a sədrliyini dəstəkləyən müxtəlif qitə dövlətləri Prezident İlham Əliyevin təkcə öz ölkəsinin deyil, həm də Avrasiyanın böyük kommunikasiya və sərhəd regionunun sosial-iqtisadi simasını nəzərəçarpacaq dərəcədə dəyişmiş innovasiya konsepsiyasına etibar votumunu ifadə ediblər. Başqa sözlə, Azərbaycanın daxilində və onun milli hüdudlarından kənarda sülh və inkişaf unikal və universal mövqelənmə modelidir.
Onunla silahlanaraq, qonşu dövlətlər və tərəfdaş ölkələr QH-nın əsas prinsipləri ilə korrelyasiya edən işlək və perspektivli fikir və ideyaları birgə həyata keçirirlər. Bandunq prinsipləri kimi tanınan bu prinsiplər bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə sözsüz hörmət edilməsini nəzərdə tutur. Onlar həm də dövlətlərin daxili işlərinə müdaxiləni rədd edir, qarşılıqlı maraqların qorunması və əməkdaşlığı təşviq etməyi nəzərdə tuturlar. Bütün bunlar Azərbaycanın daxili və xarici siyasətinin prioritetləri ilə tam üst-üstə düşür və niyyətlərin, eləcə də həyata keçirilən təşəbbüslərin vəhdətini əyani görərək, inkişaf etməkdə olan dünya ölkələri yekdilliklə rəsmi Bakının olduqca praqmatik və ağlabatan birgə fəaliyyət planını təklif edən uğurlu kursuna üstünlük verirlər.
Prezident İlham Əliyevin ictimaiyyət tərəfindən hərtərəfli dəstəklənən ən mühüm qlobal təşəbbüslərindən biri də tələb olunan fəaliyyətə layiqli və ən yüksək dərəcəli funksional nümunə olan “Bakı Prosesi”dir. Qeyri-sabit regionların sayının durmadan çoxaldığı sürətlə artan çağırışlar şəraitində, Bakı intensiv dialoq və qarşılıqlı fəaliyyət rejimi təklif edir. Onun bazasında zaman və şəraitin şərtlərinə uyğun alqoritmlər yaranır.
Azərbaycan lideri Qoşulmama Hərəkatının Zirvə Görüşünün iştirakçılarına və cəmiyyətə müraciət edərək, ölkəsinin tolerantlıq və multikulturalizm ənənələrinin taleyüklü əhəmiyyət daşıdığını bir daha xatırladıb. Multikulturalizm xalqın və onun milli elitasının şüurlu seçimi olaraq zorakılığın və seqreqasiyanın bütün formalarını rədd edir, etnik-dini bərabərliyi norma səviyyəsinə yüksəldir. Sabitlik və sakit mühit olmadan irəliyə doğru hərəkət ola bilməz. Ermənistanın ekspansionist kursunun riskləri və təhlükələri daim diversifikasiya etdiyi Cənubi Qafqazdakı vəziyyət bunun təsdiqidir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev yüksək auditoriya və cəmiyyətə müraciətində Qarabağ müharibəsinin məhvedici nəticələrini vurğulamış, İrəvanın əsassız ərazi iddialarının mürəkkəb və dağıdıcı nəticələr doğurduğunu qeyd etmişdir. Ermənistan münaqişə zonasında etnik təmizləmə siyasəti həyata keçirərək, Azərbaycana silahlı basqın törətməklə bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü humanitar fəlakətə səbəb olmuşdur. Yerevan Xocalı soyqırımını da törətmişdir. Bu gün onu 10-dan çox ölkədə tanıyıblar və əgər ikili standartlar meyli olmasa idi, Ermənistan özünün dağıdıcı və təhlükəli siyasətinə görə çoxdan dünya tərəfindən qınanmış və nifrətə layiq görülmüşdü.
Lakin bu gün dünya, nəhayət, anlayıb ki, həqiqət və ədalət milli müstəqillik və tarixi həqiqətin müdafiəsində ədalət prinsipinin qorunması uğrunda hədsiz yüksək dəyər ödəyən Azərbaycanın tərəfindədir.
Prezident İlham Əliyev xatırladıb: “Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılmış, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilmişdir. Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycan izini itirməyə çalışaraq bütün toponimləri erməniləşdirir. Ermənistan, həmçinin işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur”.
Əlbəttə ki, cinayətkar fəaliyyətin qarşısı etibarlı şəkildə alınmışdır və erməni vandalizminin ağır nəticələri aradan götürüləcək və həqiqət mütləq zəfər çalacaqdır. Azərbaycan bir daha özünün və qərb qonşusunun nümunəsi üzərində nöqsanlı monomilli dövlət quruculuğu mədəniyyətinin nəyə gətirdiyini və multikulturalizm siyasətinə etinasız yanaşmanın nə ilə nəticələndiyini göstərmişdir.
Azərbaycan Qoşulmama Hərəkatına səkkizillik üzvlükdən sonra qanunauyğun zəfərə layiq görülüb, çünki Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin irəliləyiş siyasəti müasirlərin və yeni nəsillərin istək və gözləntiləri dalğasına köklənən funksional quruculuq paradiqmalarının yaranmasına səbəb olmuşdur. Buna görə də Azərbaycan lideri sülhün möhkəmləndirilməsi, əmin-amanlıq və həqiqi inkişaf yolunda səyləri gücləndirməyi təklif edib və onun imperativləri anlayış və ümumi razılıqla qarşılanıb.
Rəvan Həsənov,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru