Multikulturalizm Mərkəzinin sertifikatları təqdim edildi

 

IMG_6255Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin universitetlərdə tədrisi üçün kadrların hazırlanması məqsədi ilə təşkil etdiyi təlimlərin birinci mərhələsi başa çatıb. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərliyi ilə keçirilən müşavirədə təlimlərdə iştirak edən 15 müəllimə sertifikatlar təqdim olunub.
Təlimlərin birinci mərhələsində Azərbaycan Dillər Universitetinin, Bakı Slavyan Universitetinin, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin müəllimləri və Prezident yanında Strarteji Araşdırmalar Mərkəzinin nümayəndəsi iştirak edib.
Təlim iştirakçıları Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyası nümayəndələrinin Azərbaycan multikulturalizminin tarixi və müasir dövrü, Azərbaycan Respublikasının multikulturalizm siyasəti barədə mühazirələrini dinləyib.
Təlimlər dörd mərhələdən ibarətdir və hər biri iki ay boyunca davam edir. Mühazirələr hər həftənin şənbə günü Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində həyata keçirilir. Hər mərhələnin sonunda təlim iştirakçıları Multikulturalizm Mərkəzinin sertifikatlarını əldə edir və növbəti semestrlərdə “Azərbaycan Multikulturalizmi” fənnini tədris edən müəllimlərin sırasına qoşulur.
Xatırladaq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan multikulturalizmi” fənninin xarici universitetlərdə tədris olunması layihəsi çərçivəsində bu fənn artıq 7 xarici ali təhsil ocağında tədris olunur. Universitet tələbələri “Azərbaycan multikulturalizmi” fənni üzrə bütün yaz semestri boyunca təhsil alacaqlar. Gələn semestrlərdən isə tədris olunan universitetlərin sırasına yeniləri əlavə olunacaq.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidməti
6 aprel 2015-ci il

Запись Multikulturalizm Mərkəzinin sertifikatları təqdim edildi впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.