Ukraynada Azərbaycana həsr olunmuş toplu nəşr edilib

Ukraynada Azərbaycanın və Azərbaycan-Ukrayna əlaqələrinin münasibətləri tarixi haqqında toplu çıxdı.Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə işıq üzü görmüş nəsrin tərtibçisi tarixçi, Taras Şevçenko adına Kiyev Milli Universitetinin xarici ölkələrin yeni və ən yeni tarixi kafedrasının dosenti, tarix elmləri namizədi Oleq Kupçikdir.

Oleq Kupçik deyib: “Bu, mənim tərtib etdiyim, Azərbaycana həsr olunmuş növbəti topludur. Belə nəşrlər Azərbaycanın Ukraynada populyarlaşmasına və ölkələrimiz arasında əlaqələrin inkişafına imkan yaradır. Mən çox şadam ki, Azərbaycan mövzusu, o cümlədən Azərbaycan multikulturalizmi konsepsiyası tədqiqatçılar və alimlərlə yanaşı, tələbələri də çox maraqlandırır. Düşünürəm ki, bu istiqamətdə tədqiqat fəaliyyətini davam etdirəcək, bu işə yeni alimləri və tələbələri cəlb edəcəyik”.

Topluya həm azərbaycanlı (A. Dəmirov, İ. Niftəliyev, X. Qəhrəmanova), həm də ukraynalı tədqiqatçıların (O. Vasılyuk, M. Qonçaruk, A. Dudnik, N. Zub, O. Kupçik, Y. Kupçik, Y. Pilipçuk, N. Teres) araşdırmalarının nəticələri daxil edilib. Onlar Azərbaycan tarixinə, həmçinin Azərbaycan-Ukrayna münasibətlərinin siyasi-iqtisadi və sosial-mədəni aspektlərinə aid məqalələr təqdim ediblər.

Universitetinin tarix fakültəsinin xarici ölkələrin yeni və ən yeni tarixi kafedrasının “Şərqşünaslıq” təhsil proqramı üzrə ixtisaslaşan tələbələri K.Krisak, Y.Muqumov, M.Stesenko və D.Verbitskayanın Azərbaycan multikulturalizmi haqqında elmi məqalələri toplunu uğurla tamamlayır.

Elmi topluya daxil edilmiş materiallar müəllimlər, tələbələr, həmçinin Azərbaycan tarixi və Azərbaycan-Ukrayna münasibətləri ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Etiketlər