Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Xorvatiyadakı Səfirliyi və Zaqreb Universitetinin birgə təşkilatçılığı ilə Zaqreb Universitetində Azərbaycan multikulturalizm modelinə həsr olunmuş seminar təşkil olunub.
Tədbirdə Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov, Zaqreb Universitetinin rektoru professor Damir Boras və BBMM-in Xorvatiyadan olan gənc səfiri, Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəblərinin iştirakçısı İmran Srebrenikoviç çıxış ediblər. Çıxışlar zamanı Xorvatiyalı tələbə və alimlərə Azərbaycan dövlətinin multikulturalizm siyasəti, mədəniyyətlətarası və dinlərarası dialoqa verdiyi töhfə, eyni zamanda BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında geniş məlumat verilib, videomaterial nümayiş olunub. Qeyd etmək lazımdır ki, Xotvatiyalı gənclər Multikulturalizm Mərkəzinin fəaliyyəti çərçivəsində olan müxtəlif layihələrdə daim fəallıq göstəriblər. Sevindirici haldır ki, artıq xarici ölkələrdə Azərbayacn multikulturalizmini Azərbaycanın gənc dostları təbliğ edir, öyrənir və öyrədir.