Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 167 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 167 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 480; 2023, № 3, maddə 374; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 oktyabr tarixli 2330 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 6.1-1-ci bənd əlavə edilsin:
“6.1-1. Mərkəzin icraçı direktorunun vəzifəyə təyin və vəzifədən azad etdiyi bir müavini vardır. İcraçı direktorun müavini icraçı direktor tərəfindən ona həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır. İcraçı direktor müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə onun müavini icra edir.”;
1.2. 6.3-cü bənddə “və işçilərinin” sözləri “, onun müavininin və digər işçilərinin” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2023-cü il
№ 2415