Bakıda “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib
Bakı, 16 aprel
Aprelin 16-da Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib.
DQİDK sədrinin müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən konfransda çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bəzi qrupların öz maraqlarını təmin etmək üçün din amilindən istifadə etməsi, dini və milli-mənəvi dəyərlərin bu gün bəzi maraqlı qüvvələrin alətinə çevrilməsi, xüsusilə son dövrdə dinin siyasiləşdirilmiş formada yayılması və təqdim edilməsinin təhlükələri, eyni zamanda, bu istiqamətdəki təhdidlərin qarşısının alınmasında medianın üzərinə düşən vəzifələr barədə danışıb. O bildirib ki, ölkədə dini təhlükəsizliyin tam təmin olunması gənc nəslin sağlam ideologiyada yetişməsində böyük rol oynayır. Bu məsələdə müxtəlif dövlət qurumları ilə yanaşı, medianın da üzərinə məsuliyyət düşür. Cəmiyyətdə milli kimliyin formalaşmasında mətbuatın önəmli yerə malik olduğunu deyən Komitə sədri əlavə edib ki, ziyalılarımız və jurnalistlər insanların dini radikalizmdən uzaq olmaları üçün təbliğat işini gücləndirməlidir.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum Qafqaz Müsəlmanları İdarəsi və DQİDK ilə bu mövzuda çoxlu sayda tədbirlər keçirib. O, Azərbaycan jurnalistlərinin dini mövzularla bağlı yazılarda kifayət qədər peşəkarlıq nümayiş etdirdiyini vurğulayıb.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov vurğulayıb ki, Azərbaycanda dini etiqad azadlıqları təmin edilir, müxtəlif dini konfessiyalar qarşılıqlı hörmət əsasında fəaliyyət göstərirlər. Azərbaycanda dini sabitliyə xaricdən idarə olunan müəyyən təhdidlər var. Lakin Azərbaycan güclü dövlətdir, hüquq-mühafizə orqanları bu halların öhdəsindən layiqincə gəlirlər. Qeyd edilib ki, din mövzusunda media nümayəndələrinin məlumatlandırılması istiqamətində mühüm işlər görülür. Mətbuatda sanballı məqalələrlə çıxış edən müəlliflər tanıyırıq və bu, çox sevindirici haldır. Məqsəd vətəndaşları sağlam dini biliklərlə maarifləndirməkdir. Əgər belə olarsa, zərərli təmayüllər özü aradan qalxacaq.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər xanım Cavadlı jurnalistlərin, ümumiyyətlə bütün cəmiyyətin düzgün dini biliklərə sahib olmasının önəminə diqqət çəkib. O, dövlət təhsil müəssisələrində dini bilikləri ehtiva edən fənlərin tədris olunmasının vacibliyinə toxunub. Dini mühitin zənginləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü qeyd edən sədr müavini bu sahəyə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da bəhs edib.
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə dini ideologiyaya Qərbdən və Şərqdən olan təsirlərdən söz açıb, medianın, xüsusilə sosial medianın və elmin roluna toxunub. Medianın müasir dövrdə cəmiyyətin ən vacib institutlarından biri olduğunu deyən İ.Məmmədzadə qeyd edib ki, hər bir ölkədə və bütövlükdə dünyada baş verən hadisələr cəmiyyətə məhz onun tərəfindən və ya onun vasitəsilə təqdim olunur, interpretasiya edilir. Bütün bu məqamlar mətbuatın gücünü dəyərləndirmək məsələsini günbəgün aktuallaşdırır və daha da əhəmiyyətli müstəviyə çıxarır.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov vurğulayıb ki, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrinin fəaliyyəti xüsusi önəm daşıyır. O, dinsiz radikallara qarşı mübarizədə media təmsilçilərinin üzərinə böyük öhdəlik düşdüyünü deyib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda bu sahədə həmrəylik, tolerantlıq mühiti mövcuddur. Bu sabitliyi gözü götürməyən qüvvələr media, əsasən də sosial medianın imkanlarından istifadə edərək məzhəb ayrı-seçkiliyi, dini qarşıdurma yaratmağa çalışırlar.
Daha sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev “Din və terror mövzusunda manipulyativ istiqamətlər və media” mövzusunda geniş təqdimatla çıxış edib. Bildirib ki, XXI əsrin ən böyük fenomeni sayılan internet sayəsində informasiya mühitində və jurnalistika sahəsində əsaslı dəyişikliklər müşahidə edilir. Bu sahədə dünya təcrübəsini konfrans iştirakçıları ilə paylaşan V.Əliyev beynəlxalq mediada məqsədli şəkildə islamofobiya meyilləri, radikal terror təşkilatlarının adının İslamla birgə çəkilməsi, İslam daxilindəki məzhəb problemlərinin qabardılması kimi məsələləri şərh edib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev və Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrətin çıxışları ilə davam edən konfrans milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında, həmçinin dini radikalizmə, terrorizmə və ekstremizmə qarşı mübarizədə media təmsilçilərinin üzərinə düşən vəzifələr ətrafında müzakirələrlə və təkliflərin səsləndirilməsi ilə başa çatıb.