Kamal Abdullayev yenidən Himayəçilik Şurasının sədri seçildi
Yanvarın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın sədrliyi ilə keçən iclasda BBMM Himayəçilik Şurasının digər üzvləri – Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Milli Tarix Muzeyinin baş direktoru Nailə Vəlixanlı, Azərbaycanın Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin və Azərbaycan Rus Dram Teatrının bədii rəhbəri, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri, xalq artisti Aleksandr Şarovski iştirak ediblər. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qurumun 2022-ci il ərzində fəaliyyəti və 2023-cü il üçün görüləcək layihələr barədə geniş məlumat verib.
Toplantıda Prezident İlham Əliyevin 10 dekabr 2022-ci il tarixli Sərəncamı ilə təyin edilən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvləri Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevi növbəti 4 il müddətinə yenidən sədr seçib. BBMM-in Himayəçilik Şurasının sədri Kamal Abdullayev göstərdikləri yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Himayəçilik Şurasının üzvlərinə təşəkkürünü bildirib və ölkə başçısı tərəfindən Mərkəzin qarşısında qoyulan vəzifələrin bundan sonra da uğurla həyata keçiriləcəyinə əmin olduğunu ifadə edib.