XVI Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarına Azərbaycan multikulturalizmindən danışılıb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Müxtəliflik və bərabərlik: İnklüziv gələcəyin qurulması” adlı XVI Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları “Azərbaycan cəmiyyətinin formalaşmasında multikulturalizm faktoru” mövzusunda mühazirə dinləyiblər. Mühazirəni Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri İrina Kunina təqdim edib. O çıxışında bildirib ki, multikulturalizm sosial ədalət, mədəni və dini tolerantlıq, bölgədə sabitliyin qorunması baxımından vacibdir. Azərbaycan tarix boyu fərqli millətlərin, dini konfessiyaların bir arada yaşadığı və mədəni əlaqələrin inkiaf etdiyi məkan olub. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində təbliğinin əsaslarını ölkənin dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. İrina Kunina vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev multikulturalizmi Azərbaycanda dövlətçilik ideologiyasına çevirmişdir. O, Azərbaycanda tolerantlıq mədəniyyətinin qorunmasında və ümumilikdə bu sahədə böyük islahatların aparılmasında əvəzsiz rol oynamışdır. Bu gün də multikulturalizm siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasət Azərbaycanın dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanınmasına mühüm töhfə verir.
Mühazirə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, interaktiv müzakirələr aparılıb.
Sonda suallar cavablandırılıb.
Qeyd edək ki, martın 10-dək davam edəcək XVI Beynəlxalq Multikulturalizm Məktəbində 21 ölkədən 25 tələbə iştirak edir. İştirakçılar müxtəlif mövzularda mühazirələr dinləyirlər, “Öz xalqını təqdim et” musiqili axşamlar da təşkil olunur. Burada iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat verirlər.
Qonaqlar həmçinin Heydər məscidində, Rus Provaslav Kilsəsində, Dağ Yəhudiləri Sinaqoqunda, Müqəddəs Məryəm Katolik kilsəsində də olacaqlar.
Sonra iştirakçıların BBMM-in Himayəçilik Şurasının sədri akademik Kamal Abdullayev, BBMM-in icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ilə görüşü planlaşdırılır.
Xatırladaq ki, Mərkəz yarandığı gündən etibarən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı bir sıra layihələr həyata keçirir. BBMM-in mühüm əhəmiyyət kəsb edən layihələrindən biri də artıq ənənə şəklini alan və mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Məktəblərinin təşkil olunmasıdır. Layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində dünyanın və Azərbaycanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün ildə iki dəfə Beynəlxalq Multikulturalizm Məktəbi təşkil olunur. Burada məqsəd tələbə gənclərin Azərbaycan multikulturalizmi haqqında nəzəri şəkildə öyrəndiklərini əyani olaraq göstərməkdir.