Azərbaycan multikulturalizmi Latın Amerikasında uğurla tədris edilir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini 2015-ci ildən həyata keçirir. Bu, mərkəzin ən uğurlu və geniş həcmli layihələrindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün gerçəkləşməsi məqsədilə, BBMM-in apardığı ardıcıl və məqsədyönlü fəaliyyət nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi getdikcə daha geniş coğrafiyanı əhatə etməkdədir. Hazırda dünyanın 21 aparıcı universitetində (Bolqarıstan, Rusiya, Çexiya, Litva, Almaniya, İndoneziya, Gürcüstan, Portuqaliya, Polşa, Türkiyə,İtaliya, İsveçrə, Almaniya, Belarus, Ukrayna, İsveç, Yaponiya, Hindistan, Ruminiya, Braziliya) Azərbaycan multikulturalizmi uğurla tədris olunur. Fənnin ən son tədris olunmağa başladığı xarici universitet Braziliya Universitetidir. Azərbaycan multikulturalizmini Braziliyada BBMM-in məsləhətçisi, Azərbaycan Dillər Universitetinin dosenti İrina Kunina tədris edib. O, bu yaxınlarda Latın Amerikası ölkələrinə səfərdən qayıdıb.
- İrina xanım, Azərbaycan multikulturalizmini Latın Amerikası ölkələrində tədris edən ilk müəllim oldunuz. Səfərdən hansı təəssüratlarla qayıtmısız?
- Səfərdən xoş təəssüratlarla qayıtdım. Çünki qısa vaxt ərzində bir çox səmərəli görüşlər keçirə bildik. Bütün tədbirlərimiz uğurla yekunlaşdı. Azərbaycan Multikulturalizmi Latın Amerikası ölkələrində böyük maraqla qarşılandı. Düzdü, Argentina və Uruqvayın erməni diasporu bizim tədbirlərimizə mane olmağa, bəzi hallarda hətta görüşləri pozmağa cəhd göstərdi. Buna baxmayaraq, düşünürəm ki, biz qarşımıza qoyduğumuz məqsədi gerçəkləşdirə bildik.
- Səfər çərçivəsində Azərbaycan multikulturalizmi hansı universitetlərdə tədris olundu?
- Bakı Beynəlxalq Multkulturalizm Mərkəzinin “Azərbaycan multkulturalizmi”nin xarici ölkə universitetlərində tədrisi layihəsi cərçivəsində bu fənn dünyanın 20 ali təhsil ocağında tədris olunurdu. Braziliya Universiteti bu kursun tədris planına daxil edildiyi 21-ci universtitetdir. Cari ilin avqust ayının 2-də Multikulturalizm Mərkəzi, Azərbaycan Dillər Universiteti və Braziliya Universitetləri arasında qarışılıqlı anlaşma Memorandumları imzalandı. Oktyabr ayının 14-də isə “Multikulturalizmin Azərbaycan modeli və dünya modelləri” mövzusunda ilk mühazirə təşkil olundu. Azərbaycan multikulturalizmi mühazirə kursu 2 həftə davam etdi. Bu kurs Argentina və Uruqvay universtitetlərində də böyuk maraq doğurdu. Argentinada Belqrano, Buenos-Ayres, El Salvador və La Plata universtitetlərində mühazirələr təqdim olundu.
- Dərsə olan maraq sizi qane etdimi?
- “Azərbaycan multkulturalizmi” böyük maraqla qarşılandı və Azərbaycan zəngin tarixi və mədəniyyəti olan bir ölkə kimi yadda qaldı. Mühazirələrdə çox sayda tələbələrin iştirakı bunu bir daha təsdiqləyir. Məsələn, Braziliya Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində 30 nəfər tələbəylə yanaşı, Siri-Lanka, Peru və Kolumbiya səfirliklərinin nümayəndələri də mühazirələrə qatıldılar. Argentinanın Belqrano Universtitetində keçirilən mühazirədə isə həm yerli, həm də xarici tələbələr iştirak edirdilər. Uruqvay Katolik Universitetində iştirakçıların sayı 150 nəfərə çatmışdı. Onu da qeyd edim ki, dinləyiciləri mühazirələrə xüsusi elanlar vasitəsilə dəvət edirdilər. Bu elanlar radioda və universitet mətbuatında təqdim olunurdu. Bütün görüşlərdə Azərbaycan, onun mədəniyyəti, adət və ənənələrimiz haqqında çoxsaylı suallar verilirdi. Müzakirələr göstərdi ki, Latın Amerikası ölkələrində Azərbaycan multikulturalizminə və bütövlükdə, ölkəmizə maraq göstərənlər az deyil. Bir məqamı da vurğulayım ki, vaxt məhdudiyyətinə baxmayaraq, mühazirələr nəzərdə tutulduğundan daha çox davam edirdi. Bu da mövzuya olan marağın göstərcisidir.
- Dərslərlə paralel, bir sıra görüşlər də keçirmisiniz. Bir qədər də bu haqda məlumat verərdiniz.
- Bəli, bizim işimiz tədris layihəsi çərçivəsində universitetdə təqdim olunan mühazirələrlə yekunlaşmadı. Bundan başqa, Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən Beynəlxalq Münasibətlər üzrə Argentina Şurasında “Azərbaycan və multikulturalizmin Azərbaycan modeli” mövzusunda dəyirmi masa təşkil edildi. Katolik Universitetində isə konfrans keçirildi. Bu tədbirlər Latın Amerikası ölkələrində multikulturalizmin Azərbaycan modelinin tanınmasına geniş imkan yaratdı.
- İrina xanım, Azərbaycanla Latın Amerikası ölkələrinin multkultural dəyərləri arasında hansı oxşar və fərqli cəhətlər var?
- Latın Amerikasının bir çox ölkələri kimi, Braziliya, Argentina və Uruqvay da polietnik ölkələrdir. Bu isə ilk növbədə tarixi hadisələrlə əlaqədardır. Müxtəlif dövrlərdə burada fərqli irqlərin, millətlərin, dinlərin icmaları meydana çıxıb. Braziliyanın müstəmləkəçiliyi 1530-cu ildən başlayıb. Həmin dövrdə Portuqaliyadan artıq ilk köçkünlər buraya gəliblər. Braziliya əhalisi indi Avropa mənşəli braziliyalılardan, afrobraziliyalılardan, Asiya braziliyalılardan, parda, sambo və Braziliya hindularından ibarətdir. Elə buna görə də ölkədə dini müxtəliflik mövcuddur.
Argentina əhalisinin tərkibi 2 əsas qrupa bölünür. Bunlar italyanlar, ispanlar və digər ölkələrdən olan miqrantların kiçik bir hissəsidir. Uruqvayda da əhalinin tərkibi demək olar ki, eynidir. Bu ölkələrin əhalisinin böyük hissəsi katolikdir, digər dinlərdən olanlar azlıq təşkil edir. Bu ölkələrdə multkulturalizm modeli çox “incə” modeldir.
Azərbaycanda isə avtoxton xalqlar – udilər, ingeloylar, qrızlar, xınalıqlar yaşayır. Onlardan əksəriyyəti isə tarixən Qafqaz Albaniyasında yaşayan tayfaların nəslindəndir. Ölkəmizdə həm də, alloxton xalqlar – ruslar, ukraynalılar, tatarlar və bir çox başqa xalqlar məskunlaşıblar. Onların öz vətənləri var, lakin tarixin müxtəlif mərhələlərində Azərbaycana gəliblər. Bundan başqa Azərbaycanda dinlərarası dialoqun uğurlu modeli də formalaşıb. Ona görə də Azərbaycanın multkulturalizm modeli “sərt” modeldir. Respublikamızın ərazisində yaşayan bütün xalqlar qanun qarşısında eyni hüquqa malikdirlər. Onların milli və mədəni dəyərlərinin qorunmasına dövlət tərəfindən dəstək göstərilir.
- Bu əməkdaşlıq çərçivəsində yeni layihələrin həyata keçirilməsi planlaşdırılırmı?
- Növbəti illərdə bu ölkələrlə tədris layihəsinin davam etdirilməsi və genişləndirilməsi nəzərdə tutulur. “Azərbaycan multkulturalizmi”nin tədrisi Braziliyada yenə davam etdiriləcək. Argentina və Uruqvay universitetlərində isə fənnin tədrisi ilə bağlı təkliflər nəzərdən keçirilir. Eyni zamanda tədris prosesində iştirak edən tələbələrin Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinin iştirakçıları kimi Azərbaycana dəvəti də planlaşdırılır. Gələcəkdə isə bu tələbələri ”Azərbaycanın Gənc Dostları” klubunun üzvləri kimi görməyə çox şad olarıq.
BBMM Mətbuat Xidməti