Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-25“ mövzusunda tədbir keçirilib
Fevralın 23-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-25“ mövzusunda anım tədbiri keçirilib.
Öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımının dəhşətlərindən söz açıb: “Bu faciədə qətlə yetirilən insanların öldürülmələrinin səbəbi onların müsəlman və azərbaycanlı olmaları idi. Bu, həmin faciənin məhz qətliam kimi dəyərləndirilməsinə bir sübutdur. Bu gün təkcə Xocalı sakinləri deyil, bütün Azərbaycan xalqı xocalılıdır. Bu gün Azərbaycanın vətəndaşları, Azərbaycanın dünyadakı dostları mənən, qəlbən Xocalıdan sayıla bilərlər. Dünyada müxtəlif qurumlarda, parlamentlərdə Xocalı faciəsi ilə bağlı son dərəcə ciddi sənədlərin qəbul edilməsi istiqamətində həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də ölkənin birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Bu gün dünya Xocalı faciəsini tanımağa başlayıb, Azərbaycanın dostları da bu gün xalqımızın dərdinə şərik olur. Əlbəttə ki, 26 fevral simvolik bir tarixdir, faktiki olaraq hər gün Xocalı faciəsi azərbaycanlıların qəlbində bir yara kimi qalır. Bəzən gənclər mənə sual verirlər ki, faciələrimizin qisasını almaq üçün, gələcəkdə bir daha təkrarlanmaması üçün nə edə bilərik? Mənim cavabım belədir: Ölkə Prezidentinin ətrafında daha sıx birləşək, onun Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş titanik zəhmətini doğru-düzgün qiymətləndirək və Azərbaycan dövlətinin bu istiqamətdə apardığı siyasətə dəstək olaq.
Bu gün Xocalı qətliamı ilə bağlı yanımızda Azərbaycan xristianlarını, Azərbaycan yəhudilərini görmək son dərəcə təskinedici bir məqamdır. 2 gün bundan əvvəl Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı böyük bir tədbir təşkil edilmişdi. Həmin tədbirdə Azərbaycanda fəaliyyət göstərən dini və etnik icmaların nümayəndələri Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə bəyanat ünvanladılar və həmin bəyanatda bu faciənin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyət əleyhinə yönələn cinayət kimi qiymətləndirdilər. Xocalı qətliamı Azərbaycanda yaşayan çoxsaylı etnik və dini icmaların nümayəndələrinin, burada əsrlərdir məskunlaşan böyüklü- kiçikli xalqların da faciəsidir.
Bu tədbirdə Aurelia Qriqoriu xanımı görməkdən böyük məmnunluq hissi duyuram. Bilirsiniz ki, Aurelia xanım Moldova Respublikasının Ombudsmanı olarkən Ermənistan Parlamentindəki çıxışında onların həyata keçirdiyi qəsbkarlıq siyasətini üzlərinə çırpmaqdan çəkinməmişdi.
İsraildə yaşayan həmyerlimiz, bu gün isə burda bizimlə yanaşı olan, müstəqil siyasi ekspert Arye Qut Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün səylərini əsirgəmir. Bizim ətrafımızda dostlarımız sayca get-gedə çoxalır. Bu sayın çoxalmasının səbəbi cənab Prezidentin bu gün Azərbaycan üçün gördüyü işlərə dünya ictimaiyyəti tərəfindən yönələn maraqdır. Azərbaycan sülhsevər və tolerant bir ölkədir. Buna görə də biz Dağlıq Qarabağ probleminin sülh yoluyla həll edilməsinə çalışırıq. Dövlətimizin başçısı İlham Əliyev hər zaman Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, Azərbaycanın işğal edilmiş torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir. Əgər sülh imkanları tükənsə, biz hərbi yolla da öz torpaqlarımızı işğaldan azad etməyə qadirik. Aprel döyüşlərində Milli Ordumuzun əldə etdiyi qələbələr də bunun sübutudur. Əminəm ki, xalqımız tezliklə işğal olunan rayonlarımıza qayıdacaq”.
BBMM-nin icraçı direktoru Azad Məmmədovun moderatorluğu ilə davam edən tədbirdə Xocalı soyqırımı haqqında film nümayiş etdirilib.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Xocalıdan olan məcburi köçkünlərin respublikanın müxtəlif rayonlarında məskunlaşdığını vurğulayıb, özünün də faciənin canlı şahidi olduğunu qeyd edib: “Xocalıda olan bütün əsgərlər kimi mən də əlimə silah alıb səngərlərdə ermənilərə qarşı döyüşmüşəm və fevralın 26-sı gecəsi Xocalı əhalisi ilə birlikdə oranı tərk etmişəm. Yəni o faciəni gözü ilə görüb yaşayan insanlardan biri də mən olmuşam. Gözümün önündə erməni daşnakları bizim azyaşlı uşaqları, körpələri, qadınları güllələyiblər. Faciə dövründə mən bu dəqiqə də itkin sayılan 6 əmim oğlunu itirmişəm, 2 əmimin yoldaşı, əmimin qızı, uşaqlar faciədə şəhid olub. Ümumilikdə bizim ailədə 20-dən artıq şəhid və itkin var”.
İcra başçısı çıxışında Azərbaycan dövləti, Azərbaycan prezidenti İlham Əliyevin Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində böyük işlər gördüyünü vurğulayıb.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bütün dünyada Xocalı soyqırımının tanınması, Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşiliklərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində genişmiqyaslı işlər aparılır və bir sıra ölkələrdə bu vəhşilik artıq soyqırım kimi tanınır: “Biz heç vaxt Xocalı soyqırımını unutmamalı və bu faciəni gələcək nəslə çatdırmalıyıq. Bu cinayəti törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər".
BBMM-in Moldova filialının rəhbəri Aurelio Qriqoriu, BBMM-in İsrail filialının sədri Arye Qut, Alban-Udi Xristian dini icmasının rəhbəri Robert Mobili, Azərbaycanda yaşayan Axıska türklərinin “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının mətbuat katibi Konstantin Ata, professorlar Solmaz Tovhidi, İmamverdi Həmidov və başqaları çıxışlarında Xocalı faciəsinin təkcə Azərbaycan xalqının yarası olmadığını qeyd ediblər, bu qətliamı bütün dünyanın ağrısı və bəşəriyyətə qarşı yönələn cinayət kimi dəyərləndiriblər.
Azərbaycanda yaşayan yunan, ingiloy, avar, tatar, kürd, ləzgi icmalarının, eləcə də xristian və yəhudi icmalarının nümayəndələri, müxtəlif rəsmi qurumların rəhbərləri və alimlərin iştirak etdiyi tədbirdə soyqırım şahidlərinin ağrılı xatirələri dinlənilib. Tədbirdə soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının zəruriliyi və cinayətkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsinin vacibliyi bəyan edilib.
Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-25“ mövzusunda tədbir keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.