Bakıda “Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib
Noyabrın 15-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin rəhbər şəxslərinin, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən birinin məhz tolerantlıqla bağlı olduğunu bildirib. Vurğulayıb ki, xalqımızın minilliklər ərzində formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin davamı olaraq Prezident İlham Əliyev tolerantlığı dövlət siyasəti səviyyəsinə qaldırıb. Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz beynəlxalq fəaliyyəti, həyata keçirdiyi çoxsaylı layihələri ilə Azərbaycanın multikulturalizminin üstünlüklərini dünyada əyani şəkildə nümayiş etdirir.
Diqqətə çatdırılıb ki, dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, həm də milli qanunvericiliyin mahiyyətində açıq-aydın görmək mümkündür. Azərbaycanda təkcə səmavi dinlərin yox, onların müxtəlif qollarının və cərəyanlarının mənsublarına da sərbəst şəkildə ibadət etmək, əqidələrini yaymaq imkanı yaradıldığını bildirən Dövlət Komitəsi sədrinin birinci müavini tolerantlığın Azərbaycan xalqının spesifik keyfiyyəti olduğunu deyib. Əlavə edib ki, Azərbaycandakı tolerantlıq mühiti ölkənin dini mənzərəsini əks etdirir.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, dövlət-din münasibətlərinin yüksək səviyyədə olması cəmiyyətdə mənəvi sabitliyin göstəricisidir. O qeyd edib ki, Azərbaycanda tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələri əmin-amanlıq şəraitində yaşayıblar. O, cəmiyyətimizin bu gün də tolerantlıq prinsiplərinə, multikultural ənənələrə sadiq qaldığını vurğulayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov çıxışında Azərbaycanın öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunə olduğunu qeyd edib. O, eyni zamanda, BBMM-in Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək istiqamətində gördüyü işlər barədə məlumat verib.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein vurğulayıb ki, Azərbaycanda dünyəvilik dövlət və Konstitusiya səviyyəsində dəstəklənir. A.İşein ölkəmizdə dünyəvi dəyərlərə, bəşəri ideallara, eləcə də başqa dini dəyərlərə hörmət göstərildiyini deyib.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev isə Azərbaycanda antisemitizm əlamətlərinin heç vaxt müşahidə olunmadığını bildirib. Qeyd edib ki, Azərbaycanda həmişə yəhudilərə doğma münasibət olub. M.Yevdayev digər konfessiyaların nümayəndələri kimi, yəhudi icmasının nümayəndələrinin də öz dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirdiklərini vurğulayıb.
Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı dini icmasının nümayəndəsi Moisey Bekker, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili çıxışlarında dövlətin qeyri-müsəlman dini konfessiyalara göstərdiyi diqqət və qayğıdan söz açıblar, Azərbaycanın nümunəvi tolerant modelinin müsəlmanların, yəhudilərin və xristianların sülh və qarşılıqlı hörmət şəraitində dinc yanaşı yaşamaq imkanlarını sübuta yetirdiyini bildiriblər.
Konfrans Azərbaycanda formalaşmış dini tolerantlıq mühitinin qorunub saxlanılması və onun daha da möhkəmləndirilməsi, eyni zamanda, bu sahədə əldə edilən nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği barədə fikir mübadiləsi ilə yekunlaşıb.