Bəhai Beynəlxalq Birliyinin baş katibi: Azərbaycanın çox zəngin multikulturalizm və tolerantlıq ənənələri var
Bakı, 1 may
Azərbaycanın çox zəngin tolerantlıq və multikulturalizm ənənələri var.
Bu fikri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilən görüşdə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bəhai Beynəlxalq Birliyinin baş katibi Coşua Linkoln deyib.
Ölkəmizə ilk dəfə səfər etdiyini deyən Coşua Linkoln Azərbaycanın dünyaya birgəyaşayış nümunəsi nümayiş etdirdiyini və bu modelin kökündə dini azadlıqların təmin edilməsinin dayandığını vurğulayıb. O, Azərbaycanda kök salmış multikulturalizm və tolerantlıq ənənələrindən danışaraq bu dəyərlərin ölkəmizdə əsrlərdir mövcud olduğunu qeyd edib. Ölkəmizin tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malik olduğunu diqqətə çatdıran qonaq Bəhai icmasına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışında Azərbaycanın multikulturalizm siyasəti haqqında məlumat verib. O, Azərbaycan rəhbərliyinin bu istiqamətə xüsusi diqqət ayırdığını, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2014-cü ildə məhz Prezident İlham Əliyevin Sərəncamı ilə yaradıldığını diqqətə çatdırıb. Bildirilib ki, Mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanın multikulturalizm ənənələrinin öyrənilməsi, bu sahədə dünya təcrübəsinin araşdırılması və Azərbaycan modelinin bütün dünyada təbliğinin həyata keçirilməsidir. Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.
Bəhai dini icmasının rəhbəri Ramazan Əsgərli qeyd edib ki, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan tarixboyu öz mədəniyyətini inkişaf etdirib. Azərbaycan xalqı digər mədəniyyətlərə və millətlərə münasibətdə hər zaman tolerantlıq, mehribanlıq nümayiş etdirir. Azərbaycan hökuməti bu mədəniyyəti qorumaq üçün geniş şərait yaradıb və multikulturalizmi dövlət siyasəti kimi qəbul edib. Bəhai yazılarında azərbaycanlılar zəngin və qədim mədəniyyəti olan sülhsevər insanlar kimi təsvir edilirlər. Bəhai dini icmasından olanlar bu əlverişli şəraitdən yararlanır və cəmiyyətimizin inkişafına töhfələrini verirlər. “Bizim inancımızı yerinə yetirməyə şərait yaratdığına görə Azərbaycan hökumətinə minnətdarıq”, - deyə o əlavə edib.
Görüşün sonunda qonaqlara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşr etdirdiyi, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən bəhs edən kitablar təqdim olunub.