Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən yeni möhtəşəm layihə: “Terror multikulturalizmə qarşı”
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Terror multikulturalizmə qarşı” adlı növbəti möhtəşəm layihəyə start verib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu və Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) birgə dəstəyi ilə həyata keçiriləcək uzunmüddətli layihə çərçivəsində ölkəmizdə, eləcə də Avropa ölkələrində silsilə beynəlxalq elmi-praktiki konfranslar, simpoziumlar və forumların keçirilməsi, televiziya proqramları, videoçarxlar və filmlərin çəkilməsi, kitablar, broşürlər, bülletenlər, tarixi sənədlərin xarici dillərdə nəşri nəzərdə tutulur. Layihənin məqsədi zaman –zaman erməni ekstremistləri tərəfindən Azərbaycan ərazisində yaşayan həmvətənlərimizə- müxtəlif etnik köklərə mənsub Azərbaycan xalqlarına qarşı törədilən terrorun tarixi, miqyası, acı nəticələri və bundan sonra bu terrorun qarşısının alınması istiqamətində birgə əməkdaşlığın perspektivləri ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaqdır.
BBMM-də alim və mütəxəssislərin iştirakı ilə keçirilən iclasda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev çıxış edərək sözügedən layihəni mühüm siyasi-elmi aksiya kimi səciyyələndirib: “ Multikulturalizm asanlıqla əldə olunan bir dəyər deyil. Bunun üçün əsrlər lazım olur, sınaqlardan keçmək lazım gəlir. Əsrlərlə yaşı olan Azərbaycan multikulturalizminin formalaşma mərhələsində qarşılaşdığı maneələrdən biri erməni terrorudur. Erməni terroru dini və etnik müxtəlifliyi özündə ehtiva edən Azərbaycan multikulturalizminə ən böyük təhlükələrdən biridir. Əslində bugün Azərbaycanı narahat edə bilən heç bir erməni təxribatı yoxdur. Biz ermənilərin bütün təxribatlarına qarşı həmişə sözümüzü deyirik və deyəcəyik. Amma hər halda bəzi məsələlərdə adda-budda yox, məqsədyönlü şəkildə müxtəlif qurumlarla əl-ələ verərək birgə təşəbbüslə fəaliyyət göstərmək lazımdır”.
“Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində bu yaxınlarda təşkil ediləcək “Erməni terroru və Azərbaycan ” mövzusunda ilk beynəlxalq elmi-praktik konfransda ABŞ, Fransa, İran, Rusiya, Gürcüstan və Ermənistandan alim və mütəxəssislərin iştirakı gözlənilir.
Toplantıda çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, DQİDK-nin sədr müavini Gündüz İsmayılov, DİDK-nin aparat rəhbərinin müavini Tahir Hacıyev, Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Araz Qurbanov, tarixçi alim Güntəkin Nəcəfli erməni terroruna məruz qalan Azərbaycan xalqının həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından layihəni çox əhəmiyyətli təşəbbüs kimi dəyərləndiriblər.
Toplantıda “Terror multikulturalizmə qarşı” layihəsinin icrası ilə bağlı daimi təşkilat komitəsi yaradılıb. Daimi təşkilat komitəsində Dövlət müşaviri, akademik Kamal Abdullayev, AMEA-nın Prezidenti, akademik Akif Əlizadə , DQİDK–in sədri Mübariz Qurbanlı , DİDK-nin sədri Nazim İbrahimov, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, AMEA-nın Tarix İnstitunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, AMEA-nın Hüquq İnstitunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və BBMM-in icraçı direktoru Azad Məmmədov təmsil olunur.
Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən yeni möhtəşəm layihə: “Terror multikulturalizmə qarşı” впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.