Şəki ilə tanışlıq Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçılarında zəngin təəssürat yaradıb

 

15010773744220128347_1000x669

V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları iyulun 26-da, günün ikinci yarısında Şəkinin tarixi məkanları ilə tanış olub, görməli yerlərini gəziblər.

Yay məktəbi iştirakçılarının bu qədim diyarla ilk tanışlığı Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayını ziyarətlə başlayıb. Qonaqların diqqətinə çatdırılıb ki, Şərq memarlığının nadir incisi hesab olunan, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarix-memarlıq abidəsi olan bu saray xalqımıza xas yüksək mədəniyyətin, böyük inkişaf yolu keçmiş xalq tətbiqi sənətinin nümunəsidir.

Məlumat verilib ki, Şəki xanlarının sarayı Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə tikilib. İnşaat texnologiyasına görə dünyada bənzəri olmayan sarayın tikintisində mismar və yapışqandan istifadə edilməyib. Üç yüz kvadratmetr sahəsi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan var.

Yay məktəbinin iştirakçıları sarayın önündə xatirə şəkilləri çəkdiriblər.

Sonra qonaqlar sarayın yerləşdiyi “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisini gəziblər. Diqqətə çatdırılıb ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir.

Yay məktəbinin iştirakçıları sonra qoruğun ərazisində yerləşən və inşa tarixi XVIII əsrin sonlarına aid edilən “Yuxarı Karvansaray” kompleksi ilə tanış olublar. Məlumat verilib ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks üç yüzədək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn turistlər əsasən bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Hazırda bu abidə mehmanxana kimi fəaliyyət göstərir.

Şəkiyə səfərləri çərçivəsində yay məktəbinin iştirakçıları Kiş kəndindəki qədim alban məbədini də ziyarət ediblər. Bildirilib ki, məbəd eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilkgünbəzli, zal tipli məbəddir. 2001-2003-cü illərdə məbəddə Azərbaycan-Norveç birgə layihəsi üzrə bərpa işləri aparılıb. Layihə məşhur norveç alimi Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsini əbədiləşdirmək məqsədi ilə məbədin yanında onun büstü də qoyulub. Məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Məbədin içərisindəki Yaloylutəpə mədəniyyətinə aid nümunələr, orta tunc-antik dövrə aid saxsı qablar, həyətindəki ilkin orta əsrlərə məxsus sərdabələr qonaqların böyük marağına səbəb olub.

V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Şəkidən xoş və zəngin təəssüratlarla ayrılıblar.

Запись Şəki ilə tanışlıq Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçılarında zəngin təəssürat yaradıb впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.