Azərbaycan multikulturalizmi. Etnik müxtəliflik xəzinəsi” kitabının təqdimat mərasimi keçirilib
Noyabrın 25-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə maliyyə dəstəyi ilə nəşr olunan “Azərbaycan multikulturalizmi. Etnik müxtəliflik xəzinəsi” (Azerbaiyani multiculturalizm. The Treasure of Ethnic Diversity) adlı kitabın təqdimat mərasimi keçirilib. İngilis dilində və nəfis tərtibatda nəşr olunun kitabda Azərbaycanda yaşayan etnik xalqların mədəniyyətindən bəhs olunur.
Təqdimat mərasimindən əvvəl Azərbaycan Pedaqoji Universitetinin 4-cü kurs tələbəsi Kənan Məmmədovun ssenarisi əsasında hazırlanan “Şərqin tolerantlıq qapısı” adlı qısametrajlı film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov multikulturalizmin cəmiyyətdə mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olduğunu bildirib. Azərbaycanda multukulturalizmin ənənələrindən danışan icraçı direktor kitabın əhəmiyyətini qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov bildirib ki, Azərbaycan dünya multikulturalizminin ən çox inkişaf etdiyi ölkələrdən biridir. Onun sözlərinə görə, multikulturalizm Azərbaycanın dövlət siyasətinin bir hissəsi olmaqla bərəbər, həm də xalqımızın həyat tərzinə çevrilib. “Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların, dinlərin nümayəndələri yaşayıblar, indi də dinc və mehriban şəraitdə yaşayırlar. Bir çox fərqli mədəniyyətin bir arada yaşam tərzini özündə əks etdirən multikulturalizm cəmiyyətdəki etnik müxtəlifliyin tənzimləməsinin ən uğurlu modelidir. Mədəni müxtəlifliyin qorunması baxımından 2001-ci il noyabrın 2-də qəbul edilən YUNESKO-nun Bəyannaməsində belə bir fikir yürüdülür ki, mədəni müxtəliflik məhz yaradıcılığın, inkişafın mənbəyidir.
Ulu öndər deyirdi ki, “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar. Azərbaycan müxtəlif millətlərin, xalqların dinc və yanaşı yaşadığı ölkədir. Elə ölkələr var ki, onlar dini və mədəni müxtəlifliyin əleyhinə çıxır və ölkələrində başqa millətlərin yaşamasını istəmirlər. Belə ölkələrdən biri də mənfur qonşumuz Ermənistandır. Hələ ötən əsrin 30-cu illərində burada Qareqin Nijde adlı qatı millətçi fəaliyyət göstərirdi və o, Böyük Vətən Müharibəsi İllərində faşist Almaniyası ilə ittifaqa girmişdi. Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının Aşqabadda çıxışında belə bir insana abidə qoyulmasını kəskin surətdə pislədi. Azərbaycan dövləti, xalqı etnik müxtəlifliyə, multikulturalizmə müsbət baxır, dəstəkləyir. Yeni nəşr olunan kitab da bunu təsdiq edir.”- deyə, Prezidentinin Administrasiyasının şöbə müdiri deyib. E.Nəcəfov müəllim kitabın nəşrində əməyi olanlara təşəkkürünü bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, kitab Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. “Düşünürəm ki, bu kitab təcavüzkar və işğalçı Ermənistanın Azərbaycana qarşı piyar kampaniyasında ən yaxşı informasiya silahlarından biri olacaq. İnformasiya müharibəsində öz imkanlarımızdan istifadə etməliyik. Dünyada 8 milyard insan var və 50 milyonluq 25 xalq var ki, onlardan biri də Azərbaycandır. Mənəvi Dəyərlərin Təbluiği Fondu da BBMM kimi mütamadi olaraq kitablar nəşr edir. Tariximizin, mədəniyyətimizin dünyaya çatdırılmasında, təbliğ olunmasında mühüm işlər görülür.” – deyə M.Qurbanlı vurğulayıb. Dövlət Komitəsinin sədri qeyd edib ki, Dünya dini liderlərinin II Bakı Sammitinin Bakıda keçirilməsi ölkəmizin tolerant olkə olduğunu bir daha dünya göstərdi. Prezidentin sammitdə çıxışı dini liderlər tərəfindən maraqla qarşılandı və dini liderlər ölkəmizdə tolerantlığın, multukulturalizmin hökm sürdüyünün əyani şahidi oldular. Mənəvi və dini dəyərlərin təbliği və qorunmasının daim diqqət mərkəzində olduğunu deyən M.Qurbanlı kitabın elektron versiyasının yayılmasının önəmini diqqətə çatdırıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direktoru Mehman İsmayılov qeyd edib ki, ikinci ildir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Mənəvi Dəyərlərin Təbliği Fondunun bir sıra birgə layihələri həyata keçirilir. O bildirib ki, multikulturalizm müxtəlif mədəniyyətlərin inteqrasiya olunmuş şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. M.İsmayılov kitabın əhəmiyyətindən danışaraq ingilis dilində olan nəşrin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vasitə olduğunu vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev qeyd edib ki, İslam dini bütün insanları birliyə çağırır. Onun sözlərinə görə, dövlət başçısı ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinə hər zaman diqqət və qayğı göstərir. Hər il müxtəlif dinlərin nümçayəndələri Ramazan süfrəsinə dəvət olunur və birgə nahar edilir. Dünya liderlərinin II Bakı Sammitində dini liderlər ölkəmizdə gördüklərindən məmnun və razı qaldılar.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitututnun direktoru, professor Maisə Rəhimova, AMEA Folklor İnstitututnun direktoru, akademik Muxtar İmanov, İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, etnik xalqların nümayəndələri olan Kürd icmasının ağsaqqalı Əhməde Həpo, Alban-Udi Xristian İcmasının rəhbəri Robert Mobili, Mifodiy Ata və başqaları Azərbaycanda multikulturalizm ənənələrindən danışıblar.
Kitabın müəllifləri UNEC Multikulturalizm Mərkəzinin rəhbəri, professor Məhəbbət Paşayeva və BBMM-nin əməkdaşı Araz Qurbanov tədbirin sonunda kitabın ərsəyə gəlməsi barədə fikirlərini bölüşüblər.