Beynəlxalq konfransda "İslamofobiya və mediada nifrət çağırışları" mürakirə olunub
“İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan sessiyada ekspertlər "İslamofobiya və mediada nifrət çağırışları" mövzusunu müzakirə ediblər. Azərbaycan Dövlət Televiziyasının Sədr müavini Rüfət Həmzəyevin moderatorluğu ilə keçirilən paneldə Tarek Cherkaoui, İdil Osman, Kərim Məcri, Şəfəq Mehrəliyeva və Ülviyyə Zülfikar iştirak ediblər.
“TRT World” Araşdırma Mərkəzinin direktoru Tarık Çerkaui diqqətə çatdırıb ki, son 30-40 il ərazində İslamla bağlı xeyli tədqiqat aparılıb. Ancaq həmin araşdırmalar islamofobiyanı tam olaraq tədqiq edə bilməyib. Ona görə də ilk növbədə medianın islamofobiyanı necə qələmə aldığı diqqətə alınmalıdır.
Qlobal Media və Kommunikasiya üzrə proqram direktoru İdil Osmani qeyd edib ki, İslam artıq siyasi alətə çevrilib, tamamilə fərqli şəkildə qələmə verilir, sanki Qərbin dəyərlərini dağıdan alət kimi göstərilir.
Qətərli mütəxəssis Kərim Məcri qeyd edib ki, islamofobiya köhnə qorxunun yeni anlayışıdır. Antisemitizm də bu anlayışla eynilik təşkil edir. ABŞ və Kanadada aparılan sorğuya əsasən deyə bilərik ki, Qərb müsəlmanlara qərəzli yanaşır. Bir sıra Avropa ölkələri də bu sorğunun nəticələri ilə razılaşıb. Hesab edirəm ki, bu sahədə daha çox qabaqlayıcı tədbirlər görmək lazımdır, nəinki hansısa hadisə baş verdikdən sonra reaksiya vermək. Bu baxımdan gənc müsəlman jurnalistlərə dəstək olmaq lazımdır.
Qeyd edək ki, martın 15 və 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır.