ABŞ-dakı simpoziumda Azərbaycanın multikulturalizm siyasətindən danışılıb
Oktyabr ayının 2-4 tarixlərində ABŞ-ın Yuta ştatında Briqam Yanq Universititetinin təşkilatçılığı ilə “Dinlərin sülhyaratma prosesində rolu” mövzusunda beynəlxalq simpozium keçirilir. Simpoziumda 40-dan çox ölkənin rəsmi şəxsləri, alimləri, ekspert və din xadimləri iştirak edir. Oktyabrın 3-də Simpozium çərçivəsində “Azərbaycan və Ukrayna” adlı xüsusi panel təşkil olunub. Paneldə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov məruzə ilə çıxış edib. Rəvan Həsənov çıxışında Azərbaycanda din-dövlət münasibətləri, multikulturalizm siyasəti və bu istiqamətdə həyata keçirilən islahat və layihələr haqqında ətraflı məlumat verib. Eyni zamanda, Ermənistan tərəfindən işğal edilən torpaqlarda dağıdılan, vandalizmə məruz qalan Azərbaycanın mədəni irsi haqqında geniş məlumat verilib. Erməni kilsə rəhbərlərinin sülhə deyil, məhz müharibəyə, insanları öldürməyə çağırış etməsi faktı isə təəccüb və təəssüflə qarşılanıb. Rəvan Həsənov özünün də məcburi köçkün olaraq 30 il öz doğma evindən didərgin düşməsini və ərazilərin azad edildikdən sonra isə geri qayıdan zaman törədilən dağıntı və vəhşiliyin onda dəhşətli hisslər yaratdığını vurğulayıb. Qeyd edək ki, Azərbaycan simpoziumda ilk dəfə iştirak etməsinə baxmayaraq, xüsusi panelin həsr olunması ölkəmizə olan maraq və diqqətin bariz göstəricisi idi.
Məruzənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.