İslamofobiya mövzusunda beynəlxalq konfransla bağlı brifinq keçirilib
Martın 14-də İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransla bağlı brifinq keçirilib.
Brifinqdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov konfrans haqqında ətraflı məlumat verib. Bildirib ki, konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə keçirilir. Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 30-dan artıq ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparacaqlar. Rəvan Həsənov vurğulayıb ki, tədbirə Azərbaycanın ev sahibliyi etməsinin xüsusi önəmi var. Çünki Azərbaycan İslam mədəniyyətinin bir parçasıdır. Dünyada islamofobiya hallarının artması Azərbaycanı da narahat edir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, islamofobiyanın təsirlərini Azərbaycan da hiss edib. 30 il ərzində Qərb mediasında Azərbaycana qarşı qərəzli münasibəti müşahidə etmişik. Bunun bir sıra səbəbləri var. Əsas səbəblərdən biri də islamofobiyadır. Bakı artıq beynəlxalq platformaya çevrilib, mütəmadi olaraq elmi-praktiki konfranslar keçirilir. Martın 15-16-da Bakıda təşkil olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans da islamofobiya ilə bağlı həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma olacaq.
Daha sonra jurnalistlərin sualları cavablandırılıb.
Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.