Azərbaycan və Uruqvay arasında mümkün stabil ticarət əlaqələri

31 oktyabr, yəni keçən cümə axşamı Azərbaycandan Dr. İrina Kunina Uruqvayda bir günlük səfərdə olmuşdur.  Dr. İrina Kunina Beynəlxalq Multikultiralizm Mərkəzinin əməkdaşı və eyni zamanda Azərbaycan Dillər Universitetinin elmi-tədqiqat laboratoriyasının müdiridir.

Səfər gününün axşamı Azərbaycanlı doktor professor Susana Manqananın rəhbərliyi ilə Uruqvay Katolik Universitetinin böyük zalında təşkil olunmuş konfransda geniş auditoriya kütləsi qarşısında çıxış etmişdir.

Bəs nə üçün bu səfərə və rəsmi tədbirə bu qədər əhəmiyyət veririk? Ona görə ki, Azərbaycan əsasən keçmiş Sovet İttifaqının tərkibindən azad olan dövlətlərin yerləşdiyi Orta Asiyada yeganə ölkədir ki, Uruqvayda Səfirlik açmış və işlər vəkili təyin etmişdir.  Sovet İttifaqının süqutu ilə müstəqillik qazanan Orta Asiya ölkələri xarici dünyaya üz tutur və bu zaman  qapılarını və xaricdəki bazarlarını bütün dünya üçün açıq elan edirlər. Sözügedən yeni bazarlar Uruqvay tərəfindən təəssüf ki, hələ kəşf edilməmiş, lakin heç şübhəsiz  bizim məhsullar üçün olduqca maraqlı və çox imkanları olan bir sahədir. 

“Kronikas” olaraq iştirak etdiyimiz Doktor Kunina tərəfindən təşkil olunan konfransdan öyrəndik ki, Azərbaycan Mərkəzi Asiyada məskunlaşan bir xalqın ölkəsidir və Xəzər dənizi sahillərində yerləşən bu ərazini Uruqvay sərhədlərinin uzandığı La Plata çayından ayıran geniş məsafələrə baxmayaraq, hər iki ölkə arasında qəribə dərəcədə bənzər cəhətlər mövcuddur. Belə ki, bizi bir-bizimizdən uzaq salan aramızdakı coğrafi məsafəni nəzərə almazsaq, burada Uruqvaya böyük fayda gətirəcək müəyyən xidmətlər və mallarla bağlı stabil və uzun müddətli ticarət əlaqələrinin yaradılması üçün güclü imkanlar olduğunu müşahidə edərik. 

Əminliklə qeyd edə bilərik ki, hər iki ölkənin bir-birini tamamlayan iqtisadiyyata malik olması faktı Uruqvayda Azərbaycanın iqtisadi gücü barədə məlumatsızlığa baxmayaraq,  heç şübhəsiz onlar arasındakı ticari münasibətləri asanlaşdıracaqdır.

Cari ilin ilk aylarında Uruqvay Xarici İşlər Naziri Nin Novoa ilk dəfə olaraq Xəzər dənizi ölkəsinin paytaxtını ziyarət etdi.  Azərbaycanın Xarici İşlər Naziri isə iki dəfə ölkəmizin paytaxtına səfər etmişdir.

İki dövlət arasında hələ yeni yaranan, xüsusən də Azərbaycanın Uruqvaydan dərman idxalı ilə bağlı ticarət əlaqələrinin mövcudluğuna baxmayaraq, ehtimal var ki, Uruqvay bu ölkəyə mal-qara və heyvandarlıq texnologiyalarının satışını da həyata keçirsin.

“Kronikas” oxucularının da bildiyi üzrə hazırda Uruqvay dünyada yeni alıcı bazarları axtarışındadır. Zəngin mineral sərvətlərinə və qida sənayesinə görə, Azərbaycanın da arasında olduğu Mərkəzi Asiya regionu ölkələri, xüsusən də Azərbaycanın qeyd olunan sahələr üzrə tələbatlarını qarşılayaraq onların əsas tədarükçüsünə çevrilə bilər.

Azərbaycanın coğrafi ərazisi Uruqvayın ümumi sahəsinin yarısına bərabər, əhalisi isə Uruqvay sakinlərinin sayından üç dəfə artıq, yəni təxmini doqquz milyondan bir az çoxdur. Uruqvay kimi, Azərbaycan da dövlətin dəstəyi ilə tamamilə sülh şəraitində yaşayan immiqrantlar və müxtəlif etnik qrupların məskən saldığı bir ölkədir.

Azərbaycan yüksək Ümumi Daxili Məhsula malikdir. Dünya ticarətindəki gücünü Təbii Qaz və Neftin geniş miqyaslı istehsalı ilə məşğul olmasına borclu olub, dünyada “qara qızıl”-ın əsas istehsalçılarından biridir.  Həmçinin, o, dəmir filizi və boksit ilə yanaşı əlvan metalların istehsal  və ixracı ilə də məşğul olur.

Azərbaycan Respublikası inkişaf etmiş bir ölkədir və məhz bu səbəbdən bizim yüksək texnoloji keyfiyyəti ilə seçilən ixrac məhsullarımız üçün yaxşı potensiala malik bir bazar hesab olunur.

Nəticə olaraq,  Orta Asiyada, Xəzər dənizi sahillərində yerləşən uzaq bir ölkədən  edilmiş maraqlı bir ziyarət bizə Uruqvay Katolik Universitetində təşkil olunmuş rəsmi konfrans vasitəsilə Azərbaycan və Uruqvay arasında potensial bir ticarət əməkdaşlığının mümkün olmasını nümayiş etdirdi.

 

Etiketlər