Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycanda bütün din mənsubları qardaşlıq münasibətində yaşayır
“İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan sessiyada ekspertlər "Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması" mövzusunda müzakirə aparıb. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun moderatorluğu ilə keçirilən sessiyada Şeyxülislam Hacı Allahşükür Paşazadə, İbrahim Neqm, Iffatul Umniati Ismail, Saliba Özmen, Yahya Pallavicini, və Georgi Zviadadze çıxış ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, hazırda Fransa Avropada islamofobiyanın tüğyan etdiyi bir ölkə kimi seçilir. O vurğulayıb ki, Azərbaycanda bütün din mənsubları qardaşlıq münasibətində yaşayır və dövlətin onlar üçün yaratdığı bütün şəraitdən istifadə edirlər. Təəssüf ki, son zamanlar Avropada islamofobiya meyilləri kəskinləşir. Bu mənada Fransada baş verən anti-islam meyilləri getdikcə daha da kəskinləşir.
Qeyd edək ki, martın 15 və 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır.