AZƏRBAYCAN MULTİKULTURALİZMİ VƏ HEYDƏR ƏLİYEV
"Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri... ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir".
Heydər Əliyev
Azərbaycanda multikulturalizmin dərin kökləri vardır. "Kitabi-Dədə Qorqud" dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir. Keçmiş dövrlərdən bəri burada müxtəlif xalqların (avarlar, talışlar, ləzgilər, udinlər və s.), dinlərin nümayəndələri əsrlər boyu dinc və mehriban, sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Ulu öndər Heydər Əliyev deyirdi ki, “Azərbaycan müxtəlif millətlərin, xalqların dinc və yanaşı yaşadığı ölkədir”. Azərbaycanda tarixən həyat tərzi olan multikulturalizm ənənələri bu gün də yaşamaqdadır. Multikulturalizm, eyni zamanda, Azərbaycan cəmiyyətinin dünyaya özünü tanıtdırmaq rəmzidir.
Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən öz zəngin təcrübəsi ilə tanınan Qərb və Şərq ölkələrinə nümunə olmaqdadır. Təsadüfi deyil ki, Azərbaycan dünyanın ən tolerant ölkələri siyahısında ilk beşlikdə yer alır. Multikulturalizm, ölkəmizin dövlət siyasətində aparıcı yer tutur.
Azərbaycan multikulturalizmi keşməkeşli uzun illərdən keçib gəlsə də, ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində multikulturalizmin siyasi əsası qoyulmuş, bu istiqamətdə ilk siyasi qərarlar qəbul edilərək həyata keçirilmişdir. Bu baxımdan tam əminliklə demək olar ki, bu gün dünyanın böyük maraqla öyrəndiyi Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin banisi Ulu Öndərimiz Heydər Əliyev olmuşdur. Onun bu sahədəki xidmətləri əvəzsizdir.
Müstəqilliyin ilk illərində Azərbaycanda baş verən hakimiyyət böhranı, siyasi hadisələr təəssüf ki,milli məsələni arxa plana salmışdı. 1992-1993-cü ildə idarəçilik sistemində buraxılmış ciddi nöqsanlar nəticəsində “Sadval” təşkilatı fəallaşaraq Azərbaycanınşimal rayonlarına iddia etmiş, “Talış-Muğan Respublikası” kimi qondarma separatçı qurumun yaradılmasınatəşəbbüs göstərmişdi. Lakin Heydər Əliyevin hakimiyyətə qayıtması ilə qətiyyətli addımlar atılmış vəbütün bu problemlər aradan qaldırılmışdı.
Heydər Əliyev xalqın təkidilə ikinci dəfə hakimiyyətə gəlmiş və 1993-cü il oktyabrın 10-dakı andiçmə mərasimindəki çıxışında dövlətin multikultural siyasəti məsələsinə toxunaraq demişdir: “Azərbaycan çoxmillətli respublikadır. Bu, respublikanın səciyyəvi cəhətidir. Bunun tarixi var və bu tarixlə, respublikanın ictimai-siyasi mənzərəsi ilə fəxr edirik. Respublikamızın bütün vətəndaşları dini və milli mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malikdirlər. Bundan sonra da vətəndaşların Azərbaycanın ictmai-siyasi hərəkatında iştirak etmələri üçün imkanlar yaradılacaq”. Baxmayaraq ki, 1993-cü il ölkəmiz üçün ağır dövr idi – dövlət büdcəsi boş idi, müharibə gedirdi, vətəndaş müharibəsi başlamışdı, bununla belə Heydər Əliyev dərhal Azərbaycanda yaşayan milli azlıqların inkişafı, onların dillərinin, mədəniyyətlərinin qorunması üçün vəsait ayırmışdı. Onların milli mədəni mərkəzlərinin qeydiyyatdan keçirilməsinə başlanmışdı. 1995-1996-cı illərdə həmin milli-mədəniyyət mərkəzləri üçün ofislərin alınması, onların media orqanlarının buraxılması üçün böyük vəsait ayrılmışdı. Hüquq-mühafizə orqanlarına tapşırıqlar verildi ki, milli əlamətinə görə hər hansı ayrı-seçkilik baş verməsin.Bu problemlərin qarşısının alınması üçün 1995-ci ildə Heydər Əliyev ləzgi ictimaiyyətininnümayəndələri ilə görüşdü. Qeyd etdi ki, Azərbaycanda yaşayan bütün xalqlar azərbaycanlıdır. Beləcə, Heydər ƏliyevAzərbaycançılığın əhatə dairəsini genişləndirdi.
Ümummilli lider haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərərək deyirdi: "Azərbaycanın vətəndaşları dini, irqi, siyasi, dil mənsubiyyətindən asılı olmayaraq, hamısı eyni hüquqa malikdir və onların hüquqları Azərbaycan tərəfindən qorunur və mühafizə olunur. Siz əmin ola bilərsiniz ki, biz bu məqsədlərimizə, bu prinsiplərimizə daim sadiq olacağıq və gələcəkdə də Azərbaycan vətəndaşlarının dini mənsubiyyəti, yaxud dil mənsubiyyəti, siyasi mənsubiyyətindən asılı olmayaraq, bir-birilə münaqişəyə girməsinə yol verməyəcəyik".
Ümummilli Liderimizin bu sahədə ən böyük uğurlarından biri də o idi ki, xalqımızın ən dəyərli keyfiyyətlərindən olan - digər millətlərin hüquq və mədəniyyətlərinə hörmətlə yanaşma xüsusiyyətinimilli ideologiya – azərbaycançılıq səviyyəsinə qədər yüksəltdi və rəsmiləşdirdi. Bu böyük şəxsiyyət Azərbaycanı separatizm və parçalanma bəlasından xilas edərkən tarixən bu torpaqlarda yaşayan xalqların təmsilçilərini də vahid məram ətrafında səfərbər etdi, onları Azərbaycan bayrağı altında birləşdirdi. Heydər Əliyev Azərbaycan multikulturalizminin Azərbaycançılığın tərkib hissəsi kimi öyrənilməsinə stimul verdi. Azərbaycançılıq məfkurəsini müasir Azərbaycan dövlətçiliyinin ideoloji təliminə çevirən Ulu Öndər deyirdi: "Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır". Bu sözlər bu gün də son dərəcə əhəmiyyətlidir . Ümummilli Lider Heydər Əliyev təsadüfi deyildir ki, multikultural dəyərlərə əvəzsiz sərvət kimi yanaşırdı: “Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstünlüyümüzdür... “ Ulu öndər təkcə ölkə daxilində deyil, eləcə də xaricdə yaşayan azərbaycanlıların dağınıq halda yaşamaması, onların diaspor fəaliyyəti göstərməsi üçün də birləşdirici amil kimi “Azərbaycançılıq” məfkurəsinin vacib olduğunu bildirdi. Məhz “Azərbaycançılıq” ideologiyasının təbliği nəticəsində Azərbaycanı tərk etmiş, xaricdə yaşayan soydaşlarımız arasında milli həmrəylik yarandı və onlar ümummilli maraqlar naminə birlikdə fəaliyyət göstərməyə başladılar.
Heydər Əliyev Azərbaycanın çoxmillətli dövlət olaraq milli siyasətinin əsas məzmununu belə müəyyən etmişdir: “...Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə пэ qədər çox xalqı birləşdirsə, bir о qədər zəngin olar”. Biz, yəni Azərbaycanda yaşayan bütün xalqlar məhz bir yerdə, məhz azərbaycanlı olaraq dünya üçün maraq kəsb edə bilərik. Biz ayrı-ayrılıqda heç kim üçün maraqlı deyilik!
Ulu Öndərin 13 avqust 2001-ci il tarixdə milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı verdiyi bəyanatda səslənən fıkri ibrətamizdir: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik.” Heydər Əliyev öz müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək keyfiyyətcə yeni müstəviyə keçirmişdir. Bu baxımdan Heydər Əliyevin 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayında söylədiyi nitq çox ibrətamiz olmaqla hər bir Azərbaycan vətəndaşının şüarına çevrilmişdir: ” Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı yaşatmalıyıq”.
Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Bunlara misal “Bərabərlik hüququ” (maddə 25, bənd 3), “Milli mənsubiyyət hüququ” (maddə 44, bəndlər 1, 2), “Ana dilindən istifadə hüququ” (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək olar. Ulu Öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ulu Öndərin rəhbərliyi ilə, nəhayət ki, dönüşü olmayan demokratik inkişaf yoluna çıxmış Azərbaycan Respublikası, onun qeyd etdiyi kimi, "dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik" olmalarını təmin etməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində göstərilir ki, “Azərbaycan demokratik, hüquqi, dünyəvi respublikadır. Azərbaycan məhz bu prinsipləri əsas götürərək, ölkə ərazisində mövcud olan etnik-mədəni müxtəliflikləri tənzimləyir, onların inkişaf proseslərinə də məhz bu kontekstdən yanaşır.”
Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışı dini dəyərlərə münasibətdə, dövlət-din münasibətlərində də yeni mərhələnin başlanğıcı oldu. Onun həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində mühüm addımlardan biri Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli 512 saylı Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu. Bunun ardınca, Ulu öndərin təşəbbüsü ilə 20 avqust 1992-ci ildə “Dini etiqad azadlığı haqqmda” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Ölkəmizi 70 il ərzində ateizm ideologiyasını rəhbər tutaraq idarə edən totalitar rejim, xalqımızı qədim tarixi bağlarla birləşdirən islam dinindən ayrı salmağa çalışmışdır. Lakin müstəqillik əldə etdikdən sonra xalqımız yenidən öz dini inanclarına qayıtmağa başladı. Sovet dövründə dinini belə dilinə gətirməyənlər, yaxud qadağalara əməl etməyə məcbur edilənlər demokratik əsaslarla qurulan dövlətdə yaşamanın imkanlarından yararlandılar. Vətəndaşların hüquq və azadlıqları, eləcə də dini etiqadlarını rahat şəkildə ifadə edə bilmək imkanları dövlətimiz tərəfindən qəbul edilən qərarlarla həyata keçirilməyə başlandı. Azərbaycan Respublikasının Konstitusiyasında "Dini etiqad azadlığı”nın müəyyən edilməsi, həmçinin "Dini etiqad azadlığı haqqında” qanunun qəbul edilməsi buna əyani sübutdur. Ulu Öndərin hakimiyyəti illərində Azərbaycanda yeni məscidlər tikildi, ziyarətgah və dini məbədlər əsaslı şəkildə təmir-bərpa edildi, abadlaşdırıldı. Azərbaycanda müstəqillikdən öncə 17 məscid mövcud olduğu halda, onların sayı 1236-ya çatdırıldı. Heydər Əliyev 1997-ci ildə Bibiheybət məscidinin bərpasına başlanması mərasimindəki çıxışında da müstəqilliyimizin qorunub saxlanılmasında milli-mənəvi dəyərlərimizin xüsusi rolunun olduğunu vurğulamışdır: "Son illər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, qorunub saxlanmasında, Azərbaycanın başına gələn bəlaların aradan götürülməsində, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün apardığımız işlərdə, bütün başqa işlərdə bizim milli-mənəvi dəyərlərimiz - Azərbaycan xalqının milli-mənəvi dəyərləri, Azərbaycan xalqının mənsub olduğu islam dininin mənəvi dəyərləri bizim üçün həmişə dayaq və ilham mənbəyi olmuş, bizə həmişə güc vermişdir”. Ümummilli Lider bu səbəbdən tez-tez dindarlarla görüşlər keçirir, onların fikirlərinə ciddi şəkildə önəm verir, müxtəlif dini bayram və matəm mərasimlərində məscidlərə gedir, dindar insanlar qarşısında çıxışlar edərdi. Ulu Öndər islam peyğəmbəri Həzrət Məhəmmədin (s) mövludu günü münasibətilə Təzəpir məscidində keçirilən bayram tədbirində iştirak edərkən bunları söyləyib: "Bizim bu ədalətli mübarizəmizdə, torpaqlarımızın müdafiəsində Allah bizə həmişə yardımçı olacaqdır. Ulu peyğəmbərimiz Məhəmməd əleyhissalamın qoyduğu yol, Qurani-Kərimin göstərişləri bizi qələbəyə aparacaq, xalqımızı birləşdirəcək və biz düşmənləri məğlub edəcəyik”.
Ümummilli Lider Heydər Əliyev islam dininin mənsublarına göstərdiyi qayğı və diqqəti ölkəmizdə yaşayan digər dinlərin mənsublarından da əsirgəmirdi. O, öz düşüncələri və əməlləri ilə ölkəmizdə tolerant mühiti formalaşdırıb ki, bu da bütün vətəndaşlar üçün örnək rolunu oynayır. Ulu Öndər digər din nümayəndələrinə qarşı yüksək dini dözümlülük nümayiş etdirməklə yanaşı, onları da heç vaxt diqqətdən kənarda saxlamayıb, arzu və istəklərini həyata keçirib, problemləri ilə yerindəcə tanış olmaqdan ötrü tez-tez ölkəmizdə fəaliyyət göstərən kilsə və sinaqoqlarda olurdu. Eləcə də görkəmli dövlət xadiminin onların dini məbədlərini bərpa etdirmək təşəbbüsünün bütün dünyaya nümunə olması danılmaz reallıqdır. Bu baxımdan Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Ulu Öndər haqqqında xatirələri diqqətə layiqdir. O, bu görüşləri xatırladaraq bildirib ki, Heydər Əliyev Azərbaycanda Rus Pravoslav Kilsəsinin fəaliyyətinə yüksək diqqət verir, kilsənin mərasimlərində iştirak edirdi. O, Azərbaycana səfər edən əcnəbilərin ölkəmizdə mövcud multikultural mühitə heyran olduqlarını diqqətə çatdırıb.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən bəri mütəmadi olaraq Bakıda keüçirilən Beynəlxalq Humanitar Forumun açılışı zamanı etdiyi çıxışında Prezident İlham Əliyev multikulturalizmi "alternativi olmayan, gələcək inkişaf üçün ən məqbul variant" kimi dəyərləndirmişdir.
İlham Əliyevin multikulturalizm siyasətinin növbəti əhəmiyyətli addımı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasına dair 15 may 2014-cü il tarixində imzaladığı fərman oldu. Bu mərkəzin yaradılmasının əsas məqsədi ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviq etməkdir.
Cənab Prezident 2017-ci ildə BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında Azərbaycanın multikultural həqiqətlərini dünyaya çatdıraraq demişdir: "Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycanda 2016-cı il "Multikulturalizm İli”, 2017-ci il isə "İslam Həmrəyliyi İli” elan olunmuşdur. Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir.” Multikulturalizmin vətəndaş cəmiyyətində həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Hazırda ölkəmizin 22 ali məktəbində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir.
Azərbaycanda dini tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin təbliğində Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Birinci vitse-prezident hər zaman Azərbaycan həqiqətlərini beynəlxalq tədbirlərdə ən yüksək tribunalardan xarici ölkə nümayəndələrinin diqqətinə çatdırıb. O, xalqlar arasında dostluq münasibətlərinin, qarşılıqlı yardımlaşma və təcrübə mübadiləsinin vacibliyini daima vurğulayıb. Azərbaycanın zəngin tolerantlıq ənənələrinə diqqət çəkən Mehriban xanım Əliyeva ölkəmizdə yaşayan xalqların öz mədəni müxtəlifliyini qoruyub saxlamaq, dini etiqadlarını sərbəst yerinə yetirmək, tarixən mövcud olmuş tolerantlıq mühiti barədə fikirlərini bölüşərkən deyib: "Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir və bu amil ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilmişdir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir. Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq əsas insan hüquq və azadlıqlarına malikdirlər. Qürurverici faktdır ki, Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur və bir çox dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar”.
Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu mühüm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri rejimində fəaliyyət göstərməsini reallaşdırır. Heydər Əliyev Fondunun düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur. Fondun Prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgəyaşama”, “Azərbaycan – tolerantlıq məkanı” layihələrini xüsusi qeyd etmək olar.
Dünyada hərbi-siyasi münaqişələrin artdığı, siyasi qütbləşmənin, islamafobiyanın, irqçiliyin mövcud olduğu bir zamanda Azərbaycanın sabitlik diyarı kimi tanınması, dünya birliyində müsbət təəssürat yaradan ölkəmizin tolerantlıq və multikulturalizm sahəsində qazandığı nailiyyətlərlə bağlıdır. Ulu öndər Heydər Əliyevin "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir" - fikirləri Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın tolerant ölkə imicini yüksək səviyyədə qorumasına bələdçilik etməklə yanaşı, bu gerçəkliyi də ortaya qoyur ki, ölkəmizdə dilindən, irqindən asılı olmayaraq, bütün vətəndaşlar eyni hüquqlara malikdir və bu hüquqlar müvafiq qanunlar əsasında qorunur.
Bakıdakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev də Azərbaycanda tarixən yəhudi icmasına göstərilən yüksək hörmət və diqqətdən danışır. Bildirib ki, Azərbaycan və yəhudi xalqları hər zaman bir-birinin yanında olub və bu, bu gün də davam edir. Azərbaycanda “Multikulturalizm ili”nin elan edilməsinin bütün dünyaya çağırış olduğunu deyən M.Yevdayev yəhudi dini icmasına göstərilən diqqət və qayğı siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Qeyd edib ki, dövlətimizin başçısı Qubaya hər səfərində yəhudi icmasının nümayəndələri ilə görüşür, onların problemləri ilə maraqlanır. Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete ölkəmizdə yaşayan bütün katoliklər adından ulu öndər Heydər Əliyevin multikulturalizm siyasətini uğurla davam etdirdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Bu gün Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu, dövlətimizin uğurlu siyasətinin göstəricisidir. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlılara məxsus həyat nümunəsi olub. Bu gün də bu xüsusiyyət milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətininhər bir vətəndaşının dəyər verdiyi ənənədir. Bu baxımdan Azərbaycanda həyata keçirilənmultikulturalizm bütün dünyaya nümunədir və ölkəmizin inkişafında, vətəndaş həmrəyliyinin dahamöhkəm olmasında mühüm rol oynayır.
Sevda Xəlilova, tarix üzrə fəlsəfə doktoru
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı