“Terror multikulturalizmə qarşı “Azərbaycanlıların soyqırımı-100” VII dəyirmi masa materialları nəşr olunub
Azərbaycanda multikulturalizm həyat tərzi və dövlət siyasətidir. Bu siyasət tarixi inkişaf yolu keçmiş, irqi və konfessional-etnik zəmində dünyadakı münaqişələrə qarşı çıxaraq dövlətin əsas siyasi xətlərindən birinə çevrilmişdir. XX əsr qorxu və zorakılıq daşıyıcısı olan erməni terrorizminin partlayışları ilə yadda qalmışdır. Öz ağlasığmaz arzularını – Şərqi Anadoluda erməni dövlətçilyinin formalaşdırılmasını həyata keçirə bilməyən erməni millətçiləri 1918-ci ilin yazında Cənubi Qafqazda və Mərkəzi Asiyada milli və dini zəmində on minlərlə günahsız insanı məhv etmişlər. Təsadüfi deyil ki, ölkə rəhbəri cənab Prezident İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci ilin yanvarında sərəncam imzalamışdır. Daha sonra isə Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqında sərəncamıyla bu istiqamətdə bir çox tədbirlər həyata keçirilmişdi. Bu sərəncama əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də bir sıra tədbirlər keçirmişdi.
Bütövlükdə, BBMM Azərbaycan xalıqının çoxəsrlik ənənələri və mədəni –mənəvi dəyərlərinə əsaslanaraq, erməni terroruna qarşı yönəlmiş ciddi layihələr həyata keçirir. Təkcə Azərbaycanın elmi və ictimai- siyasi həyatında deyil, zorakılığa və terrora qarşı çıxış edən digər ölkələrdə də əhəmiyyətli hadisəyə çevrilmiş “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində 2 dəfə Beynəlxalq elmi konfrans keçirilmişdir. 2015-ci və 2018-ci illərdə baş tutan I və II Beynəlxalq elmi konfranslarda müxtəlif ölkələrin elmi mərkəzlərinin nümayəndələri iştirak etmişdilər. Tarixçi, hüquqşünas, dinşünas, ədəbiyyatşünas alimlər Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan, Böyük Britaniya, Fransa və Almaniyanın arxiv sənədlərinə istinad edərək terror hadisələrinin, konkret olaraq erməni terrorizminin köklərini və səbəblərini araşdırmaqla, bu siyasi-hərbi təhdidin qarşısının alınması üçün onunla beynəlxalq səviyyədə mübarizənin zəruriliyi nəticəsinə gəlmişlər.
“Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində Bakı şəhərində keçirilmiş hər iki beynəlxalq konfransın materialları bir yerə toplanaraq nəşr olunmuşdur. Məruzələrin ümumi ortaq mövzuya həsr edildiyini və bir-biri ilə əlaqəsini diqqətə çatdırmaq, eləcə də onların daha rahat və asan qavranılmasına nail olmaq məqsədilə nəşrin redaktorları ənənəvi “ konfrans materialları“ deyil, dəyirmi masa mödelinə üstünlük vermişər. Bu dəyirmi masanın materialları yaxın vaxtlarda ingilis və rus dillərinə də tərcümə edilərək nəşr olunacaqdır. Terror multikulturalizmə qarşı layihəsinin ideya müəllifi və rəhbəri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Akademik Kamal Abdullayev, elmi redaktorları prof. Solmaz Rüstəmova Tohidi, prof. Həcər Verdiyeva, dos. Nigar Gözəlova və məsul katibi f.ü.f.d. Rəşad İlyasovdur.