XVI Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Quba rayonunda Qırmızı qəsəbə ilə tanış olublar
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Müxtəliflik və bərabərlik: İnklüziv gələcəyin qurulması” adlı XVI Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarının Quba rayonuna ekskursiyası təşkil olunub. İştirakçılar Qırmızı qəsəbə ilə tanış olublar. Onlara məlumat verilib ki, Quba ərazisində Qudyalçayın şimal sahillərində yerləşən Qırmızı qəsəbə nadir yaşayış məskənidir. Qırmızı kirəmitli damları ilə seçilən bu kənd yəhudilərin dünyada kompakt yaşadığı azsaylı məkanlardan biridir. Bu qəsəbənin sakinləri əsrlərdir ki, Qubada yaşayan dağ yəhudiləridir. İştirakçılar Qırmızı qəsəbədə yerləşən Dağ Yəhudiləri Muzeyində də olublar. Bildirilib ki, XIX əsrə aid Karcoq sinaqoqunda yerləşən muzey dünyada Dağ yəhudilərinə həsr edilmiş ilk və yeganə muzeydir. Sonra tələbələr “Giləki” sinaqoqunu ziyarət ediblər.
Qeyd edək ki, XVI Beynəlxalq Multikulturalizm Məktəbi martın 10-dək davam edəcək. İştirakçılar müxtəlif mövzularda mühazirələr dinləyirlər, məktəb çərçivəsində “Öz xalqını təqdim et” musiqili axşamlar da təşkil olunur. Burada iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat verirlər.
Qonaqlar həmçinin Heydər məscidində, Rus Provaslav Kilsəsində, Dağ Yəhudiləri Sinaqoqunda, Müqəddəs Məryəm Katolik kilsəsində də olacaqlar.
Sonra iştirakçıların BBMM-in Himayəçilik Şurasının sədri akademik Kamal Abdullayev, BBMM-in icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ilə görüşü planlaşdırılır.
Xatırladaq ki, Mərkəz yarandığı gündən etibarən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı bir sıra layihələr həyata keçirir. BBMM-in mühüm əhəmiyyət kəsb edən layihələrindən biri də artıq ənənə şəklini alan və mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Məktəblərinin təşkil olunmasıdır. Layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində dünyanın və Azərbaycanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün ildə iki dəfə Beynəlxalq Multikulturalizm Məktəbi təşkil olunur. Burada məqsəd tələbə gənclərin Azərbaycan multikulturalizmi haqqında nəzəri şəkildə öyrəndiklərini əyani olaraq göstərməkdir.